Publika.az-ın müsahibi Azərbaycan əsilli gənc aktivist, dünyanın nüfuzlu jurnallarından olan “Forbes”in siyahısına düşən ən gənc lider Siyavuş Derextidir.
– Barak Obama kimi nəhəng liderin sevgisini qazanmış Siyavuş Derexti kimdir?
– İsveçdə təbrizli ailəsində doğulmuşam. Hər iki valideynim azərbaycanlıdır. Atam da uzun illər diasporumuzun İsveçdə lideri olub. Evimizdə üçrəngli bayrağımız var. Anam milli xörəklərimizi hazırlayır, doğma dilimizdə danışırıq.Bəli mən isveç vətəndaşıyam, Avropanı çox sevirəm. Amma Azərbaycan sanki mənim ciyərimdir, qanımdır. Bura gələndə özümü evimdə hiss edirəm. 26 yaşım var. Beynəlxalq əlaqələr ixtisası üzrə oxumuşam. Sonra isə ABŞ-da təhsilimi davam etdirmişəm. Yeniyetmə vaxtımdan özümdən yaşca kiçiklərlə çalışmışam. Müxtəlif sahələr üzrə liderlik edib, könüllü şəkildə idman məşqçisi işləmişəm.
– Yaratdığınız təşkilat haqda məlumat verə bilərsinizmi?
– Bilirsiniz, mənim ən yaxın dostum yəhudidir. İsveçdə isə bütün Avropada olduğu kimi antisemitizm dalğası əsir. Yəni yəhudilər Avropada rahat yaşaya bilmirlər. Bu məni çox üzür, yəhudi bacı, qardaşlarıma doğru yönələn mənfi qüvvələri məğlub etmək istəmişəm hər zaman. Hətta məktəb illərində dostumun qarşılaşdığı haqsızlıqlar məni çox düşündürürdü.
– Bəs sizcə, bu problemin qaynağında nə durur?
– Fələstinlə İsrail arasında olan savaş avropalıların da düşüncəsinə təsir edir və yəhudiləri buna görə günahlandırırlar. Ümumiyyətlə, səsləndirmək istəmədiyim bir sıra siyası mətləblər var. Təşkilatımıza üzv olan gənclərlə birgə müxtəlif təlimlər təşkil edirik. Onlara yəhudilərin soyqırımı olan Holokost haqda məlumat veririk. Çünki avropalılar Holokostun baş verdiyini nəinki qəbul etmək istəmir, hətta buna inanmırlar. Məqsədimiz bu soyqırımı göz önünə çəkmək, hər an baş verə biləcəyini ictimaiyyətə çatdırmaqdır. Bundan əlavə, Avropada mənim vətənimi, Azərbaycanı tanımırlar. Soruşur ki, əslən haralısan? Deyirəm azərbaycanlı. Təəccüblə cavab verir ki, Azərbaycan haradır? Halbuki ölkəmiz günü-gündən inkişaf edir, modern, gözəl binalarla bəzənir. Neftimiz, qazımız var, dünyanın ən prestijli müsabiqələri, yarışları ölkəmizdə keçirilir. Artıq dünyanın hər yerindən turistər gəlir. Mən özüm turizm şirkəti qurmuşam və avropalı, amerikalı iş adamlarını Azərbaycana cəlb etməyi düşünürəm. Hər ay onları ölkəmizə dəvət edirəm, yeni biznes planların layihəsini gerçəkləşdiririk. Öncə qonaqların yol və digər bütün xərclərini öz üzərimə götürürəm. Vətənimizi elə gözəl yönlərdən tanıyırlar ki, yenidən qayıdıb, biznes qururlar. Bu isə Azərbaycan adına atılan önəmli addımdır. İnfrastrukturumuza daha çox dəstək verəcəyik. Bakımız Dubaydan da məşhur şəhər olacaq.
– Holokostdan danışdıq. Bəs ölkəmizin faciələrini Avropada tanıtmaq üçün nələr edirsiniz?
– Bu gün Qarabağ, Xocalı, Quba faciələri, 20 Yanvar hadisələri ölkəmizin ən çox qanayan yaralarıdır. Oktyabrın 27-si Avropadan Qubaya bir qrup turist gətirəcəm. Bütün xərcləri də öz üzərimə götürəcəm. Tədbirimizdə şeyximiz, gözəl insan Hacı Allahşükür Paşazadə və digər dini rəhbərlər çıxış edəcək. Faciələrimiz qarşısında həmrəylik göstərəcəklər.
– Təşəbbüsünüz alqışalayiqdir. İstəyirəm bir az da 2010-cu ildə özülünü qoyduğunuz fond haqda danışaq.
– Bu fond “Gənclərin antisemitizm və ksenofobiyaya qarşı mübarizəsi” adlanır. Əsas məqsəd bayaq da qeyd etdiyim kimi, diqqəti yəhudilərin və azərbaycanlıların soyqırımılarına yönəltməkdir.
– Siyavuş, cəmi 26 yaşınız var. Artıq dünyanın ən nüfuzlu jurnalı olan “Forbes” sizi öz siyahısında birinci edib. Bu hansı nominasiya idi?
