Bir neçə il əvvəl Hesablama Palatasının “Aqrolizinq” ASC-nin fəaliyyəti ilə bağlı açıqladığı faktlar xeyli müddət müzakirə edilmişdir.
Hesabatda “Aqrolizinq” ASC-nə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində aşkar olunan neqativ hallar göstərilirdi. Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilmişdir.
Həmin hesabatda bildirlir ki: “Auditlə əhatə olunan dövrün sonuna kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə mineral gübrə satışı üzrə böyük məbləğdə debitor borcu mövcud olub. ASC-nin 01 yanvar 2014-cü il tarixə tabeliyində olan bəzi aqroservis və loqistika bazalarının anbarlarında 5 adda mineral gübrə qalığı qalıb, maddi məsul şəxsin öhdəsində azot, nitroammofoska superfosfat gübrəsi və kalsium sulfat gübrəsi çatışmazlığı, gübrə satışından qəbzlərlə alınan vəsaitin kassaya mədaxil edilməsinə rəğmən quruma köçürülmədiyi və kassada gübrə satışından daxil olan nağd pul çatışmazlığı aşkar edilib”.
“Qafqaz Xəbər” qəzeti bildirir ki, yerli mətbuatda “Aqrolizinq” ASC-nin Tovuz filialında mövcud olan çoxsaylı nöqsanların olması, fermerlərin problemlərlə üzləşməsi haqda çoxsaylı yazılar dərc olunub. “Rayon sakininin sözlərinə görə, dövlət xəttilə filiala ayrılan gübrələrin fermerlərə çatdırılmasında ciddi nöqsanlar var. Buna da səbəbkar “Aqrolizinq”in Tovuz rayon filialının müdiri Vidadi Əkbərovdur. O, rayonda kənd təsərrüfatı sektorunun inkişafına qətiyyən çalışmır, daha çox öz maraqlarını güdür. “Aqrolizinq”in Tovuz rayon filialının illik dövriyyəsi təxminən 50-60 min manat arasında dəyişir, amma əldə olunan gəlirin hara getdiyi məlum deyil.”, – Vidadi Əkbərov haqda çoxsaylı yazıların birində bildirilir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov da “Aqrolizinq” ASC-nin fəaliyyətinə həsr olunan toplantıda kəskin tənqidlər səsləndirmişdir. Nazir xüsusilə gübrələrin satışında nöqsanların olmasına diqqəti çəkib.
Lakin bütün bunlara rəğmən, “Aqrolizinq” ASC-nin Tovuz filialında özbaşınalıq halları davam edir. Görünür, filialın müdiri Vidadi Əkbərov neçə müddət keçməsinə baxmayaraq, hələ də nazirin tənqidlərindən nəticə çıxarmayıb.
Belə ki, bu yaxınlarda redaksiyamıza Tovuz fermerləri tərəfindən filialın müdiri Vidadi Əkbərov barəsində şikayət xarakterli müraciət daxil olub.
Müraciətdə bildirilir ki, 2007-ci ildən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatının subsidiyalaşdırması siyasəti həyata keçirilir: “Prezident İlham Əliyevin əkinçilərin, fermerlərin qayğısına qalmasına bariz nümunə kimi onun gübrə ilə bağlı verdiyi sərəncama göz yetirmək kifayətdir. Qeyd edək ki, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır.
Ancaq buna baxmayaraq “Aqrolizinq” ASC-nin Tovuz rayon filialının müdiri Vidadi Əkbərov əkinçilər üçün verilən gübrələri baha qiymətə yerli alverçilərə satır. Son nəticədə isə Vidadi Əkbərov varlanır, əkinçilər isə gübrəni baha qiymətə yerli alverçilərdən almaq məcburiyyətində qalırlar. Halbuki bu gübrələr dövlət tərəfindən məhz onlar üçün ayrılır.
Bəs Vidadi Əkbərov buna necə nail ola bilir?
Məsələ bundadır ki, Vidadi Əkbərov saxta yola əl atarkən özündən savayı bu korrupsiya cinayətinə yerli icra nümayəndələrini də cəlb edib.
Belə ki, V.Əkbərov icra nümayəndələrindən, bələdiyyələrdən hektarlarla torpaq sahəsinin sənədini əldə edir, həmin torpaqlar əsasında “Aqrolizinq”dən gübrə alır.
Misal üçün, 1 hektar torpaq sahəsi üçün əkinçiyə 142 kq nitroamafos, 180 kq azot adlı gübrə verilməlidir. Hektarlarla torpağın sənədləri V.Əkbərov tərəfindən “Aqrolizinq”ə təqdim edilərək gübrə alınır və elə onun özü tərəfindən də dediyimiz kimi yerli dəllalara satılır.
Vidadi Əkbərov dövlət qiyməti 12 manat olan nitroamafos adlı gübrənin bir kisəsini (50 kq) 25 manata, dövlət qiyməti 9 manat olan azot gübrəsini 18 manata alverçilərə satır. Əkinçiliklə məşğul olan fermerlər V.Əkbərova gübrə almaq üçün müraciət edəndə isə, o bildirir ki, “artıq gübrə qalmayıb, hamısı əkinçilərə paylanıb”. Nəticədə əsil əkinçilər məcbur olub yerli alverçilərdən nitroamafos gübrəsini 30 manata, azot gübrəsini isə 22 manata alırlar.
