56-43.jpg

Araz.az saytı yazıçı-jurnalist Əziz Mustafanın “Müəmmalı yoxaçıxmalar davam edir”adlı araşdırma yazısının birinci hissəsini oxucularına təqdim edir:

Elm və texnikanın sürətli inkişafına baxmayaraq günümüzdə belə açılması mümkün olmayan müəmmalı hadisələr baş verməkdə davam edir. Özü də  sirli şəkildə yalnız gəmilər, təyyarələr deyil, həm də insanlar yoxa çıxmaqdadırlar. Əgər gəmi və təyyarələrin  müəmmalı şəkildə yoxa çıxmasını müxtəlif texnogen hadisələr ( qəzalar, anormal təbiət hadisələri) ilə izah etməyə çalışırlarsa, insanların necə deyərlər göz önündə birdən-birə yoxa çıxmalarını müəyyən etmək və buna hansısa yollarla şərh vermək demək olar mümkün deyil. Digər tərəfdən də gəmi və təyyarələrin yoxa çıxmaları ilə müqayisədə insanların bir an içindəcə sanki havada buxarlanmaları əsl dedektiv romanlarındakı hadisələri xatırladır.  Qeyd edək ki, hazırda dünyada hər 3 dəqiqə bir insan müəmmalı şəkildə yoxa çıxır. Məsələn, 2014-cü ildə təkcə Rusiyada 120 min adam yoxa çıxıb və onların taleyi bu günə kimi məlum deyil. Nə qədər qəribə olsa da Rusiyada həmin dövrdə  yoxaçıxanların 59 min nəfərini kişilər, 38 min nəfərini qadınlar, 23 min nəfərini isə balaca uşaqlar və yeniyetmələr təşkil edib. Əlbəttə bu yoxa çıxanların hamısı heç də hansısa bizə məlum olmayan sirli hadisələrlə bağlı deyil. Onlar arasında orqan mafiyasının, cinayətkarların qurbanları olan adamlar da az deyil. Lakin yoxa çıxan hər 4 adamdan birinin məhz bizə məlum olmayan anomal hadisələrlə bağlı olduğu məlumdur. Bu anomal hadiəslər isə insanları heyrətləndirməkdə davam edir.

Yenə də qeyd edək ki, bu müəmmalı yoxaçıxmalar əksər hallarda insanların gözləri qarşısında baş verir. Sanki hansısa gözəgörünməz qüvvə bununla da insanların əsəbləri ilə oynayaraq onlarda qorxu və vahimə hissləri yaradır. Dünyanın ən məşhur parapsixoloqlarının, elm və texnika üzrə görkəmli adamlarının məsələni hərtərəfli şəkildə araşdırmalarına baxmayaraq insanların bir andaca göz önündə yoxa çıxmalarının səbəblərini izah etmək, onun sirrini açmaq mümkün olmur. Bu isə öz növbəsində sirli yoxaçıxmalar ətrafında çoxsaylı ehtimalların ortaya çıxmasına gətirib çıxarıb. Sirli yoxaçıxmaları bizimlə mövcud olan paralel dünyalarla izah edənlər də, bunu kosmosdan gələnlərin insanları oğurlaması ilə əlaqələndirməyə çalışanlar da az deyil. Bu ehtimalların hər ikisi nəzəri baxımdan ağlabatan görünür.  Hər halda günümüzdə paralel dünyaların mövcud olduğu, eyni zamanda kosmosdan gələnlərin hansısa eksperimentlər məqsədi ilə yerdəki insanları oğurlaması ilə bağlı elmi dairələrdə belə fikirlər mövcuddur. Elm adamlarının bu iki amilin mümkünlüyünü məntiqi baxımdan qəbul etmələrinə baxmayaraq sirrli yoxaçıxmaların səbəblərini izah etmək onun mahiyyətinə açar tapmaq hələlik onlara müyəssər olmayıb. Bununla belə dünyanın müxtəlif ölkələrində baş verən bəzi sirli yoxaçıxmalarla bağlı məsələyə diqqəti cəlb etmək istəyirik.

