inam

Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayilov Şuşa səfərində qeydə aldığı yol təəssüratları və şəhər haqda fikirlərini qələmə alıb. 

“Qafqazinfo” həmin yazını təqdim edir:

Şuşanın günəşi

…Bəs niyə Günəşi?..

…Düzü, çox fikirləşirdim ki, bu yazının adı necə olsun?..

Fikirləşirəm, qəlbim dolur…

Şuşanın elə tək adıca bəsdir: hər yerdən uca, hər yerdən gözəl.

Və əzəmətli!..

Yolu-rizi, dərəsi-təpəsi, kolu-kosu, gülü-çiçəyi, havası, otu…

Bəs niyə təkcə Günəşi?.. 

Amma Günəşi bir başqa aləm idi… 

Allah haqqı, Günəşi hər yerdən  və hər şeydən uca, işıqlı və ilıq idi. 

Günəşə yaxın Şuşanın al şəfəqləri – isti, duru idi…  

Sanki Tanrının  və bu Yer üzünün Günəşi hamıdan, hər şeydən çox sevinirdi və bizə də bu sevinc nurundan, bax beləcə pay göndərirdi.

Salam, Günəşimin Şuşası!..

Salam, Şuşamın günəşi!..

…Avtobus qafiləmiz yola düzəlir və  pəncərədən görünən doğma Vətən mənzərələrini bağrıma basaraq, indiyə qədər getdiyim bütün yolları xatırlamağa çalışıram. 

Həyatımın ən unudulmaz səfərlərini yaddaşımın saxlancından çıxarıb, mirvari dənələri kimi bir-bir gözlərimin önündən sıralayıram, amma hiss edirəm ki, indiyə qədər ömrümə yazılmış bütün yollardan, həyəcan, maraq və xoş təəssüratlar dolu güzarlardan heç biri bu qədər olmayacaq. 

Bu yol – müqəddəs ziyarətgaha aparan yoldur və ömrümün ən gözəl yoludur… 

Kim bilir, bəlkə bu qədər ömrü elə bu yolu getməkdən ötrü yaşayırmışam… 

***

Şuşaya gedirik…

…Bir-birinin ardınca qarışqa səfi kimi düzülmüş mikroavtobuslar irəliləyir, özü ilə bərabər bizi də ulu dağların başına dolandırır. 

Nə gözəl!..

Kimlər yoxdur? Tanınmış simalar: deputat həmkarlarım, ictimai-siyasi xadimlər… Yazıçılar, şairlər, bəstəkarlar… Televiziya kanallarının, qəzetlərin və saytların redaktorları… Böyük orkestrın ifaçıları… Xor, rəqs ansambılları, etnik milli ruhlu bədii-özfəaliyyət kollektivləri.

Şuşaya – mədəniyyətimizin paytaxtına  gedirik!..

Söz və musiqi bayramına…

Qələbəlik və şadyanalıqla…

Bir anlıq özümü böyük arzu-niyyətlərlə müqəddəs məkanlara doğru yola çıxan və aylarla yol gedən zəvvarlardan biri kimi təsəvvür edirəm. 

Əziz Şuşa!

Müqəddəs Şuşa!..

Xoş gördük!..
İrəlilədiyimiz yolu narahat yuxularımın içindən keçib gəlirəm. Uzun illər yuxularımdakı ot basmış cığırların, kol-kosa bürünmüş yol-rizin düşüncələrimdən daş kimi asılmış qubarı da əriyib itir, yavaş-yavaş ruhumun necə dincəldiyini hiss edirəm. 

Nisgilli yurdlarımızdan kənarda, bizi gözləyə-gözləyə həniri, qaraltısı itib-getmiş, görünməz olmuş ocaq yerlərimizdən uzaqlarda, gözlərindəki bulanıq həsrətlə birgə bəlkə bir gün o yerlərə aparmaq qismət olar ümidi ilə əmanət qəbirlərdə torpağa tapşırdığımız doğma insanları xatırlayıram. 

Şəhidlərimiz, qəhrəman övladlarımız…

Nakam getmiş yaşıdlarımız…

Bığ yeri tərləmədən canını tapşırmış, qanı ilə bu torpağı suvarmış nər oğullarımız…

Ruhunuz şad olsun!..

Elə bilirəm ki, bu səfərdə onların ruhu da mənimlədir, o həsrətli baxışlar getdiyimiz bu yollara gözlərimlə baxır. 