V.Əkbərovun “Aqrolizinq”ə keçən ildən 56 min manat borcu qalıb. Ondan pulun hesabatı istəniləndə o, guya bu borcdan xəbərinin olmadığını, həmin məbləğin onun mühasibi Eldar adlı şəxs tərəfindən mənimsənildiyini söyləyib. Sonda isə o, “Aqrolizinq”in sədrindən keçən ildən qalan 56 min borcunu dövlətə qaytara bilməsi üçün vəzifədə bir il də qalmasını xahiş edib. Amma dövlətə borcunu ödəyə bilməməsinə rəğmən etdiyi maxinasiyalar və dövlət pulunu mənimsəməsi hesabına V.Əkbərov oğluna “888” dövlət nömrə nişanı olan, 70 min manat qiymətinə “Hyundai” markalı avtomobil alıb.”
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən münasibət öyrənmək üçün “Qafqaz Xəbər” qəzeti olaraq biz nazirliyin “Çağrı mərkəzi”nə (1652) zəng etdik. “Çağrı mərkəzi”nin təmsilçisi İsmayıl Sərdarlı bizim, fermerlərin V.Əkbərov haqda şikayətinə diqqətlə qulaq asdı, deyilənlərin qeydə alındığını və onlar üçün vacib olduğunu bildirdi, amma məsləhət gördü ki, nazirliyin ictimaiyyətlə və mətbuatla əlaqələr sektorunun müdiri Murtuzəli Hacıyev ilə məsləhətləşək, sonra isə onlar bu istiqamətdə lazımi addımlar atacaqlar.
Bundan sonra “Qafqaz Xəbər” qəzeti olaraq Murtuzəli Hacıyevlə əlaqə saxladıq və ona vətəndaşların şikayətini eynilə çatdırdıq.
Murtuzəli Hacıyev müraciətə qulaq asar-asmaz, “siz” əvəzinə “sən”lə cavab verdi ki: “Bir de görüm kimdi o şikayət edən?”
Biz bildirəndə ki, şikayətçilər adlarının hələ çəkilməməsini xahiş ediblər və biz istəmirik onlar incidilsin, Murtuzəli Hacıyev dedi ki, belə şey olmur:”Bilirsən, biz məsələni araşdırmaq üçün şikayətçini tanımalıyıq. Fermerləri kim incidə bilər ki? Biz fermerlərə xidmət edirik, sən fermerləri bizdən çox istəməyəcəksən ki? Elektron qaydada göndər bizə, müraciətini, biz də göndərək “Aqrolizinq”ə. O da araşdırsın. cavabını göndərək sənə. Narahat olma, gün ərzində yerində araşdırılıb cavab veriləcək”. Sonda o yenə israrala həmin şikayətçinin kim olmasını soruşdu və bunu onunla əsaslandırdı ki: “Vətəndaş ərizə yazanda altında adını da yazır, gedirsən yerində araşdırırsan, vətəndaşı da dinləyirsən, qarşı tərəfi də, görürsən ki, deyilənlər nə dərəcədə həqiqətə uyğundur. Bəlkə sən özündən danışırsan…”
Biz də cavabında bildirdik ki, şikayət edən tək bir adam deyil, Vidadi Əkbərovun fəaliyyətindən çoxsaylı vətəndaşlar şikayətçidir. Bundan başqa, biz vətəndaşların konkret şikayəti əsasında araşdırma aparırıq, hətta Tovuz rayonuna ezam olunaraq məsələnin şikayətçilərin dediyi kimi həqiqətə uyğun olmasını da müəyyən etmişik.
Bundan başqa, yazı dərcə hazırlanarkən Tovuzda gübrə problemi ilə qarşılaşan fermerlərdən biri “Qafqaz Xəbər” qəzetinə bildirdi ki, Vidadi Əkbərov ona da gübrəni dövlət qitmətindən baha satır: “Dövlət qiyməti 12 manat (kisəsi) olan gübrəni mənə 14-15 manata deyir. Keçən il rəsmi sənədlərlə də müraciət etmişdim, amma yenə də mənə baha verildi. Vidadi Əkbərov indi də deyir ki, sənədlə gübrə 14 manatdır, sənədsiz 18 manat. Tək mənim üçün bu 20 min manat fərq deməkdir. Bir sezona isə “Aqrolizinq”in Tovuz rayon filialında bu fərq ümumən 3-4 milyon edir. 12 manata olan gübrə 15 manata satılanda, 1200 gübrə kisəsində 3 manat fərq 3600 manat edir. Qeyri-qanuni çox böyük rəqəmlər dövr edir “Aqrolizinq”in Tovuz rayon filialında. Söhbət heç də mətbuatda qeyd edildiyi kimi 50-60 min manatdan getmir.
Məsələn, hal-hazırda filiala 14-15 vaqon gübrə gəlib, hər vaqonda da 68 ton. Bir vaqonda 1360 kisə gübrə olur ki, bir kisədəki fərqi hesablasaq, bu bir vaqondan minimum 5-6 min manat qazanc götürülməsi deməkdir. Son zamanlar dalbadal 16-17 vaqon azot gübrəsi gəlib. Hər gübrədən çox vaxt 20 vaqon gəlir. Bir gübrə növündən orta hesabla 150-200 min pul götürülür ki, 7-8 cürə gübrə gələndə bu çox böyük rəqəm – 1 milyon yarım manat pul edir. İndi siz təsəvvür edin bu filialda qanunsuz olaraq nə qədər böyük məbləğlər dövr edir.”
Qeyd edək ki, biz aprelin 6-da Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlayanda o bildirmişdir ki, dediklərimiz nazirliyin “Çağrı mərkəzi”ndə (1652) qeydə alınıb və nazirlik də məsələni araşdırıb gün ərzində bizə cavab verəcək. Ancaq təəsüflər olsun ki, müraciətimizdən artıq 3 gün keçməsinə baxmayaraq Kənd Təsərrüfatı Nazirliyindən bizə heç bir cavab gəlməyib…
Sənan Məmmədli
“Qafqaz Xəbər” qəzeti
araz.az xəbər portalı.