Avropada və Amerikada sirli yoxaçıxmalar

ABŞ-da insanların sirli şəkildə yoxa çıxmaları ilə bağlı ilk məlumatlar Kolumbun bu  qitəni kəşf etməsindən sonra ortaya çıxdı. O dövrdə Kolumbun yerli sakinlərlə görüşə göndərdiyi bir neçə adam geriyə qayıdarkən göz önündə yoxa çıxdılar. Sanki onlar bir andaca buxarlandılar və havada əriyərək gözdən itdilər. O vaxt bundan dəhşətə düşən Kolumb və ətrafındakılar bunu yeri əhali tərəfindən lənətlənmə və ya hansısa cadugərliklə izah etdilər. Belə bir fikir vurğulandı ki, yerli əhali ilə görüşən bu adamlar onlara qarşı hansısa kobud hərəkətə yol veriblər və ona görə onların lənətlərinin qurbanı olublar. Hər halda bu hadisədən sonra Kolumbun adamları kəşf etdikləri yeni qitənin yerli sakinləri ilə daha ehtiyatlı davranmağa, onlara qarşı sərt tədbirlərin həyata keçirilməsindən çəkinməyə başladılar. Bununla belə sonralar da Avropadan Amerikaya köç edənlər arasında sirli şəkildə yoxaçıxmalar  davam etməkdə idi. Həmin dövrdə Amerikada sirli şəkildə yoxaçıxmalara Avropada münasibət birmənalı deyildi. Belə güman edilirdi ki, onlar hansısa mafiyanın, cinayətkar qruplaşmaların qurbanı olublar. Bu də səbəbsiz deyildi. Həmin dövrdə Avropadan Amerikaya köç edənlər arasında məşhur cinayətkarlar, uzun müddət həbs cəzasına məhkum edilənlər, hətta ölüm hökmü kəsilənlər belə kifayət qədər çox idi. Bununla belə sirli yoxaçıxmalar Amerikadan Avropaya da sirayət etməyə başlamışdı. Düzdür, Avropada əvvəllər də belə hadisələrə rast gəlinmişdi. Amma o vaxt buna bir o qədər də əhəmiyyət vermirdilər. Lakin Amerikadakı hadisələr Avropada da baş verən müəmmalı yoxaçıxmalara diqqətin daha çox cəlb edilməsinə gətirib çıxardı. Məsələn, 1763-cü ildə İngiltərənin Şepton-Mallet adlı əyalətində baş verən müəmmalı yoxaçıxma hadisəsi insanlar tərəfindən təşvişlə qarşılandı. Belə ki, 60 yaşlı Ouen Parfitt əlil arabasında bacısı Suzannanın həyətinin qarşısından keçən yolda dayanmışdı. O gəlib gedənləri seyr edir və bununla da düşdüyü vəziyyətə görə özünə təsəlli vermək istəyirdi. Az sonra bacısı Suzanna qonşusu ilə Parfitti evə gətirmək, onu yedirtmək qərarına gəldilər. Lakin onlar küçəyə çıxanda əlil arabasında Parfitti görmədilər. Əlil arabası boş idi. Orada yalnız Parfittin paltosu vardı. Onun özü isə yoxa çıxmışdı. Əlbəttə Parfitt yeriyə bilmirdi və onun bir an içindəcə sağalaraq haraya isə getməsi ağlabatan görünmürdü. Dərhal Parfittin axtarışına başanıldı. Onu hər yerdə axtardılar, hətta əyalətdəki cinayətkarların, əvvəllər məhkum edilən, sonralar isə azadlığa çıxanların hamısı yoxlanıldı. Lakin Parfittin izinə düşmək mümkün olmadı. Yalnız qonşu uşaqlardan biri Parfittin uçmaq istəyirmiş kimi havaya qalxmaq istədiyini sonra isə yoxa çıxdığını söylədi. Lakin uşağın dediklərinə o vaxt çoxları inanmadı. Yalnız Parfittin axtarışları boşa çıxandan sonra uşağın söylədiklərinə inanmağa başladılar… Bu müəmmalı yoxaçıxmanın da səbəblərinə aydınlıq gətirmək mümkün olmadı.