Hər baxanda şadlanır, hər baxanda o həsrət azalır, nigaran ruhlar aram olub rahatlıq tapır, daxili dünyamdakı qarışıq düşüncələrin içindən şükranlıqlarını yetirir. 

Bu an içimdəki ən böyük duyğu şükranlıq duyğusudur… 

Taleyimizə şükür edirəm. 

Ordumuza, torpaqlarımızı misilsiz qəhrəmanlıqla düşməndən təmizləmiş əsgər və zabitlərimizə şükranlıq hisslərimi çatdırıram, qanı ilə bu torpaqları daha da müqəddəsləşdirmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm.  

Bu müqəddəs savaşda canını fəda etmiş igidlərimizin ruhu şaddır.

Torpaqlarımızın azadlığı arzusu ilə Əbədiyyətə qovuşmuş Əbədiyaşar  Heydər Əliyevin ruhu şaddır.

Bu düşüncələr, izahı mümkünsüz bu duyğular tariximizin dönüş nöqtəsidir, toplum olaraq həyatımızda yeni bir başlanğıcdır. 

Bu tarixin canlı müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!.. 

Əsrlərə sığmayan şanlı bir tarix yazmış Azərbaycan Prezidenti!

Qarabağın Xilaskarı!…

Bu yolun hər addımında duyduğumuz ruhun, sevginin, qürurun, şükranlıqların ünvanı – Böyük Dövlət Xadimi!..

“Dəmir yumruğ”un gücü ilə bizi bu günlərə yetirmiş Sərkərdədir bu tarixi yaradan, adını bu tarixə əbədi yazan – İlham Əliyev!..

Onun əmrində düşməni bu torpaqlardan “iti qovan kimi qovmuş” qəhrəmanlarımızdır, Azərbaycan Prezidentinin illər boyu yetişdirdiyi vətənpərvər, qorxmaz, ürəyi bu torpaqlara sevgi dolu gənclikdir.

***

Azad olunandan sonra bizim ilk dəfə gəldiyimiz Şuşaya Baş Sərkərdəmiz İlham Əliyev və Azərbaycan sevdalısı, dəyərli çiyindaşı Mehriban xanım artıq üçüncü səfərlərini edirdilər. Əvvəlki gəlişləri Şuşanın dirçəldilməsi, bərpası proseslərinin başlanmasına, uğurlu gedişinə və ilkin nəticələrinə rəvac vermişdi.

İlham Əliyev həm də ona görə xoşbəxtdir ki, tarixə öz mübarək ismini Şuşanın Xilaskarı olmaqla yanaşı, Şuşanın Qurucusu kimi həkk etdirdi!..

Müzəffər Komandanın “Şuşaya doğru irəli!” əmrini yerinə yetirmək üçün bu ləyaqət qalasına, şərəf zirvəsinə doğru minlərlə ərənimiz dağlara dırmaşaraq, cığırlarında sürünərək, yüngül silahlarla yürümüşdü…

Özü də kimin qarşısına? Neçə ildir bu qocaman ucalıqların bəkarətini pozaraq, onun hər qarışını səngərə, lığıma, cəbhə məntəqəsinə çevirən və dünyanın ən böyük fövqəlgüclərinin müasir artilleriyası, ağır texnikası ilə silahlanan düşmənə qarşı…

Arxasında yaralı vətən, nakam arzular və Qeyrətli Komandan olduğunu bilən cəngavərlərimiz Şuşanı mənzil-mənzil, ev-ev, məhəllə-məhəllə azad etdi…

Şuşanın hər qarışında Azərbaycan əsgərinin qanı var…

Uca Şuşamız bax bu qanlarla daha da müqəddəsləşdi!..

İlham Əliyev Şuşada qazandığı zəfərlə iki əsrlik münaqişəyə, 32 illik savaşa son qoydu. 

İlham Əliyev indi də daha yeni Azərbaycanın abadlığına, daha işıqlı gələcəyimizin quruculuğuna məhz Şuşadan başlayır…

İlham Əliyevin Azərbaycanı daha böyük hədəflərə doğru Şuşadan istiqamət götürür… 

Şuşa artıq Azərbaycanın yeni başlanğıc məqamıdır!..

Bax elə yolumuz da bu başlanğıca doru idi…

***

Şuşaya gedirik… 

“Xarıbülbül” festivalına!..

Nə gözəl…

Dilimizin ən müqəddəs duası kimi, yaddaşımızda bir ömür boyu səslənən ömür nəğməmizin ən gözəl misrası kimi.

