“Azərbaycan tərəfi maksimalist şüarlarla çıxış etmədən ən azından keçən əsrin 70-ci illərin xəritələrinə əsaslanaraq, sərhədlərin delimitasiyası ilə məşğuldur. Bununla belə, zaman-zaman məsələni qaldırmaqla Azərbaycan Xalq Cümhuriyyətinin əzəli sərhədlərini bərpa etməliyik”.
Bu sözləri Sfera.az-a açıqlamasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı danışıqlar zamanı Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa SSRİ dövrünün sərhədlərinin əsas götürülməsinə toxunarkən, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
F.Quliyev düşünür ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olduğundan Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesində məhz AXC dövrünün sərhədləri əsas götürülməliidir: “Rusiya Prezidenti Putin vaxtilə bəyan etmişdi ki, bütün dövlətlər SSRİ-yə daxil olduğu sərhədlər çərçivəsində ondan ayrılmalı idilər. Düzdür, Putin bu məsələni Ukraynanın Rusiya ərazisində qalmasını iddia etmək üçün ortaya atmışdı. Amma bu müddəa əsas götürülürsə, o Azərbaycana da aid edilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinin bir hissəsi məhz 1920-ci il işğalından sonra Ermənistana verilib. Belədə iki ölkə arasında sərhədlər qeyri-qanuni olaraq müəyyənləşdirilib”.
Partiya sədri bildirib ki, ola bilər, ideyanı bu gün reallaşdıra bilməyək, amma gələcək üçün onun mütləq şəkildə həyata keçməsi vacib və mümkündür: “Gələcəyə qoyulan siyasi sərmayə kimi bu, ümumi cəhətdən işlənməli, ictimailləşməli və beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır. Haqlı tərəf olaraq ortada olan bütün sənədlərə uyğun davranmağa tam haqqımız var. 1975-ci ilin Helsinki Konvensiyasındakı müddəaya görə, işğala məruz qalan dövlətlər onu işğal edən dövlətlərin məsuliyyətini daşımır. Ona görə vaxtilə Türkmənçay müqaviləsinin qüvvədən düşməsini tanımağımızı tələb etmişdim ki, İrəvan xanlığının taleyini belə ortaya qoya bilək. Bu istiqamətdə ciddi sənəd hazırlamalıyıq”.
araz.az xəbər portalı.