“Əlilliyə görə ayrılan müavinəti, doğrudan da, əlilliyi olan şəxslər almalıdırlar. Saxta yolla əlillik dərəcəsi almaq praktikasından birdəfəlik imtina etmək lazımdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, müvafiq dövlət qurumları vətəndaşların süni şəkildə dövlətin pulunu mənimsəməsini istəmirlər: “Məlum olduğu kimi, 2015-ci ilin dekabrın 30-da Nazirlər Kabinetinin 413 saylı qərarı ilə 5 il müddətinə əlilliyin təyinatı həyata keçirilib. Təəssüflər olsun ki, bu müddət ərzində həmin şəxslərin sağalıb-sağalmaması, doğrudan da əlil olub-olmaması kimi bir sıra məsələlərə diqqət yetirilməyib. Məsələ ilə bağlı xüsusi bir təhlil, araşdırma aparılmayıb. Nəticədə, vətəndaşlar növbəti dəfə Forma 88 alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdə onların əlil olub-olmaması məsələsi araşdırılmağa başlanılıb. Müvafiq nazirliyin verdiyi məlumata görə, 2020-ci ildə əlilliyin müəyyən edilməsi ilə bağlı 80 min Forma 88 göndərilib ki, onlardan yalnız 25 min nəfərdə, doğrudan da, əlilliyin olduğu təsdiqlənib. Bu 31 faizdən başqa bütün Forma 88-lərdə müxtəlif formalı saxta əlillik faktları üzə çıxıb”.
E.Nəsirovun sözlərinə görə, vətəndaşlar bu vəziyyətlə barışmaq istəmir və hesab edirlər ki, onların əlillikləri düzgün qiymətləndirilməyib: “Məsələ ilə bağlı nazir Sahil Babayevlə də telefon danışığım baş tutub. Cənab nazir qeyd edib ki, hətta bir çox hallarda əlilliyin təyinatı ilə bağlı sənədlər düzgün doldurulmur, yarımçıq saxlanılır və s. Məsələn, sənədi doldurarkən bir xəstəlik yazılsa da, yanaşı xəstəliklər qeyd olunmur. Beləcə sənəddə qeyd olunan xəstəliyə görə əlillik düşmür, müraciət edən şəxs imtina cavabı alır. Nazirin bu məsələ ilə bağlı mövqeyi belədir ki, biz heç bir halda əlilliyi olmayan şəxslərin süni şəkildə dövlətin pulunu mənimsəməsini istəmirik. Bir mövzuya da toxunum ki, 5 ildən sonra əlilliyin növbəti dəfə bərpası ilə bağlı gələn müraciətlər zamanı bir sıra faktlar ortaya çıxır. Məlum olur ki, bu 5 il müddətində bircə dəfə də olsun gedib özünü müayinə etdirməyən, xəstəxanada yatmayan adam 5 ilin tamamında xəstəxanada yatmağa başlayır. Yəni əlillik almaq üçün süni şəkildə müəyyən səbəblər düzəltməyə çalışırlar. Bu baxımdan hesab edirəm ki, əlilliyin təyin edilməsi məsələsində obyektiv yanaşma olmalı və ədalətlilik prinsipi qorunmalıdır. Saxta yolla əlillik dərəcəsi almaq praktikasından birdəfəlik imtina etmək lazımdır”.
Nəzrin CAVİD
araz.az xəbər portalı.