Xəbər verdiyimiz kimi, kitab mağazalarından birindən 2 ədəd kitab oğurladığına görə, paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Gənclər mağaza rəhbərliyinin polisə müraciəti əsasında saxlanılıb.
Gənclərin 2 ədəd kitaba görə polis orqanları tərəfindən saxlanılması hazırda sosial mediada müzakirə olunan əsas manşet mövzulardan biridir. Sosial şəbəkə istifadəçiləri gəncləri müdafiə edərək, 2 ədəd kitab oğurluğuna görə onların saxlanılmasını qətiyyətlə pisləyirlər.
Azsiyasət.com saytı iki gəncin hansı mağazadan oğurluq etdiyini və mağazanın kimə məxsus olduğunu araşdırıb.
Məlum olub ki, söhbət paytaxtın Səbail rayonu ərazisində (Tarqovı” adlanan küçədə) yerləşən “Ali və Nino” kitab mağazasından gedir. Mağazanın rəhbəri isə cəmiyyətdə kifayət qədər tanınan Nigar Köçərlidir.
Məsələnin aktuallığını nəzərə alaraq, qısa araşdırmalarımız zamanı ortaya çıxdı ki, “Ali və Nino” kitab mağazalar şəbəkəsi uşaq bezlərinin, qadın donlarının, kosmetik məhsulların satışı ilə də məşğuldur.
Azsiyasət.com saytının əməkdaşı “Ali və Nino” mağazası ilə əlaqə saxlayıb. Mağazanın adının çəkilməsini istəməyən xanım əməkdaşı bildirdi ki, iki nəfər gənc həqiqətən də “Ali və Nino” mağazalar şəbəkəsindən kitab oğurladığına görə saxlanılıb.
Mağazanın əməkdaşı “”Ali və Nino” uşaq bezlərinin və müxtəlif məhsulların satışı ilə də məşğul olurmu?” sualını da cavabsız qoymadı:
“Biz adını çəkdiyiniz bu məhsulları mağazalarımızda deyil, onlayn satış platforması üzərindən satırıq. Bizim mağazamız yarandığı gündən bu günə qədər kitab satışı ilə məşğuldur. Adını çəkdiyiniz məhsullar bizim mağazada yoxdur, bunun yalnız bundan sonra da onlayn platformada satışı olacaq”.
Maraqlıdır ki, cəmiyyətdə daha çox kitab təbliğatçılarından biri kimi özünü tanıtdırmağa nail olan N.Köçərli iki gəncin polis orqanları tərəfindən saxlanılmasına niyə belə ciddi-cəhdlə çalışıb? Axı kitab təbliğatı ilə məşğul olan, zaman-zaman insanların kitab oxumasını zəruriliyindən danışan N.Köçərli iki gənc oğlanın polis orqanları tərəfindən görüntülərinin çəkilib yayılmasına necə dözə bilir? Bəs milli ruh, gəncliyə olan inam, etimad və kitaba olan sevgi!? Bəs dahilərin “kitab oğrularını ittiham etmək səfehlikdir” kəlamı…!?
Şübhəsiz, heç kəs bu iki gəncin kitab oğurlamasına haqq qazandırmır. Bu, biznes sahəsidir və N.Köçərli də iki gəncin kitab “oğurlayan” əllərini öz biznesinə soxulan “böyük” hadisə kimi dəyərləndirib və hiddətlənib. Ancaq bu iki kitabın olsa-olsa, dəyəri 10-20 manatdan artıq ola bilməz. Belə çıxır ki, o, gəncləri cəmi 10 manata görə saxlanılıb.
Polis orqanlarının isə belə bir işə imza ataraq, az qala iki gənci “terror təşkilatçısı” kimi lentə alıb ictimailəşdirməsi əsl rəzillikdir. Bu iki gənci çağırıb onlarla profilaktik söhbətlər aparıla bilməzdimi? Polisin işi yalnız həbs etmək, hadisənin ictimai yükünü nəzərə almadan insanları rüsvay etməkdirmi? O iki gəncin videosunun insan iliyinə işləyən, kriminal musiqi altında yayılması polisin təşəbbüsüdür, yoxsa N.Köçərlinin tələbi!? Bu, başqa mövzudur, buna da qayıdacağıq.
Qeyd edək ki, hazırda onlarla məşhur insan, sosial şəbəkə istifadəçiləri, jurnalistlər iki gəncin “oğurladıqları” kitabın pulunu vermək üçün N.Köçərlidən cavab gözləyirlər. İnanırıq ki, 2 kitaba görə gəncləri polis bölməsində videolentə aldırıb rüsvay edən N.Köçərli bu təklifdən imtina etməyəcək.
Azsiyasət.com
araz.az xəbər portalı.