O anlarda Ana dilimizdə bu bir neçə kəlmədən gözəli varmı?!. 

Bu sözlərin gözəlliyindən, sehrindən allısı-ballısı varmı?..

Söz burdadır!..

Sevgi burdadır!..

Bu sözlər və sevgilər Şuşa dağlarının başının üstündəcə – zərli günəşin şəfəqləri ilə nazlanır.

Şuşaya gedirik… 

Şuşaya – ruhumuzun şəhərinə, arzularımızın şəhərinə, mədəniyyət, ləyaqət  paytaxtımıza!.. 

Böyük bir tikinti meydanı, quruculuq səngəri olan Şuşaya.

Yol qırağında azad yurdlarımızın adları, məsafə göstəriciləri yazılmış böyük lövhələr indi adama bir başqa cür görünür. Adlar, rəqəmlər adamın üzünə gülümsünür, tilsimdən qurtulduğunu dil açıb çatdırmaq istəyir elə bil…

Artıq bu lövhələr həsrətin, qubarın simvolu olmaqdan çıxıb, onların üzərindəki məsafələr illərin dalanına, çıxılmazlıqlarına dirənmir, insanları həqiqətən arzularının məkanına, mənzil başına çatdırır.   

Daha bu rəqəmlərə həsrət, nisgil, kədərli nəzərlər zillənmir, Günəş dolusu bir sabaha doğru yola çıxmış insanların gülümsər baxışları görüşür, arzuları qovuşur…

***

Böyük Tanrının qələm çaldığı tablolara baxırsanmı?!

Avtobusumuz irəlilədikcə, təbiətin qüdrət qələmi ilə torpağın köksündə yaratdığı əsrarəngiz mənzərələr bir-birini əvəz edir.

Dağların yamacında yayılıb gedən sapsarı taxıl zəmiləri bərəkətli çörəyin üstünə yaxılıb laylanmış və qatlanıb uzanmış bal loğmasına bənzəyirdi…

Qırmızı, al-qırmızı, kövrək və qopraq lalələrin canına daraşdığı sinətağ zəmilər təzəcə açılan kitab  vərəqləri kimi yellənirdi…

Qəhrəman oğullarımızın şəhid qanı kimi ormanlığın canına hopmuş,  laləzar çöllərin üz-gözünə sıçramışdı… 

Tarixin əbədi və qırmızı sətirləri ilə!..

Bu torpaqlara bahar çələng hörüb, xallanmış ağacların, yeddiçalar püstə güllərinin, iydə budaqlarının al rəngli çiçək açdığı vədələrdir… 
Uşaqlığımdan bəri bahar büsbütün bu ətirdən ibarət olub. Qəribəsi budur ki, indiyə qədər yaşadığım ömrün bu ətri duymadığım heç bir baharını xatırlaya bilmirəm. 

Hətta təbiətin öz səxavətini əsirgədiyi, ağacdan, yaşıllıqdan kasad məkanlarda da yenicə çiçəklənmiş iydə ağacı öz ətri ilə hər yaz həmişə məni bax beləcə sehrləmişdi…    

Üstünə həsrət tozu hopmuş bu illərdə – bir igidin ömrü qədər vaxtda hər dəfə iydə çiçəklərinin ətri ruhuma dolanda bu yerlərin baharını xatırlayırdım. Elə bilirdim ki, daha bu ellərə bahar gəlmir, ağaclar yarpaqlamır, otlar yaşıllaşmır, bulaqlar axmır, bal arıları uçuşmur, quşlar da o vaxtdan bəri susub.   

Bu torpaqların təbiəti o vaxtdan bəri düşüncələrimdə kədərli bir filmin soyuq bir anı kimi donub dayanmışdı… 

Yurd yeri yaddaşımın divarlarından işğalçıların törətdikləri vəhşəti, insanlığa qarşı cinayəti bütün Yer üzünə, keçmişə, bu günə, gələcəyə duyurmaq istəyən qarlı torpağın, dilsiz-ağızsız daşın, dərənin hüznlü portreti kimi asılıb qalmışdı. 

Bu yerlərin mənzərəsinin düşüncələrimdəki buzu, soyuqluğu illərin ayrılığından sonra ilk dəfə buradan keçəndə isinib hərarətlənməyə başladı.

