Prezident İlham Əliyevin may ayının 28-də Ağdama etdiyi səfərin Qarabağın gələcəyi ilə bağlı mühüm tarixi kodları var. Əslində Prezidentin Qarabağa etdiyi səfərlər bütövlükdə region üçün tonometr rolunu oynayır. Hazırda İ.Əliyevin addımlarını nəzərə almadan Cənubi Qafqazın “təzyiqini” ölçmək mümkün deyil.
Müharibədən sonra Ermənistan üçün tamamilə fərqli reallıqlar yarandı, məğlub dövlət müharibə bitəndən bu günə qədər ( 7 ay ərzində) özünü toparlaya bilməyib. Hazırda Ermənistan siyasi intriqaların dağıdıcı poliqonuna çevrilib və mənzərə belədir: siyasi təlatümlər, sosial partlayış, kütləvi iğtişaşlar və s. Artıq vahid idarəçilik “rul”unun tam iflic olması işğalçı dövlətin mövcudluğunu da böyük sual altına alıb. İlham Əliyev isə özünün sistemli fəaliyyətini davam etdirir, o, Qarabağın azad edilməsindən sonra bütün nəzərləri Qarabağa fokuslandıra bilib və milli resurslar Qarabağın intibahına yönəlib. Onun Ağdam səfərindən sonra Ermənistan siyasi elitası tamamilə affekt vəziyyətinə düşdü, erməni xalqını aldatmaq üçün səsləndirilən revanşist bəyanatların da heç bir effekt verməyəcəyini anladılar.
Paşinyan “uduzan Ermənistanla fəxr etdiyini” bildirir. Bu, suda boğularkən saman çöpündən yapışmaq cəhdindən başqa bir şey deyil. Koçaryan-Sarqisyan isə ictimai təşkilatlar vasitəsilə “qisas alacaqlarını” bəyan edir. Bu isə, uçurumun kənarında olan Ermənistanı birdəfəlik dərənini dibinə yuvarlamaqdır.
İlham Əliyevin Ağdam səfəri Ermənistanı bu suallar ətrafında düşünməyə vadar etməlidir:
– Rusiya Ermənistan üçün nə deməkdir?
– Türkiyə Azərbaycan üçün nə deməkdir?
– Ermənistan gecikmədən sülh müqaviləsinə imza atmalıdır, əks halda onları nə gözləyir?
– Özlərinin “Qarabağ klanı” adlandıran revanşist erməni siyasətçilər Ermənistanın inkişafı üçün iqtsiadi layihələrdən niyə danışa bilmir?
– Rusiyanın prorektoratı kimi Ermənistan bu dəfə, həm də Qərbdə təxribatçı dövlətlərin vassalına çevrilib və beləliklə, Ermənistan özünün “oyuncaq dövlət” statusunu möhkəmləndirməkdədir.
– Ermənistan müstəqil dövlət kimi mövcudluğunu itirməkdədir. Ölkənin bütün hüquqi təsisatları, siyasi dairələri, yüksək rütbəli hərbçiləri, xüsusi xidmət orqanları digər dövlətlərin təsiri altındadır.
– Ermənistan 44 günlük müharibənin fəsadlarını aradan qaldıra bilmir, təkcə bu gün 200 nəfər erməni hərbçisinin cəsədi valideynlərinə təhvil verilib. Cəsədlər soyuducuda saxlanılırmış. Ermənistan rəhbərliyinin “vaxt udmaq” taktikası nəticə vemir, müharibədə verdiyi itkilərin sayını gizlədə bilmir və bu, Ermənistanda xalqın kütləvi narazılıqlarını daha da artırır.
– Ermənistanın qisasçı və işğlaçı mövqeyi onu növbəti dəfə regional layihələrdən kənarda saxlayacaq. Bu, təcrid olunmuş Ermənistanın növbəti mərhələdə tamamilə məhvinə gətirib çıxaracaq.
Ermənistan İlham Əliyevin Ağdam səfərindən niyə narahatdır?
Birincisi, Prezidentin Qarabağa mütəmadi səfərləri Azərbaycanın öz torpaqlarının qorunması uğrunda monolit mövqeyinin göstəricisidir. Şərtlərimizə əməl etməyincə, ermənilərə heç bir güzəştdən söhbət gedə bilməz: Qarabağ dirçəlməlidir, ermənilər Qarabağa olan iddialarından əl çəkməlidirlər.
İkincisi, Prezidentin Ağdama səfəri sosial şəbəkələrin Ermənistan seqmentində Paşinyanın çıxışlarından daha çox izlənildi. Erməni xalqı bir tərəfdə güclənən Azərbaycanı, digər tərəfdə isə günbəgün tükənən Ermənistanı görür.
Üçüncüsü, Ağdam yenidən qurulur. Ağdam “ölü zona”dan sənaye şəhərinə çevriləcək. Paralel olaraq erməni vandalizmi də dünyaya nümayiş olunur.
Dördüncüsü, mühüm strateji əhəmiyyətə malik olan Ağdamın bərpası azərbaycanlıların bundan sonra öz torpaqlarında əbədi və təhlükəsiz yaşam hüququ əldə etməsidir.
Bəs İlham Əliyev Ağdama səfəri zamanı nələr etdi?
– Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində oldu. Bu, Qarabağda azərbaycanlıların yenidən öz hakimiyyətlərini quracağının mesajıdır.
– Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak etdi. Deməli, Ağdam “yaşıl şəhər” kimi bərpa olunacaq.
– Ağdam Sənaye Parkının təməlqoyma mərasimində də iştirak etdi. Bu o deməkdir ki, dağıdılmış Ağdam böyük sənaye və istehsal şəhərinə çevriləcək.
– Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etdi. Azərbaycanlıların Ağdama köçmə prosesi ən sərfəli şərtlərlə və milli konsepsiya əsasında həyata keçiriləcək.
– Şahbulaq qalasında oldu və dövlət başçısına abidənin yenidənqurma planı təqdim edildi. Deməli, Ağdamda müasirliklə tarixiliyin vəhdəti öz əksini tapacaq.
– Qiyaslı məscidində olub. Bərpa edilən bütün məscidlər beynəlxalq qurumların xüsusi nəzarət zonasına çevriləcək. Artıq proses çoxdan başlayıb.
Və bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarına olan iddialarını tamamilə tarixə basdırmış olacaq. Ermənistanın isə bircə yolu var: qisasçı mövqeyindən əl çəkməli, sosial layihələr başlamalı, Azərbaycanla sülh müqaviləsinə imza atmalı, regioanl layihələrdə iştirakçılıq hüququ əldə etməlidir. Əks halda, Ermənistanın xilası mümkün olmayacaq.
Samir FEYRUZOV
Azsiyasət.com
araz.az xəbər portalı.