Əziz Rzazadə
***
Bir neçə gündür ki, ötən əsrin əvvəlində, çar Rusiyasında nəşr olunmuş qəzetləri vərəqləyirəm. İmperiyanın bütün künc-bucaqları arasında Qafqazda baş verən hadisələr barədə məlumatlar marağımın əsas hədəfidir. Qərara gəldim ki, seçmələri oxucuları ilə paylaşım.
“Telefon” (Peterburq)
11 aprel 1906
BAKI. Şəhərin mərkəzində, günün günorta çağı “Browning” ilə silahlanmış bir quldur dəstəsi Levinsonun mətbəəsinə soxulub, ölüm hədəsi ilə 20 pud ağırlığında olan bir çap maşını binadan çıxarılıb, arabaya yüklənib və səssizcə aparılıb.
“Moskovski Listok” (Moskva)
21 aprel 1906
BAKI. Bu gün tamamilə təsadüfən Salyan alayının sursat anbarının altında nəhəng bir lağım aşkar edilib. Anbarda Bakıda yerləşdirilən bütün qoşunlar üçün 1 milyon ədəd güllə saxlanılır. Qazıntı erməni Davidyantsın evindən, üç erməni kirayəçinin qaldığı zirzəmidən başlayır. Tunelin uzunluğu təxminən 100 sajendir.
“Zabaikalskie Oblastnıye Vedomosti” (Çita)
23 aprel 1906
BAKI. Düşmənçilik edən xalq kütləsini maarifləndirmək və sakitləşdirmək məqsədi ilə burada bir sülh liqası təşkil edilib. Bu günlərdə liqa erməni-müsəlman gündəlik qəzetini nəşr etməyə başlayacaq.
“Novoye Vremya” (Sankt-Peterburq)
13 may 1906
BAKI. Bu gün, təxminən səhər saat 9-da, Kolyubakinskaya və Bazarnaya küçələrinin kəsişməsində mübahisə edən qəssablarla müsəlmanlar arasında şiddətli atışma baş verib. Bütün mağazalar bir anda bağlanıb. İnsanlar müxtəlif istiqamətlərə səpələnib, başlayan talan haqqında şayiələr yayıblar. Bir qəssab və bir rus qadın yaralanıb. Hadisə yerinə gəlməkdə gecikmiş polis və kazaklar heç kimi saxlamayıblar.
“Russkoye Slovo” (Moskva)
15 may 1906
BAKI. Balıqçılıq rayonunun işçiləri 1 May bayramını qeyd ediblər. Bütün mağazalar, dükanlar və bazarlar fəaliyyət göstərib. Heç bir toqquşma olmayıb. Administrasiya nümayiş və toplantıları qadağan edib.
“Peterburqski Listok” (Sankt-Peterburq)
17 may 1906
BAKI. Dünən şəhərin mərkəzində, Molokanskaya küçəsində 2 naməlum erməni arasında gözlənilməz atışma başlayıb və onlardan birinin ağır yaralanması ilə nəticələnib. Əhali çox təşvişə düşüb. Hadisə yerinə bitişik küçələr insanlarla dolu olub. Xoşbəxtlikdən heç bir fəsad baş verməyib və bir neçə saatdan sonra ara sakitləşib.
Şayiələrə görə, atışma Xalq Azadlığı Partiyasına yaxın olan Danşnaktsutyun Partiyası üzvləri ilə sosial inqilabçıların proqramına yaxın olan “hnçak”çılar arasında baş verib.
“Novoye Vremya”
22 may 1906
BAKI. Mayın 6-da, gündüz saat 1-də, maaşlar paylanmazdan 1 saat əvvəl 5 silahlı şəxs Xəzər maşınqayırma zavodunun idarəsinə soxulub. Qarətçilər tavana atəş açaraq, kassiri və digər şəxsləri binanı tərk etməyə məcbur edib və 16.724 rublu ələ keçirərək qaçmağa çalışıblar, ancaq 600-ə yaxın işçi həyətə çıxaraq onların təqibinə başlayıb.
Quldurlar izləyicilərini atəşə tutublar. Onlardan biri öldürülüb, ikisi yaralanıb, digər ikisi yaralanmadan polis tərəfindən saxlanılıb. Pul geri alınıb; təxminən 1000 rubl əskik gəlib.
“Russkoye Slovo”
23 may 1906
BAKI. Dünən həbsdən çıxan fərqli müsəlman partiyalarına mənsub 2 şəxs şəhərin mərkəzində atışmaya başlayaraq geniş çaxnaşma doğurub. Hər ikisi öldürülüb.
“Reç” (Sankt-Peterburq)
23 may 1906
Bakıda Dövlət Dumasına kadetlərin namizədi Stepan Stratonikoviç Yakovlev qatillərin qurbanı olub. <…>
Əqidəcə S.S. kadetlərin sol qanadına mənsub idi və bu partiyanın Bakı şəhərindən Dumaya namizədi olaraq irəli sürülərkən, “çernosoten” (qaragüruhçu rus millətçiləri – Ə.R.) namizədlərinə elə böyük bir rəqibi idi ki, onu “aradan qaldırmağa” qərar veriblər.
Orada, Bakıda bu asan bir işdir: insan həyatının dəyəri – muzdlu qətlin qiyməti cəmi 5 rubldur. Bakıda muzdlu qatillərin təsisatı var, bu, Kuzminskinin senator təftişində də sübut edildiyi kimi, polislə əlbir cəmiyyətdir və polis onu himayə edir… Orada qatillər heç vaxt axtarışa verilmir…
“Novoye Vremya”
6 iyun 1906
TİFLİS. Quba yaxınlığında şahzadə Vladimir Bebutov quldurlar tərəfindən tutulub. Soyğunçular 3 gün ərzində 9000 rubl fidyə verilməsini tələb ediblər. Dünən şahzadənin qohumları buradan pul göndəriblər. Bu gün bir teleqram alınıb, soyğunçular Tiflisdə yolu gözlənilən qardaşoğlunu artıq sərbəst buraxıblar.
“Russkoye Slovo”
22 iyun 1906
Axşam saat 5-də Qubernskaya küçəsində 3 atəş açılıb və bütün mağazalar dərhal qapadılıb. Təxribatçılar “ermənilər tatarları qırırlar”, – deyə qışqıraraq küçələri dolaşıblar.
Sosial demokratlar müdaxilə edərək əhalini sakitləşdirə bilib. Sonradan məlum olub ki, Kasabov mətbəəsinin yığıcısı şəxsi qərəzinə görə idarə müdiri Abramovskiyə atəş açıb. Abramovski öldürülüb.
“Russki Qolos”
11 iyul 1906
İRƏVAN. Erməni əhalisi tatarların əhatəsində olan qubernator qraf Tizenqauzenin hərəkətlərindən narazılığını açıq şəkildə bildirir, çünki o, rəsmi hesabatlarında son toqquşmalara görə ermənilərin məsuliyyət daşıdığını açıqlayır.
“Birjevıye Vedomosti”
8 avqust 1906
YELİSAVETPOL. Şuşada qırğın dayanıb. Döyüşən tərəflər arasında sülh bağlanılıb və tərəflər onu pozmamaq barədə ciddi vəd veriblər. Teleqraf bərpa edilib.
araz.az
araz.az xəbər portalı.