Oyanıb hövürlənmiş torpaq, qırışığı açılmış, dinə-imana gəlmiş yurd yerləri…

Yurd yeri, ocaq yeri…

Dağ yeri, güman yeri…

***

Nə gözəl sığal çəkmisən bu yerlərə, İlahi!

Ağac hər yerdə ağacdır, meşə hər yerdə meşə, dağ-daş, ot-ələf… 

Çiyin-çiyinə söykənmiş dağ-dərə, nərbiləkli oğulları gözləyən çəmənlik və biçənək yerləri… 

Amma bu yerlərin mənzərəsində təbiətin yaşıl füsunkarlığından başqa  həm də qəribə bir bakirəlik vardı… 

Yaşıl, yamyaşıl rənglər bu min cür büsata şahidlik edirmiş kimi, gözümüzü və ruhumuzu oxşayırdı… 

Erməni vandalları əsrlərlə xalqımızın bu torpaqlarda tikib-qurduqlarını bir neçə ayın, ilin içində dağıdıb-töküb, satıb-sovsalar da, milli yaddaşı torpağın köksündən qazımaq üçün hətta məzar daşlarına qədər söküb aparsalar da, torpağın bəkarətinə əl uzada bilməyiblər. 

Hünərləri çatmayıb. Təbiətin özünüqoruma instinkti onların zorakı xislətindən, təcavüzkar mahiyyətindən daha güclü çıxıb. 

Ana təbiət sevgilisi döyüş meydanında, uzaq səfərlərdə olan əli hənalı, həyalı el qızlarımız kimi öz ismətinə sığınıb, namusuna tutunub, bir saçını ağ, bir saçını qara hörərək illərlə öz könül həmdəminin yolunu gözləyib. 

Doğmasının bir gün gələcəyini, isti əllərinin sığalı ilə onu yenidən dirçəldəcəyi, zəhərli tikan kimi bədəninə sancılmış minaları, mərmiləri çıxarıb atıb, yaralarını sağaldacağı, ana torpağı yenidən əkin-biçinli, axar-baxarlı, çal-çağırlı, toylu-büsatlı, gülüş səslərinin bir-birinə qarışdığı xoşbəxt həyatına qaytaracağı günlərin intizarı ilə yaşayıb.

Bu yerlərin əsl sahiblərinin qayıtdıqlarını görüb sevinən Anam Torpaq baharın əsrarəngiz zinətləri ilə özünə minbir bəzək vurub bütün gözəlliklərini qarşımızda sərgiləmişdi. 

Əziz Şuşa, Ana torpaq!.. 

Xoş gördük, doğma Cıdır düzü!..

***

Böyük Zəfərimizdən sonra aylardır ki, Şuşada duyulan doğma səslərdən və hənirdən, doğma əllərin hərarətindən tikililər də cana gəlmişdi, salamat divarlar məzhunluq mənzərəsindən, kədərli görkəmindən çıxmışdı və onlar adama ümidin, dirçəlişin, yeni bir gələcəyin boy göstərən Abidəsi kimi gəlirdi…      

Şuşada, Cıdır düzündə dilsiz-ağızsız otu-əncər də bizimlə dil açıb danışırdı, ağac da sevinirdi, daş-qaya da sevinirdi, çiçəkdən çiçəyə qonub şirə çəkən bal arıları da sevinirdi. Ancaq…

Ancaq ən çox Günəş sevinirdi!..

Şuşanın günəşi!… 

Şəhərdə yaşayanlar dedilər ki, “Xarıbülbül” festivalının keçirildiyi günlərə qədər Şuşada hava yağmurlu keçirmiş, yaz yağışı ara vermirmiş. Amma biz gələndə Günəş zərrin şəfəqlərini şəhərin üzərinə yaymışdı. Yağışda yuyunub müqəddəs şəhərimizin üzərindəki sonuncu şəbnəmləri də qurulamışdı. 

Şuşa insanlıqdan kənar vandalların törətdikləri günahlardan, natəmizliklərdən qüsl edib, arınıb-durulub özünü neçə illərdən sonra burada qılınacaq Ramazan bayramı namazına hazırlamışdı. 

Şuşadakı Gövhər ağa məscidindən səmalara bülənd olan bayram azanının ecazkarlığı ətrafa yayılan vaxt dağların qoynundan boylanan Günəşi seyr etdikcə, adama elə gəlirdi ki, bu Günəş sanki bir başqa Günəşdir. 

