20191218 142831

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin gözlənilən Putin və Bayden görüşü barədə verdiyi açıqlama, daha doğrusu, onun “Putin və Bayden dünyanı böləcəklər” ifadəsi, müasir dövr üçün, xəstə təfəkkürün təzahürü kimi qiymətləndirilməlidir. Kremlin danışan dili kimi özünü təsdiqləyən Jirinovskinin bu dedikləri, əsl həqiqətdə, ABŞ və Rusiya prezidentlərinin müzakirə edəcək əsas mövzunu kölgədə qoymaq və hədəfi rəngləmək məqsədi daşıyır. Çünki hər iki dövlətin, onların rəhbərlərinin hədəfi, indi, məhz Çindir. Və sözsüz ki, bu görüşün əsas hissəsi də, elə, Çin mövzusunun müzakirəsi üzərində qurulacaq.
Əvvəla, onu qeyd edim ki, publik siyasətin ən azı 3-dən çox sifəti var: Birincisi, daxili auditoriyaya hesablanmış açıqlama, ikincisi, qarşı tərəf üçün acılama və üçüncüsü, beynəlxalq ictimaiyyət üçün açıqlama. Jirinovskinin “Putin və Bayden dünyanı böləcək” ifadələri, məhz, üçüncü kateqoriyaya aid açıqlamadır. Və təbii ki, bu zaman da, Rusiyanı dünya hegemonu kimi təqdim etmək, bununla xof yaratmaq isə, bu görüşün əsl məqsədini gizlətmək məqsədi güdür.
Sözsüz ki, son dövrlərdə beynəlxalq arenada baş vermiş bəzi proseslər, ABŞ və Rusiya üçün hədəfin Çin olduğunu göstərir. Daha doğrusu, Çin və İran arasında 25 illik müddətə imzalanmış razılaşma, Rusiyanı və ABŞ-ı belə bir sövdələşməyə məcbur edib. Təcrid olunmuş və barəsində sanksiyalar tətbiq edilmiş İranın Çinlə əlaqəsi, çoxdandır ki, ABŞ-ı xarici siyasətində müəyyən dəyişikliklərə məcbur edir. İlk öncə, İranın daha ucuz enerji daşıyıcıları, dünya iqtisadi nəhənginə çevrilən Çin üçün daha sıçrayışlı inkişafa imkan yaradır. İran üçünsə, sanksiyalar əhatəsində Çinlə əldə etdiyi bu razılaşma, sözün əsl mənasında, göydəndüşmədir, Üstəlik, bütün bunlar, Çinin İran üçün əhəmiyyətini kəskin şəkildə artırmış olur. Əgər fikir versək, açıq-aydın görərik ki, İran və Çin arasındakı 25 illik razılaşmadan sonra, ABŞ İrana qarşı siyasətində bəzi yumşalmalar etdi və hətta, bu ilin martından İrandan neft almağa başladı. Əslində isə, 1991-ci ildən ABŞ İrandan neft almağı dayandırmışdı. Sonuncu dəfə — 2019-cu ildə isə, ABŞ İrandan neft idxal edən Çin şirkətlərinə əlavə sanksiyalar da tətbiq etmişdi.
Əlavə olaraq, onu da qeyd edim ki, Çinin xarici ticarət əlaqələrində əsas istifadə etdiyi pul vahidi, özünün milli valyutası olan yuandır və son statistik məlumata görə, Çin yuanı, artıq, dünya valyutası kimi, ABŞ dollarını üstələmək üzrədir. Çin, faktiki olaraq, “iqtisadi işğal” formulu ilə dünya iqtisadiyyatını udur və təbii ki, bunun, əvvəl-axır, mütləq şəkildə, səs-küylü bir siyasi nəticəsi olacaq.
Yüksək templə inkişaf edən, əhalisi və iqtisadiyyatı üçünsə, açıq-aşkar göründüyü kimi, daha geniş ərazilərə zəruri ehtiyac duyan Çin, təbii ki, ilk növbədə, ucsuz-bucaqsız boş ərazilərə malik olan Rusiya üçün təhlükədir. Əvvəlki rəy və şərhlərimdə də, xüsusi olaraq onu vurğulamışam ki, Rusiya dövləti və onun suverenliyi üçün real təhlükə yaradan da, elə, Çin dövlətidir. Bununla bağlı, ortadakı hədsiz maraq doğuran real faktlardan biri də elə odur ki, artıq Çin Rusiyanın ucsuz-bucaqsız Uzaq Şərqini və Sibirini “sülh ekspansiyası” ilə nəzarətə götürüb. Və təbii ki, bu barədə indiyədək deyilənlər Rusiyanı hədsiz dərəcədə narahat etməyə bilməz.
Deyilənlərin məntiqi nəticəsi olaraq, sonda bir daha tam əminliklə demək olar ki, Putin və Bayden görüşünün əsas mövzusu da, bu səbəbdən, Rusiya və ABŞ-ın Çinə qarşı mümkün ola biləcək birgə hərəkətlərinin müzakirəsi üzərində qurulacaq. Sözsüz ki, bu görüşdə, Yaxın Şərqə, Ukraynaya və Qafqaza aid ciddi problemlər, eləcə də olduqca vacib bir sıra digər regional məsələlər də müzakirə edilə bilər. Lakin bu görüşdə əsas müzakirə, ABŞ-ın və Rusiyanın Çinin “iqtisadi işğal” və “sülh ekspansiyası”na qarşı birgə tədbirlərinin tətbiqi və koordinasiyası üzərində qurulacaq. O ki qaldı Jirinovskinin məlum ifadəsinə, bəli, dünya nəinki 2-dən böyükdür, hətta BMT TŞ-nin üzvləri olan beşlikdən belə daha böyükdür və faktiki olaraq, Türkiyə, Pakistan, İsrail, Hindistan… kimi güclərinin də öz maraq dairələri var; Hansı ki, bu, artıq, heç mübahisələndirilmir də!..

Vüqar DADAŞOV,
Hüquqşünas, Qarabağ qazisi MCP SŞ-nin üzvü.

araz.az xəbər portalı.