1809-cu ildə Avropanı şoka salan daha bir müəmmalı yoxaçıxma hadisəsi baş verdi. 1809-cu il noyabr ayının 25-də Almaniyadakı Böyük Britaniya diplomatı Bencamin Batxerst öz  dostu ilə Berlindən Hamburqa yola düşdü. Yolüstü onlar Perelberq şəhərindəki qonaq evindəki (otel) yeməkxanada yemək yeməli oldular. Yeməkdən sonra Batxerst dostundan əvvəl yeməkxanadan çıxdı. Az sonra Batxerstin ardınca çıxan dostu onu tapa bilmədi. Əvvəlcə elə zənn etdilər ki, fransız cinayətkarlar Batxersti oğurlayıblar və müəyyən pul müqabilində onu azad edəcəklər. Amma bu ümidlər özünü doğrultmadı. Bundan sonra Böyük Britaniya hökuməti öz diplomatının müəmmalı şəkildə yoxaçıxması ilə bağlı Almaniyaya nota verməyə məcbur oldu. Almaniya polisi və Böyük Britaniya xüsusi xidmət orqanları ölkəni ələk-vələk etməyə, hər yerdə Batxerstin izini axtarmağa başladılar. Batxerstin ölüsünü və ya dirisini tapan, onun yeri barədə məlumat verən adama o dövr üçün olduqca böyük  məbləğdə 10 milyon  funt-sterlinq və ya 20 milyon alman markası vəd edilmişdi. Bu böyüklükdə mükafatı almaq üçün bütün Almaniya ayağa qalxmışdı. Uşaqdan tutmuş zorla yeriyə bilən bütün almanlar polis və xüsusi xidmət orqanları ilə birlikdə Batxersti axtarırdılar. Lakin yenə də Batxerstin izinə düşmək, onun ölü və ya dirisini tapmaq mümkün olmadı. Batxerstin müəmmalı şəkildə yoxa çıxması Almaniya ilə Böyük Britaniya arasında diplomatik qalmaqala səbəb olsa da bu, uzun müddət davam etmədi… Batxerstin hansı şəraitdə yoxa çıxması bu günə kimi də sirr olaraq qalmaqda davam edir.

Vermont müəmması

İnsanların sirli şəkildə yoxaçıxmaları Amerikanın Vermont ştatının Benninqton şəhəri ətrafında daha geniş şəkildə özünü biruzə verməyə başlamışdı. 1920-1950-ciillərdə bu ərazidə onlarla insan müəmmalı şəkildə yoxa çıxmışdı. Benninqton ətrafındakı Uzun aşırım adlanan ərazidə daha çox insan yoxa çıxırdı. Təkcə 1945-ci ildə adı çəkilən ərazidə 100-ə yaxın sirli yoxaçıxma qeydə alınmışdı. Belə hadisələrdən biri də 1945-ci il noyabr ayının 12-də qeydə alındı. Məşhur ovçu 74 yaşlı Middi Rivers 4 ovçu dostu ilə Uzun aşırım adlanan yerdə ova çıxmışdı. Günorta ovçular yemək yemək qərarına gəldilər. Yeməkdən az sonra Rivers təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı kolun arxasına keçdi. Az sonra onun gəlmədiyini görən yoldaşları Riversi axtarmağa başladılar. Amma heç yerdə Riversin izinə rast gəlmək mümkün olmadı. Rivers yerli sakinlərdən idi və bu yerin hər qarış torpağını öz evindəki kimi tanıyırdı. Riversin axtarışına havadan vertolyotlar da cəlb edilmiş, bütün xilasedici qruplar ayağa qaldırılmışdı. Lakin  Rivers sanki havaya buxarlanaraq yox olmuşdu.

ƏZİZ MUSTAFA/MEDIAINFO.AZ

 

araz.az xəbər portalı.