nazi“Təəssüflə qeyd etməliyəm ki, Gömrük Komitəsi ən çox tənqidə məruz qalan qurumlardan biridir. Komitədə müxtəlif islahatların keçirilməsi ilə bağlı məlumatlar verilsə də, sonda bunların kosmetik dəyişikliklər olduğu məlum olur”.

araz.az  xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Nazim Baydəmirli Dövlət Gömrük Komitəsinin sahibkarlarla münasibətdə özbaşınalığı barədə danışarkən deyib.

O, komitənin fəaliyyəti ilə iqtisadiyyata ciddi mənfi təsir etdiyini vurğulayıb:

“Sahibkarların əsas şikayətləri idxalda olan “neomonopoliya”dır. Yəni sahibkarın gətirdiyi məhsulun razılaşdırılmış qiymətini gömrük əməkdaşları qəbul etmirlər və yeni bəyannamə qiyməti tətbiq edərək, əlavə rüsum alırlar. İddia edirlər ki, həmin məbləğlərin hamısı dövlət büdcəsinə köçürülür, amma nəticə edibarı ilə məbləği vətəndaş ödəyir. Sahibkar 300 dollara mal alır, gömrük orqanları müxtəlif səbəblər gətirərək, həmin qiyməti qəbul etmirlər, iddia edirlər ki, guya malın dəyəri 500 dollardır. Malın 15 faizi, idxal vergisi, 18 faiz əlavə dəyər vergisi olmaqla ümumilikdə malın qiyməti 36 faizə yaxın artırılır. Vətəndaş da malı bu qiymətə almağa məcbur olur, çünki sahibkar gətirdiyi malın gömrük rüsumlarını maya dəyərinə yükləyir. Sahibkar onunla razılaşmasa, onun məhsulu günlərlə, aylarla gömrük orqanında qalır və onun orda qalması da sahibkar üçün baha olur. Nəticə etibarı ilə sahibkar gömrük işçilərinin diqtə etdiyi qiymətlə razılaşmağa məcbur olur”.

İqtisadçı hesab edir ki, Gömrük Komitəsinin bu fəaliyyətini davam etdirməsinə icazə verilməməlidir və qurum ləğv edilməlidir:

“Azərbaycanda qiyməti bahalaşdıran yeganə orqan Gömrük Komitəsidir, bu qurum süni qiymət artımı yaradır. Bu qurum hər dəfə daxili istehsalı qorumaq adı ilə yüksək gömrük rüsumları saxlamaqla Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurur. Bu, idxalda da əlavə dəyər vergisinin artmasına təsir göstərir. Son 5 ildə idxaldan toplanan əlavə dəyər vergisi 2,5 dəfə artıb. Azərbaycan vətəndaşları xaricdən gələn məhsullarla müqayisədə daha az məhsul istehsal edir. Qurum fiskal siyasəti doğru qurmadığına görə, daxili istehsalı da stimullaşdıra bilmir. Hesab edirəm ki, gömrük və vergi siyasəti vahid mərkəzdən idarə edilməlidir. Gömrük Komitəsi ləğv edilməli və xidmət şəklində vergilər xidmətinə birləşdirilməlidir. Bütün dünyada bu proses belə tənzimlənir. Azərbaycan ictimaiyyətində yerlibazlıq, qohumbazlıqla, regionçuluqla “fərqlənən” bu qurum ləğv edilməli və sahibkarlara xidmət göstərmək üçün fəaliyyət göstərməlidir”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.