Səxavət Məmməd: “Erməni əsgəri necə gəlib biz tərəfdə mövqe qura bilər? Necə keçiblər? Və dönüb-dolaşıb bir faktın üzərinə çıxırıq…”
Mayın 12-dən – Azərbaycan Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlayandan bu yanadır ki, düşmən ölkənin silahlı qüvvələri tərəfindən mütəmadi təxribatlar törədilir. Sərhədlərin pozulması, diversiya-təxribat qruplarının ərazilərimizə soxulması, atəşkəs pozulması halları artıb. Erməni hərbçiləri gizli şəkildə diversiya hərəkətləri edərək, işğaldan azad edilmiş ərazilərimizi minalamaq işləri həyata keçirməyə cəhdlər edirlər və ya bunu reallaşdırırlar. Bir neçə gün öncə erməni terrorçu diversantları Kəlbəcərdə mina basdırmağa cəhd edərkən, qruplardan 6 hərbçi yaxalanıb. Bundan 2 gün sonra isə 40 erməni Kəlbəcərdə mövqe qurubmuş. Azərbaycan Ordusunun adekvat addımları nəticəsində hərbçilər ərazilərimizdən uzaqlaşdırılıblar.
Ermənistanın sərhəddə gərginlik yaratması, delimitasiya və demarkasiya prosesini pozmağa yönəlik təxribatları şərh edilərkən, bir çox fikirlər səsləndirilir. Bəziləri bildirirlər ki, iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin pozulması üçün düşmən ölkədəki daxili qruplaşmalar sərhəddə təxribatları artırırlar. Belə fikirlər də var ki, bölgədə maraqlı xarici qüvvələr təxribatların olmasında, münaqişənin davam etməsində maraqlıdır.
Qarabağ münaqişəsini araşdıran, müharibə zamanı və müharibədən sonra prosesləri yaxından izləyən hərbi jurnalist Səxavət Məmməd AYNA-ya müsahibəsində sərhəddəki gərginliklə bağlı maraqlı fikirlər səsləndirib. Onun qənaətincə, gərginliyin əsas səbəbi məhz 10 noyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsini bitirən üçtərəli Birgə Bəyanata əməl edilməməsidir:
– Nə qədər ki erməni silahlıları Azərbaycan torpaqların çıxmayacaq, bu cür gərginlik olacaq. Gərginliyin olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Bəziləri iddia edir ki, bu təxribatlar Ermənistanda keçiriləcək seçkiyə görədir, erməni cəmiyyətinə hesablanıb. Amma mən əksini düşünürəm. Seçkidən sonra da erməni silalıları ərazidə olacaqsa, daim gərginlik hökm sürəcək. Məsələ burasındadır ki, gərginliyi təkcə Ermənistan dövləti etməyəcək. Bölgədə marağı olan güclər öz maraqlarının təmin olunması üçün buna baş vuracaq. Bizim cəmiyyətdə ancaq Rusiyanın adını hallandırırlar. Lakin maraqlı olan ölkələr çoxdur – Rusiya, Fransa, Çin, Hindistan. Bu ölkələrin hər biri işə düşəcəyi gözlənilən Zəngəzur dəhlizindən pay qoparmaq istəyir. İran isə Zəngəzur dəhlizini ümumiyyətlə istəmir. Rusiya sülhməramlı kontingenti yalnız Qarabağ təmas xəttinə və Laçın dəhlizinə nəzarət edirlər. Sərhəddə baş verənlərə görə Rusiya məsuliyyət daşımırdı.
Maraqlıdır ki, sərhəddə gərginliklər olandan sonra məlum oldu ki, Rusiyanın sərhədə də nəzarət etməsi üçün danışıqlar başlayıb, sənədlər hazırlanır. Bu məsələnin məhz gərginlikdən sonra baş tutması özü də ciddi suallar doğurur. Təkcə sərhəddə yox, Qarabağın daxilindəki bəzi mövqelərdə də erməni tərəfi atəşkəsi pozur. Bir dəfə rəsmi açıqlama verildi ki, erməni əsgərləri içkili olub, ona görə atəş açıblar. Ancaq ərazidə olan zabitlər deyir ki, dəfələrlə erməni tərəfi atəş açıb, sonra ruslar gəlib eyni şeyi deyiblər. Başa düşə bilmirəm, erməni əsgərləri posta çıxır, yoxsa bara?! Cinayət hüququnda spirtli içki qəbulu cinayəti yüngülləşdirən yox, ağırlaşdıran hal kimi tövsif olunur.
– Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi təxribatlara silahla cavab vermir. Bu, doğru üsuldurmu?
– Azərbaycan tərəfi uzun müddət təxribatlara silahla cavab vermirdi. Bunu təkcə müharibədən sonra yox, əvvəl də görmüşdük. Bunu bilən erməni əsgərləri də özlərini dəlioğlanlığa qoyurlar. Ancaq əldə etdiyim məlumata görə, bir neçə gündür, bu üsuldan bəzi istiqamətlərdə imtina edilib. Şuşa istiqamətində erməni silahlıları atəşkəsi pozduqda Azərbaycan əsgələri lazımi cavabı veriblər. Gülləyə güllə ilə cavab verməzlər. Bu, üsul yanlışdır. Əksinə, Azərbaycan əsgəri qarşı tərəfi daim təzyiq altında saxlamalıdır. Azərbaycan qalib tərəfdir, Azərbaycan Ordusu qalibdir. Qalib ordu çılğın, ipə-sapa yatmayan olmalıdır. Ancaq nədənsə bizdə təmkin, səbr nümayişi göstərilir. Düşünürəm ki, bu üsul düzgün deyil. Qalib ordu özünü qalib kimi aparmalıdır.
– Bəlkə növbəti təxribatları elə silah işlətmədiyimiz səbəbindəndir? Yəni arxayındırlar ki, Azərbaycan əsgəri atəş açmayacaq. Ona görə də təxribatlara davam edirlər…
– 1994-cü ildə əldə edilən atəşkəsdən sonra bu, belə olub. Hətta elə bir dönəm olub ki, güllə atan əsgərə töhmət verilib, güllənin qiymətinin 4 qatı ondan alınıb. Bu cür davrandıqca, qarşı tərəf daha da ürəklənir, aqressivliyi bir qədər də artır. Ona görə də yalnız bir istiqamətdə yox, hər istiqamətdə – istər sərhədi, istər atəşkəsi pozan erməni əsgəri cəzalandırılmalıdır. Azərbaycan tərəfi aqressiv olmadıqca, qarşı tərəfin ayağı yer alır. İş o həddə çatmışdı ki, gəlib Azərbaycan əsgərlərini çadırdan çıxarıb, onları döymüşdülər. Erməni əsgəri bilsəydi ki, onları mərmi gözləyir, qətiyyən bu addımı ata bilməzdilər.
– Sanki sərhəddə xidmətin təşkilində də qüsurlar var. Sizin dediyiniz məqam – gəlib bizim 5 əsgərə qarşı davranışları, başına dəbilqə vurmaları. Ümumiyyətlə, mövqelərdə niyə az sayda əsgər yerləşdirilməlidir? Yaxud da sualı belə qoyum: nə qədər əsgər olmalıdır, təminat necə həyata keçirilməlidir?
– Sərhəddə xidmətin təşkilində ciddi qüsurlar görünür. 5 əsgərimizi döyməkləri xatirimizdədir. Əgər orda düzgün xidmət təşkil olunsaydı, bu hadisə baş verə bilməzdi. Videodan açıq gördük ki, post yox, səngər yox, zabit yox, rabitə yox, əsgərlər çadırda yatıblar. Rabitə olsaydı, köməyə mütləq gəlinərdi. Əgər məlumat verilib, amma gəlinməyibsə, bu, ayrı problemdir. Demək, köməyə gələcək qüvvələr lazım olan yerdə olmayıblar. Bir əsgər postda olsa, “dur, kimdir gələn” desə və bunun davamını gətirsə, o çirkin görüntü oraya çıxardımı? Qətiyyən! O videoda Azərbaycan əsgərlərinin üzərində olan hərbi geyimləri çıxarıb, yerinə mülki geyimlər geyindirsək, elə bilərik ki, kimlərsə gedib çadır qurub, istirahət edirlər.