– Bu haqda sizə geniş məlumat verəcəm. 2 il öncə bir italiyalı jurnalist mənə zəng vurub, bildirdi ki, sizin namizədliyinizi “Forbes” jurnalına təqdim etmişəm. Bir müddət sonra yenidən mənimlə əlaqə saxlayıb, qalib olduğumu söylədi. Mən 30 yaşdan aşağı gənc liderlər arasından seçilib, “Forbes”in siyahısında birinci oldum. Çünki onlar bir müsəlmanın yəhudiləri belə dəstəklədiyini görüb, heyrətə düşmüşdülər. Qərara gəldilər ki, bundan böyük humanizm yoxdur. Bu çox təhlükəli işdir. Ona görə heç kim yaxın durmur. Hətta mən özüm məcburən cangüdənlə gəzirəm. Təsəvvür edin ki, bu xeyirxah fəaliyyətimə görə məni dəfələrlə öldürmək istəyiblər.
– Sizə qarşı yönələn bu süi-qəsd əməllərinin arxasında kimlər durur?
– Əsasən mənfur düşmənlərimiz, ermənilər. Amma bu məni qorxutmur. Əsas odur ki, “Forbes” jurnalının milyonlarla oxucuları İsveç vətəndaşı olan bir azərbaycanlının təqdirəlayiq fəaliyyətindən xəbərdar oldu. Heç kimlə ədavətim yoxdur, özümü müqayisə etməyi də sevmirəm. Jurnalda tanınandan sonra böyük məşhurluq qazandım. İnsanlar məndən haralı olduğumu soruşanda cavab verirəm ki, 100 faiz azərbaycanlı, 100 faiz isveçli, 200 faiz insanam. Məncə də bu kifayət edir.
– Bildiyim qədərilə ən böyük dəstəkçiniz Barak Obamadır.
– Obama İsveçə ilk rəsmi səfərində prezidentlə görüşdü. İkinci dəfə isə kralla görüşü baş tutdu. 3-cü səfərində isə bildirdi ki, İsveçə Siyavuş Direxti ilə görüşmək niyyətilə gəlib. O məni tapdı.
– Bu çox böyük şərəfdir.
– Təbii ki… Burda sizə gülməli, eyni zamanda ağlamalı bir məqamın da üstünü açmaq istəyirəm. Obama mənim görüşümə gəlməzdən öncə Malmö şəhərinin rəbərliyi tədbirlərimi dəstəkləməkdən daşınır, hətta qarşısını almağı düşünürdülər. Və birdən-birə dünyanın ən güclü lideri Siyavuşu görməyə gəlir, onu medalla təltif edir, hər işində arxasında olduğunu vurğulayır. Bundan sonra qorxub, məndən uzaqlaşanlar birdən-birə cəsarətə gəldilər.
– Bəs Obama hakimiyyətdən gedəndən sonra Amerika hökuməti ilə əlaqəniz davam edirmi?
– Əlbəttə. İldə iki dəfə komandamla birgə Ağ evdə oluram. Planlarımızın bölgüsünü aparırıq. Tədirlərimiz barədə bir-birimizi xəbərdar edirik.
– Madam ki, yəhudilərin Avropadakı ağır həyatına toxunduq, mən dədəfələrlə rastlaşdığım bir hadisəni bölüşüm. Fransada yəhudilərin məktəbləri hər tərəfdən polislərlə əhatə olunur. Əslində dünyanın həsəd apardığı bu xalq üçün azad yaşamaq o qədər də asan deyil.
– Siz bilirsiniz ki, elə tək Fransadan hər il 7 min yəhudi ölkəsinə geri dönmək, hətta qaçmaq məcburiyyətindədir? Biz müsəlmanlar yəhudilərlə birləşib, bir-birimizi qardaş kimi qorusaq, dünya daha da gözəlləşəcək.
– Bəs türklərə münasibət necədir Avropada?
– Ümumiyyətlə, islamofobiya da geniş vüsət alıb. İstər türk olsun, istərsə də ərəb, bir çox tədris ocaqlarına xanımlar hicabla buraxılmırlar. Biz bunun həlli üçün də islam ölkələrindən savadlı dini xadimlər dəvət edirik. Onlar təlimlərimizə gələn avropalı gənclərə İslamın ən təmiz simasını tanıdır, əslində barış, sülh dini olduğunu başa salırlar.
– Sizcə, İsrail erməni soyqırımını qəbul edəcəyi təqdirdə türklər və yəhudilər arasında münasibət hansı məcraya keçəcək?
– Mən dinindən, irqindən asılı olmayaraq, humanizmin tərəfdarıyam. Siyasətə də qarışmıram. Amma tək onu deyə bilərəm ki, İsraildə çox sayda türk yaşayır. Həmçinin Türkiyədə də minlərlə yəhudi var. Odur ki, iki xalq arasında əlaqələrin günbəgün isinəcəyinə ümid edirik.
– Yəqin ki, ailəli deyisiniz?
– Yox, bir anam var (gülürük).
– Bəs sabah ailə qurmaq qərarına gəlsəniz, xanımınız hansı millətdən olacaq?
– Mən sevgini hər şeydən üstün tuturam. Amma yaxşı olar ki, xanımım azərbaycanlı olsun, öz xörəklərimizi hazırlasın, övladlarımıza dilimizi öyrətsin. Çünki valideynlərimin birgə necə xoşbəxt olduqlarının şahidiyəm.
– Bu xoşbəxtlikdən tezliklə sizə də arzulayram.
– Çox sağ olun. Vətənimə növbəti səfərimdə görüşənədək.
araz.az xəbər portalı.