425206599

Xəzər rayonu Binə qəsəbəsində, Hövsan Südçülük Sovxozu adlanan ərazidə 1000-dən çox ailə 20 ildir ki, susuzluqdan əziyyət çəkir.

Ərazidə yaşayan əhalinin şirin su ilə təminatı yoxdur və müvafiq müraciətlərə baxmayaraq problem öz həllini tapmayıb.
“Quyudan vurduğumuz su ilə təminatımızı qismən həyata keçiririk və bu su duzlu olduğundan ondan istifadə etməkdə məhdudiyyətlər yaranır. Burada uzun illərdir ki, ümumiyyətlə şirin su xətti yoxdur. Su xəttinin çəkilməsi ilə bağlı müraciətlərimizə isə rəsmi cavab verilməyib. Biz məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etmişik və onlar yaşadığımız ərazini müəyyənləşdirib həmin əraziyə su xəttinin çəkiləcəyini bildirmişdilər”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı  araz.az-a bildirib ki, əraziyə su xəttinin çəkilməsi dövlət investisiyaları hesabına mərhələrlə həyata keçirilir:

“Hövsan qəsəbəsinin Kənd Hövsan adlanan Südçülük Sovxozu ərazisində mərkəzləşdirilmiş içməli su şəbəkələri qurulmayıb. İnsanlar burada daşıma sulardan və ya quyu sularından istifadə edirlər. Lakin bu, bizim baş planda nəzərdə tutulub. Gələcəkdə Abşeron yarımadasının bütün yaşayış massivlərində və qəsəbələrdə bu sistemlərin qurulması həyata keçiriləcək”.

 

 

araz.az

araz.az xəbər portalı.