modern.az 07.06.2021 1623052970

Müharibə bitsə də, Ermənistanın Azərbaycana qarşı terror və təxribatları davam edir. Ermənistanın növbəti dəfə Kəlbəcərdə törətdiyi cinayət bir daha göstərdi ki, bu ölkə region üçün böyük təhlükə mənbəyidir. Buna görə də, dünya ictimaiyyəti iki jurnalistin ölümü ilə nəticələnmiş 4 iyun cinayəti qarşısında susmalı deyil. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərə müxtəlif ölkələrin diplomatları, jurnalistləri səfər edir. Ermənistanın təxribatlarının növbəti dəfə təkrarlanmayacağına və qurbanlarının olmayacağına isə heç kim zəmanət vermir.


Burda məsuliyyət beynəlxalq təşkilatların da üzərinə düşür, çünki Qarabağın işğaldan azad edilmiş ərazilərini minalamış Ermanistana təzyiq göstərilmir ki, minalanma xəritəsini üzə çıxartsın.

Ümumiyyətlə beynəlxalq ictimaiyyət bu məsələyə susursa, Azərbaycan hansı addımları atmalıdır ?

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev modern.az-a danışıb.

Onun sözlərinə görə, iki azərbaycanlı jurnalistin minaya düşrək həlak olması və beynəlxalq təşkilaat tərəfindən bizi qane edəcək cavabların gəlməməsi onu göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, BMT Təhlükəsizlik Şurasının üzvləri, eləcə də Avropa İttifaqı və s. kimi təşkilatlar Azərbaycanda baş verən proselərə ciddi diqqət yetirmək istəmir:

“Bu isə onların 30 il ərzində olduğu kimi, yenə də ikili standartlardan çıxış etməsi və erməni tərəfinin cinayətlərini görməzliyə vuruduğunu göstərir. Azərbaycan tərəfi mina xəritələrinin verilməsi üçün ciddi addımlar atsa da, hələ ki bir nəticə yoxdur. Artıq bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasına ciddi yanaşmaq lazımdır”.

Ədalət Verdiyev həmçinin qeyd edir ki, bununla əlaqədar Azərbaycan daha ciddi addımlar atmalıdır:

“Bu məqsədlə üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməməsi, Ermənistan tərəfindən ərazilərin təkrar minalanmasına cavab olaraq, biz də bəyanatda müəyyən şərtləri – ermənilərə təqdim etdiyimiz “Laçın dəhlizi”nin bağlanması, sərhədlərin daha ciddi nəzarətə götürülməsi, möhkəmləndirilməsi kimi tədbirləri gücləndirməliyik”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirir ki, Azərbaycan beynəlxalq təşkilatları gözləməli deyil:

“Biz 30 ildir ki, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini gözləyirdik. Nə Ermənistan buna əməl etdi, nə də BMT bununla bağlı hər hansı bir addım atdı. Biz məcbur qalaraq, müharibə ilə torpaqlarımızı işğaldan azad etdik. Ona görə də nə qədər ki, onlar bizə minaların xəritələrini vermək istəmirlər və bununla bərabər beynəlxalq təşkilatlar Ermənistana təzyiq etmir, biz özümüz bir tədbir görməliyik. Bizim müharibədən sonra neçə vətəndaşımız həlak olub. Birinci görəcəyimiz iş sərhədlərin qapadılmasıdır.

İkincisi, Qarabağda olan separatçıların tərkisilah edilməsidir. Bu minaları ya Ermənistandan keçən diversiya qrupları basdırır ya da Qarabağda olan seperatçı qüvvələr. Ona görə də onları məhv etməliyik. Bu işi özümüz görməliyik, Rusiya bizim üçün bunu etməyəcək. Bununla bərabər, dünyada minalarla əlaqədar beynəlxalq təşkilat var. Müraciət etməklə Bakıda beynəlxalq konfrans keçirməsinə nail ola bilərik. Beynəlxalq təşkilata maliyyə yardımı edərək, dünyanın diqqətini minalı ərazilərə yönləndirmək olar. Bu, informasiya savaşında da mövqeyimizin gücləndirməsinə səbəb ola bilər”.

Aysel MƏHƏRRƏM

araz.az xəbər portalı.