“Hər bir partiya sədrinin Qarabağ məsələsi və orada baş verən hadisələrlə bağlı münasibətinə hörmətlə yanaşıram. Hesab edirəm ki, bu münasibətlərin müəyyən dərəcədə əsaslandırılması ciddi qəbul olunmalıdır. Çünki Qarabağla bağlı əsaslandırılmamış ittiham irəli sürmək insanlar arasında anlaşılmazlıq yaradır”.
Bunu Modern.az-a Milli Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Müsavat partiyasının başqanı Arif Hacılının ötən gün Kəlbəcərdə baş verən hadisə zamanı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı qərəzli açıqlamasına münasibət bildirərkən deyib.
F.Mustafa Arif Hacılının bu açıqlamasını təəccüblə qarşıladığını dilə gətirib:
“Təccüblü, təəssüfdoğurucu olmaqla yanaşı, təhlükəli bir tezisin şahidi olduq. Ölkə Prezidentinin daxili siyasətinə bağlı hansısa bir məsələdə müxalifət partiyalarının təmsilçiləri müəyyən ittiham səsləndirə, təndiq edə bilər.
Amma Qarabağ, erməni məsələsi ilə bağlı bu formada əsaslandırılmamış bir ittiham irəli sürmək olduqca anlaşılmazlıq yaradır.
Sanki İlham Əliyevi ittiham edərək deyirlər ki, “niyə torpaqlar azad olundu, nəticədə Kəlbəcərə gedən jurnalistlərimiz tank əleyhinə minaya düşərək həlak oldular, bunda sən məsuliyyət daşıyırsan. Bu cür ittiham olar?!
Biz Qarabağ məsələsində bu cür tendensiyadan uzaqlaşmalıyıq. Bu, tək İlham Əliyevin yox, hər bir azərbaycanlının məsələsidir. Sözsüz ki, öncəliyi, proseslərin idarə olunmasını ölkə Prezidenti aparır. Müharibə dövründə olduğu kimi bizim bilmədiyimiz bir sıra məsələlər var. Amma sonda bizim arzuladığımız nəticə ortaya çıxdı. Hər hansı qapalı danışıqlar, ölkələrlə balansın doğru qurulması həlledici rol oynadı. Zaman-zaman minadan təmizlənməmiş ərazilərdə belə problemlər ortaya çıxacaq. Ərazilərin minalardan tam təmizlənməsi üçün uzun illər lazım olacaq”.
Deputat qeyd edib ki, Qarabağda yarımçıq qalan işlərin davam etdirilməsi üçün bu prosesi aparan şəxsə, ölkə rəhbərinə güvənməliyik:
“Hamımızın açıqlamaları, fikirləri dövlətə dəstəkverici istiqamətdə olmalıdır. Prezident hər kolun dibində olan minaya görə cavab verməli deyil. Ona görə də bu kimi məsələlərlə bağlı fikir səsləndirərkən daha ciddi yanaşmağımız vacibdir. Biz Qarabağda yarımçıq qalan işləri tamamlamaq istəyiriksə, bu missiyanı üzərinə götürən konkret şəxsə güvənməliyik. Necə ki, 44 günlük savaşda güvəndik və Qələbəni qazandıq. Həmin müddətdə ölkə rəhbəri nəyi, nə vaxt etmək lazım olduğunu əməllərilə sübut etdi.
Hesab edirəm ki, hər hansı bir şəkildə ölkə Prezidentinin ittiham olunması absurddur. Çünki prezidentin də ermənilərlə bağlı verdiyi sərt mesajlar ortadadır. Bu, onu göstərir ki, Prezident də azad olunmuş ərazilərin tezliklə minadan təmizlənməsi, insanların öz yurd-yuvalarına qayıtmasını istəyir. Arif Hacılının paylaşımında belə bir fikir ifadə olunur ki, sanki 700 minə yaxın məcburi köçkünün taleyi ortada qalıb. 30 ildir o köçkünlərin taleyi Azərbaycan dövlətinə əmanətdir. Onların mənzillə təminatından tutmuş bütün ehtiyacları üçün edilə biləcək maksimum işlər həyata keçirilib.
Bu gün o torpaqlara köçmək üçün mütləq minalardan təmizləmə prosesi başa çatmalıdır. Bu çox da asan iş deyil, çünki ermənilər minaları bütün dağlıq ərazilərə namərdcəsinə basdırıblar. Prosesin də uzanmasının səbəbi bununla bağlıdır. Düşünürəm ki, istər müxalifət, istərsə də cəmiyyət içərisindən ədalətsiz ittihamlar irəli sürülməməlidir. Bu, bizim müharibə dövründə əldə etdiyimiz birliyi poza bilər. Buna rəvac vermək ən yanlış addımlarımızdandır”.
Gülşən Raufqızı
Fidan İlqar
araz.az xəbər portalı.