“Əgər Fransanın erməni sevgisi bu qədər çoxdursa və ədalətsiz mövqe sərgiləyirsə, o zaman ATƏT-in Minks Qrupu həmsədrliyindən çıxsın və daha sonra açıq şəkildə Ermənistanın müdafiəsində dursun, rəğbətini ifadə etsin. Amma həmsədr dövlət kimi bu, mümkün deyil”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun bu davranışı ümumilikdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi məsələsini son dərəcə aktuallaşdırır: “Bildiyimiz kimi, Fransa Respublikası ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. Həmsədrlik institutunun əsas tələbi isə odur ki, vasitəçi dövlət obyektiv, tərəfsiz və neytral olmalı, yalnız beynəlxalq hüquqa əsaslanaraq, münaqişənin tənzimlənməsi funksiyasını həyata keçirməlidir. Lakin biz həm II Qarabağ savaşı zamanı, həm də ondan sonrakı dövrdə Fransanın, xüsusilə onun ali siyasi rəhbərliyinin, daha konkret desək, Emmanuel Makronun necə ermənipərəst mövqe sərgilədiyinin şahidi olduq. Hətta təsəvvür edin ki, Makron ermənilərə sevgisini bildirərkən o qədər vəcdə gəlir ki, ermənipərəst statuslarını fransız dilində deyil, erməni dilində paylaşır. Bu, hesab edirəm ki, dünya praktikasında nadir hadisələrdəndir. Başqa dövlətin lideri nə qədər ermənipərəst ola ki, öz dilini kənara qoyub sevgisini erməni dilində ifadə edə?! Əminliklə deyirəm ki, əgər Beşinci Fransa Respublikasının banisi Şarl de Qoll kimi böyük şəxsiyyət bu gün Makronun onun Fransa xalqını əmanət etdiyi Respublikanın başına nə oyun açdığını, reytinqini bütün dünyada necə aşağı saldığını görsəydi, yəqin ki, yenidən bu dünyadan köçüb öz dünyasına qayıdardı. Düşündürücü haldır ki, Makron bu gün ermənidən daha çox erməni olmaq istəyir. Hesab edirəm ki, sabah Makronun Ermənistan vətəndaşlığını qəbul etdiyini eşitsək, təəccüblənməməliyik. Əgər Fransanın erməni sevgisi bu qədər çoxdursa və ədalətsiz mövqe sərgiləyirsə, o zaman Minks Qrupu həmsədrliyindən çıxsın, bu qurumda fəaliyyətinə xitam verilsin və daha sonra açıq şəkildə Ermənistanın müdafiəsində dursun, rəğbətini ifadə etsin. Amma həmsədr dövlət kimi bu, mümkün deyil”.
Emmanuel Makronun guya Azərbaycanda saxlanılan “hərbi əsir”lərlə bağlı fikirlərinə münasibət bildirən Elman Nəsirov qeyd edib ki, saxlanılan erməni əsilli şəxslər 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasından sonda terrorçu davranışlara yol vermiş diversantlardır: “Deməli, Makron Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edərək onunla birgə mətbuat konfransı keçirir və beynəlxalq ictimaiyyətin gözünə kül üfürərək bildirir ki, Azərbaycanda erməni əsrlər saxlanılır və onlar geri qaytarılmalıdır. Lakin ölkəmizdə hazırda erməni əsir yoxdur. Doğrudur, bir ordunun 10 mindən çox fərarisi olduğunu nəzərə alsaq, onların əsirlərinin də çox olduğunu təsdiqləmiş olarıq. Bəli, bizdə çoxlu əsirlər və 1600-ə qədər erməni əsgərinin meyiti olub, amma hamısını geri qaytarmışıq. Hazırda Azərbaycanda saxlanılan erməni əsilli şəxslər isə hərbi əsirlər deyil, diversantdırlar. Qısacası, ölkəmizdə hərbi əsir yoxdur!”
Deputat həmçinin Fransa Prezidentinin Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliklə bağlı səsləndirdiyi fikirlərinə də münasibət bildirib: “Bundan başqa, Makron məsələ qaldırır ki, Azərbaycan Silahlı Qüvvələri 11 may tarixindəki sərhədlərinə qayıtmalıdırlar. Guya ordumuz mayın 12-də Ermənistan ərazisinə müdaxilə edib. Həqiqəti bu qədər saxtalaşdırmaq, yalanlar, iftiralar yaymaq yolverilməzdir. Avropa İttifaqının lokomotiv dövlətlərindən biri sayılan Fransada belə davranışların segilənməsi ikiqat qəbuledilməzdir. Həmçinin bu, Avropa demokratiyasının böhranıdır ki, lokomotiv dövlətlərdən biri bu cür yalan bəyanatlarla çıxış edir”.
Nəzrin CAVİD
araz.az xəbər portalı.