Bu Günəş, elə bil ki, ancaq Qarabağa, Şuşaya qucaq açıb – onu öz müqəddəs nuruna boyamaq üçün…  

Və bu Günəşin parlaq çöhrəsindən haqqın-ədalətin öz yerini tutmasından, dünyada dilindən, inancından, mədəniyyətindən asılı olmayaraq bütün insanların qarşılıqlı sevgi və hüzur içində yaşaya biləcəkləri belə bir şəhərin, belə bir ölkənin varlığından könlü xoş olmuş Tanrının özü gülümsünür. 

***

Şuşa ucadadır!..

Dualarımızla qoşadır!..

Şuşa ucadır və dualarımız eşidiləndir…  

“Xarıbülbül” festivalını izlədikcə, Azərbaycanda yaşayan müxtəlif xalqlara aid musiqi nümunələrini, rəngarəng ifaları göz dolusu seyr etdikcə, bu Vətəndə yaşayan və eləcə də, dünyanın harasında yaşayır-yaşasın, qəlbi Azərbaycanla döyünən bütün həmvətənlərimizi tək-tək sinəmə sıxmaq istəyirdim. Onları nə qədər sevdiyimi çatdırmaq, yurda və cahana sülh, tolerantlıq, multikulturalizm, insana sevgi dəyəri üzərində bərqərar olan bu mənəvi böyüklük qarşında səcdəyə getmək istəyirdim.

İnsanı yaşadanlar, insanı sevənlər, insanlıq üçün qurub yaradanlar bir Günəş altında birləşmişdi. 

Həmin gün Şuşa günəşinin şəfəqləri bütün dünya azərbaycanlılarına çatırdı, Azərbaycanı sevən hər kəsi isindirirdi.

Azərbaycanı, Qarabağı, Şuşanı sevənlərin hər birinə bu nurdan, hərarətdən pay düşürdü…

Qəlbim atlanır, Prezidentimə, Ali Baş Komandana minnətdarlıq hissi ilə ucadan səslənmək istəyirəm…

Şuşa! Səni yol-rizinlə, otun- çiçəyinlə, dağ-dərənlə, havanla, suyunla və… bu odlu günəşinlə bir yerdə bizə geri qaytaran və bizə bəxş eləyən odur – Müzəffər

Ali Baş Komandan İlham Əliyev!..

Sağ olun, Cənab Prezident!

Bizi Şuşaya qaytardığınıza görə…

Bizi Şuşaya gətirdiyinizə görə…

Vətənimizin incisi – Şuşanı  bizə qaytardığınıza görə!..

***

“Xarıbülbül” festivalı əlbəttə ki, mədəniyyət hadisəsidir, zəngin multikultural ənənələrimizin təntənəsidir…

Amma fikrimcə, “Xarıbülbül” daha çox siyasi olaydır, hücumçu diplomatiyanın növbəti mərhələsidir, hərbi gücün davamı və əyani nümayişidir…

Həm də Böyük Zəfərin rəsmiyyət ünvanı olan Şuşanın timsalında bu müqəddəs Vətən uğrunda şanlı Savaşın hər an davam edə biləcəyinin qətiyyətli bəyanıdır!.. 

“Xarıbülbül” İlham Əliyevin Dəmir Yumruğunun hələ də, – əslində sonsuzadək, – düşmənin başı üzərində “Domokl Qılıncı” kimi dayandığının ən sərt ifadəsidir!.. 

İlham Əliyev “Xarıbülbül”dəki müzəffər duruşu, əzmkarlığı və kəskin sözləri ilə göstərdi ki, Azərbaycan savaşdan quruculuğa, hərb məkanından mədəniyyət platformasına qısa müddətdə keçməyi bacardığı kimi, yenidən Haqq, Ədalət, Zəfər yürüşünə başlaya bilər!.. 

İlham Əliyevin Şuşada – “Xarıbülbül”də – məmləkətin ən hündür ləyaqət zirvəsində dalğalandırdığı Azərbaycan bayrağının kölgəsi indi Xankəndidən Xocalıya,

Laçın dəhlizindən Zəngəzur koridoruna qədər bütün ərazilərimizə düşür!..

“Xarıbülbül”də Azərbaycan daha da gücləndi, xalq daha da birləşdi, Ordumuz daha da mətinləşdi…

“Xarıbülbül”də düşmən və onun havadarları daha da miskinləşdi, daha da parçalandı, daha da rəzilləşdi…

“Xarıbülbül” İlham Əliyevin Xilaskarlıq missiyasının şərəfli zirvəsi, möhtəşəm NİDAsı oldu!!!