Azərbaycan tərəfi bilməlidir ki, Ermənistan ideolji dövlətdir. “Böyük Ermənistan”, “Dənizdən-dənizə Ermənistan” ideyası ilə beyinləri yuyulub. O ərazilər xəritədə Azərbaycana aid olsa da, erməni tərəfi bunu həzm edə bilmir. Əminəm ki, bundan sonra xoşluqla da həzm edə bilməyəcəklər. Ona görə də, ancaq sərt, hərbi nizamnamənin tələblərinə uyğun cavab verilməlidir. Hərbi nizamnamədə “təmkin” deyilən bir şey yoxdur.
– Məlumatınız varmı, hazırda sərhəd boyu vəziyyət necədir?
– Hazırda sərhəd boyu vəziyyət bəzi istiqamətlərdə sabitdir. Ancaq bəzi yerlərdə, xüsusən Kəlbəcər istiqamətində mütəmadi olaraq problemlər yartamağa çalışırlar. Bir müddət əvvəl təminat yolunu minalayan 6 erməni terrorçusu ələ keçirilmişdi. Ondan sonra isə 40 erməni əsgərinin Kəlbəcərdə mövqe qurduğu açıqlandı. Azərbaycan tərəfi bu barədə məlumat yaydı. Əslində burda da, problemin olduğunu görürük. Erməni əsgəri necə gəlib mövqe qura bilər? Necə keçiblər? Yenə eyni şeyə gəlirik – xidmətdə qüsurlar var. Düzgün xidmət təşkil olunsa, təminat yoluna mina basdırmağa keçə bilərdilər? Əlbəttə, cavab birmənalıdır – “yox!”. Havaların isti keçməsindən istifadə edib əraziyə lazım olandan da artıq canlı qüvvə və texnika yığılmalıdır. Azərbaycan əsgəri əraziyə nabələddir. Ərazini yaxşı tanıyan mülki şəxslərdən bələdçi kimi götürmək, hətta onlara maaş verib orda saxlamaq lazımdır. Bələdçi olacaq şəxslərin ailəsini belə, ora köçürmək olar. Bu, həm ilk köç olar, həm də həmin şəxslərin bir ayaqları arxada olmaz.
– Qarabağda təmas xəttindəki xidmət necə həyata keçirilir?
– Qarabağda təmas xəttində də bəzi probelmlər yaşanır. Xüsusən Qırmızı Bazar və Şuşaya yaxın ərazilərdə erməni əsgərləri atəşkəsi pozurlar. Erməni əsgərinin etmədiyini də mülki əhali edir. Maşınların qarşısını kəsmək, daş atmaq kimi hallar yaşanır. Bu da müharibənin lap əvvələni – 1980-ci ilin sonlarını xatırladır.
– Məlumatlar var ki, bəzən bizim hərbçilər mövqeləri təmas xəttinin lap yaxınlığına çəkirlər, bir neçə gündən sonra bir az arxaya, yenidən lap önə. Bu, nə dərəcədə həqiqətdir?
– Belə hallar yaşanır. Müharibədən sonra sabitlik hökm sürürdü. Hər kəs öz yerində dururdu. Ancaq bir müddət sonra məlum oldu ki, erməni tərəfi neytral ərazini daraldır, postları önə çəkir. Bu müşahidələrdən sonra Azərbaycan tərəfi eyni addımı atdı, deyərdim ki, daha artığını etdi. Erməni əsgərlərinin irəli çəkilmiş mövqelərini dağıtdı, neytral ərazini bu dəfə Azərbaycan tərəfi daraltdı. Məsafəni daha da yaxınlaşdırdı. Düşünürəm ki, bu, doğru addımdır.
Müşahidələrim onu deməyə əsas verir ki, hansı istiqamətdə yumşaq, mülayim davranırıq, dərhal hərəkətə keçib, ya postu önə çəkirlər, ya da təxribat törədirlər. Hansı istiqamətdə sərt davranışla qarşılaşırlar, son dərəcə mülayim davranış sərgiləyirlər. Ona görə də yenə deyirəm, Azərbaycan Ordusu özünü qalib ordu kimi aparmalıdır. Azərbaycan Ordusu özünü qalib ordu kimi aparsa, bu, təkcə erməni tərəfinin yox, elə Rusiyanın və bölgədə marağı olan digər ölkələrin də əl-qolunu bağlayacaq.
araz.az xəbər portalı.