Prezident İlham Əliyevin sədrliyi keçirilən Nazirlər Kabinetinin son toplantısında sərhəd-keçid məntəqələrində baş verən qanun pozuntuları və rüşvətxorluq halları geniş müzakirə olunub.
Prezident bildirib ki, vizaların ləğv olunmasına baxmayaraq hava limanında turistlərə qarşı özbaşnalıqlar həyata keçirilir: “Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.
“Qafqaz Xəbər” qəzeti XəzərNews.az-a istinadən bildirir ki, hava limanlarında, sərhəd-keçid məntəqlərində vətəndaşların yoxlanılması prosesini Dövlət Sərhəd Xidmətinin əməkdaşları həyata keçirir. Bütün bu biabırçılıqları da həyata keçirən DSX-nın əməkdaşları olub. DSX rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qurum əməkdaşlarının yol verdiyi nöqsanların müşavirədə məhz Prezidentin dilindən səsləndirilməsi onun seçkidən sonra vəzifədən uzaqlaşdırılacağına işarədir. Hər halda ölkənin birinci şəxsinin seçkilərə iki gün qalmış belə bir problemin mövcudluğunu dilə gətirməsi təsadüfi ola bilməz. Demək ki, bıçaq sümüyə dirənib. Ölkəyə gələn və ya ölkədən gedən vətəndaşlarımız da hava və quru sərhədlərdə baş verən özbaşnalıqlardan, xüsusən də əsassız gözləmələrdən narazıdırlar. Sərhəd-keçid məntəqələrində bir neçə buraxılış pəncərələrinin olmasına baxmayaraq onlardan sadəcə 2-3-ü işləyir, digərləri isə “istirahətdə” olur. Belə hallar da həm yerli, həm də xarici vətəndaşların haqlı narazılıqlarına səbəb olur.
Xatırladaq ki, ötən aylarda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da əməliyyat keçirərək bir neçə DSX əməkdaşını həbs etmişdi. Konkret olaraq, 2018-ci il yanvarın 26-da keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.
Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.
Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.
araz.az xəbər portalı.