***

Keçib-getdiyimiz adda-budda kəndlər və miskin erməni evləri və acı baxışlar… 

Yolboyu qarşımıza çıxan üz-gözünü tük basmış, üst-başları nimdaş, qulaqları sallax, üzbaşları qara qırtıx tük basmış yaşlı ermənilər kinli nəzərlərlə bizə baxırdılar. 

Çox miskin mənzərə idi… 

Karıxmış insanlar, sozalmış üzlər, səmtini itirmiş döyükən gözlər…

Çöhrələrində işıqdan əsər-əlamət görünmür… Hiss olunurdu ki, illərlə ürəklərində böyütdükləri qəzəbin-küdurətin, saxtakarlığın içində çoxdan özlərini dəfn ediblər. 

Axx!.. Necə də təzadlı mənzərələr idi…

Onların üzgün baxışlarına, əllərində girəvə olsa getdiyimiz avtobuslarla birgə bütün dünyanın altını üstünə çevirməyə, bəşəriyyəti didib parçalamağa meyilli görkəmlərinə baxınca, buna qarşılıq vermək, onlara nifrət etmək istəyirdim. 

Amma nə qədər qəribə olsa da, onlara nifrət etməkdən çox, yazığım gəlirdi, acıyırdım…

Bu qədər boş-boş xülyaların, cəfəng hisslərin əsiri olmağa dəyərdimi?!

Əzəmətli dəmir yumruq, başınızı əzən  zərbələr ayıltmadımı sizi?!

Başınız batsın!..

Olmayan başınız…

Dövlət rəhbərimizin festivaldakı çıxışını dinlədikcə, hər zamankı qətiyyətinə, ağlına, zəkasına, gələcəyə baxışına heyran olduqca, “Xarıbülbül” festivalında təqdim edilən mədəniyyət incilərinin gözəlliyində ruhum təzələndikcə, o yaşlı ermənilərin miskin, depressiv görkəmlərini xatırlayırdım. 

Düşünürdüm ki, keşkə bu zavallılar İlham Əliyev kimi güclü və qətiyyətli rəhbərin Liderliyi ilə bir Günəş altında isinə bilməyin, sevginin, sülhün, qurub-yaratmaq arzusunun, tolerantlığın, başqa mədəniyyətlərə hörmət ruhunun insana nə qədər böyük könül xoşluğu, heç zaman bitməyən xoşbəxtlik ruhu gətirdiyini bir bilsəydilər…

Mahiyyəti ancaq söküb-dağıtmaqdan, əlinə keçəni, gözünə görünəni məngirləyib içəri ötürməkdən, oğurlamaqdan, özünün saxta tarixini, milli varlığını üfürüb şişirtməyə çalışmaqdan  ibarət olan bu vəhşi, vandal həyat tərzi kimə lazım?!

Yaman olur anlamaq dərdi…

***

Qayıdırıq… 

Dağların belinə kəmər kimi dolaşan çarpaz yollar aşağılara, yaşıl ormanlığa, dərin ənginliklərə açılır. 

Ağacları qalın, sıxma meşələrin içi ilə sallanıb, şellənib gedirik…

Qürurla… 

İftixar hissi ilə…

…Cıdır düzündə, arzularımızın reallığa çevrildiyi bir məkanda xeyli gəzdik, qol-qola, əl-ələ verib rəqs etdik, yallı getdik…

Bu müqəddəs torpağın ruhu hopmuş yumurtalı, zəfəranlı və dişimizin dibinəcən ləzzəti qalmış, bir özgə təamlı kömbə çörək yedik…

Bu müqəddəs yol, bu səfər hamımızı elə ovsunlamışdı ki…

Təbiətin füsunkarlığı, uzun illərin həsrətindən sonra qismət olan vüsalın həyəcanı və ən çox da, odlu istisi və isti odu ilə bizi salamlayan Şuşa Günəşinin sehri…

Fərqindəyəm ki, yaza biləcəklərim yazdıqlarımdan çoxdur, xeyli çox… 

Nə etməli, qalanı da yeni səfərlərə… 

Azadlığın, yeni cəlalın mübarək, Qarabağ!…

Salamat qal, sevimli “Cıdır düzü”!.. 

Yeni görüşlərədək, əzizim Şuşa!  

Günəşli sevgilərlə, sevgili Günəşlə!.. 

Və xoş arzularla!..

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.