Qəşəm Nəcəfzadənin müəllifi olduğum “Qulp” və “Xalqın şairi” adlı telelayihələr haqqında söylədiyi cəfəng fikirlər məni dillənməyə məcbur elədi.
Mən 25 ildir başımı aşağı salıb öz işimlə məşğulam.Başımı aşağı salıb işləsəm də hec vaxt,heç kimin qarşısında “başıaşağı” olmamışam.20 il satirik proqram eləsəm də bir dəfə də məhkəməyə verilməmişəm.Çünki təhqiri tənqidlə,həyasızlığı cəsarətlə səhv salmamışam…Söyüşü hər kişi bilir,amma söyməyi hər kişi özünə yaraşdırmır.Özünə yaraşdıranlarsa günü-gündən çoxalır.Artıq ehtiyat yox,söyüş “igid”in yaraşığı olub.
Son vaxtlar “QULP”proqramının kəlamlardan birini tez-tez xatırlayıram: “Kişi kimi doğulanlar çoxdur,amma kişi kimi ölənlər azdır!..”
“QULP”un ən böyük işi hamını düşündürmək, ətrafımızda baş verən nöqsanları olduğu kimi göstərmək və respublikamızın daha da inkişaf etməsinə yardımçı olmaq idi! Bəxtiyar Vahabzadə,Musa Yaqub,Ramiz Rövşən…və qələminə və sənətinə hörmət bəslədiyim yüzlərlə insan bu proqramda həvəslə çıxış edib baş verən hadisələrə öz vətəndaş mövqelərini bildirirdilər.
Qəşəm müəllim, elə Baba Pünhanı da xalqa sənin “lağlağı” adlandırdığın “QULP” proqramı tanıtdırdı.
”QULP” Azərbaycan televiziya tarixində uzun illər satirik-publisistik ənənələr yaradan yeganə , həm də ən uzunömürlü telelayihə oldu.Hər kəsin öz səviyyəsinə uyğun qiymət verməsindən asılı olmayaraq,bu danılmaz faktdır!
Hörmətli Qəşəm müəllim! Bəlkə də sizə cavab verməzdim.Buna nə vaxtım var, nə də həvəsim.Sadəcə son vaxtlar baş alıb gedən qarayaxma,söyüş kampaniyaları məni də bir vətəndaş kimi ağrıdır.Bəzən susmaq razılıq əlaməti sayılır.
Nə isə…”Qulpu” rahat buraxıb, keçək “Xalqın şairinə”
“Xalqın şairi” adlı söz yarışmasının məqsədi çox şeylərin dəyərdən düşdüyü bir zamanda SÖZün əsl qiymətini özünə qaytarmaq idi! Müsabiqədə yaşından və yazdığı şerin janrından asılı olmayaraq yüzlərlə poeziya həvəskarı iştirak elədi və ədəbi mühitdə əməlli-başlı canlanma yaratdı.Ola bilsin bizdən narazı qalanlar da oldu.Müsabiqədən keçə bilməyən min nəfər iştirakçıdan kiminsə incik düşməyi təbii və gözlənilən idi.Əslində burda qalib olmaq şərti məsələ idi.Bu bir söz festivalı,söz bayramı idi. Müsabiqədə Azərbaycanın bütün bölgələrindən olan insanlar iştirak elədi.Ən uzaq dağ kəndində və yaxud şəhərdə göydələndə yaşayan şair qəlbli insanların dünyaya baxışı hamı üçün maraqlı idi.
Amma Azərbaycan televiziya tarixində ilk dəfə idiki telelayihə hələ efirə getməmiş,elə efirə gedəndən sonra da hay-küy yarandı… Ağıllarına gələni də yazdılar,ağızlarına gələni də…Amma bu dedi-qodular müsabiqədə səslənən əsl sözün kölgəsində qaldı.İştirakçıların müsabiqədən kəsib paylaşdığı videoroliklərin baxış sayı yüz minləri ötdü,bəziləri milyona yaxınlaşdı.Müsabiqə öz məqsədinə çatdı.
Hörmətli Qəşəm müəllim! Siz bu layihəni “gülməli,lağlağı və abırsız” adlandırırsınız!Əgər dediyinizə heç olmasa özünüz inanırsınızsa onda bu müsabiəqədə münsif olmaq üçün niyə minnətçi düşüb,şəxsi tanışlığımız olmadığı halda mənə ismarıclar göndərirdiniz? Bu arzunuz daha tez reallaşsın deyə mənə öz telefon nömrənizi yollayırdınız? NİYƏ!? …Bu suala insaflı və ədalətli cavab tapmağı sizin öz öhdənizə buraxıram.
Mübariz Əsgərov,
Əməkdar jurnalist
araz.az xəbər portalı.