sadErmənistan Müdafiə Nazirliyinin Baş Qərargahının qiyamçı sabiq rəisi Onik Qasparyan yenə də Nikol Paşinyanı “müharibəni oktyabrın 19-da indikindən müqayisəolunmaz dərəcədə əlverişli” şərtlərdə dayandırmamaqda günahlandırıb.

“Biz nəyə görə bu vəziyyətə düşdük və kimin günahı üzündən müharibə oktyabrın 19-da dayandırılmadı”,- deyə Qasparyan dünən bildirib.
araz.az-ın verdiyi xəbərə görə, məsələnin bu tərfinə diqqəti cəlb edən musavat.com yazır ki, müharibədən keçən 7 ayda Ermənistanda bir neçə dəfə Paşinyana belə ittihamlar olub: Maraqlıdır, oktyabrın 19-da nə baş verib ki, müharibəni dayandırmaq mümkün ola bilərdi? Baş Qərargahın sabiq rəhbəri nəyə işarə edir? Həqiqətən də Ermənistan həmin ərəfədə istəsəydi, müharibəni dayandıra bilərdimi və hansı şərtlər? “Qızıl oktyabr” ayında- Azərbaycan ordusunun ən ciddi uğurlara imza atdığı bir vaxtda Bakı müharibənin dayandırılması haqda Ermənistanın və vasitəçi Rusiyanın təklifini qəbul edə bilərdimi? Müharibənin dayandırılması kimi göstərilən tarixdə-həm də Azərbaycanın dövlət Müstəqilliyi Günündə Xızıya düşən, hələ də haradan atıldığı müəmmalı qalan raketlə əlaqəsi ola bilərdim?

Dövlət Müstəqilliyi Günündə hədəf niyə Bakı istiqaməti oldu?

Məlumdur ki, 10 oktyabr saat 12.00-dan tərəflər arasında humanitar atəşkəs elan olunmuşdu. Amma ermənilər bu razılaşmanı elə ilk dəqiqələrdən pozdular. Ermənistan silahlı qüvvələrinin Gəncəyə oktyabrın 17-də atdığı raketlər nəticəsində isə 13 mülki şəxs həlak oldu, 40-dan çox adam yaralandı. Oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciətində bir neçə kəndlə bərabər Fizuli şəhərinin də işğaldan azad olunması müjdəsini verdi.

18 oktyabrda isə Azərbaycan və Ermənistan yenə də müvəqqəti humanitar atəşkəsə razılıq verdilər.
Amma ermənilər yenə atəşkəsə əməl etmədilər, bütün cəbhəboyu, eləcə də sərhəd bölgələrində ağır silahlar susmadı. Müharibənin ən müəmmalı hadisələrindən biri də məhz 18 oktyabrda baş verdi. Xızı rayonuna raket atılsa da, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirildi. Raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsafəyə səpələndi. Ermənistan tərəfi bu məlumatı təkzib etdi, sonrakı dövrdə də bu hadisənin üzərinə çox gedilmədi.

Oktyabrın 19-da Onik Qasparyanın “əldən çıxan fürsət” dediyi gün Azərbaycan ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünə bayrağımızı sancdı. Ağır döyüşlərdə Ermənistan Silahlı Qüvvələri xeyli canlı qüvvə və döyüş texnikasını itirdi. Oktyabrın 22-də bu dəfə döyüş bölgəsindən xeyli uzaq Siyəzən, Qəbələ və Kürdəmir rayonu istiqamətində toplam 4 raket atıldığı barədə xəbər yayıldı. Həmçinin, Ermənistan silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərinin hədəfə alaraq raket atmış, lakin hava hücumundan müdafiə qüvvələrimiz onu da zərərsizləşdirə bilmişdi.

Prezident İlham Əliyev oktyabrın 20-dəki çıxışında nə demişdi?

Beləliklə, tarixi xronologiya da göstərir ki, oktyabrın 18-22 aralığında Azərbaycana müharibəni dayandırmaq üçün həqiqətən də ciddi basqılar olub və bu səbəbdən də ölkənin cəbhə bölgəsində xeyli aralı strateji obyektləri hədəfə alınıb. Bəs, həmin ərəfədə hansısa danışıqlar, Ermənistan tərəfinin digər torpaqlardan, xüsusən də Şuşadan çıxması ilə bağlı danışıqlar olubmu?

Suala cavab tapmaq üçün Prezident İlham Əliyevin oktyabrın 20-dəki Ermənistana və onun havadarlarına yönəlmiş sərt çıxışına diqqət edək. “Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər” deyə, dövlət başçısı bildirmişdi.

Məlumatlı mənbələrin bilgisinə görə, Ermənistan cənub cəbhəsində ciddi itkiləri görəndən, yəni Xudafərinə üçrəngli bayrağımız asılandan sonra-oktyabrın 18-də müharibənin dayandırılmasına cəhd edib. Aydındır ki, Azərbaycanın şərti dəyişməz idi: işğalçılar Ağdam, Laçın və Kəlbəcər də daxil olmaqla işğal etdiyi bütün torpaqlardan çıxmalı idi. Ermənistan artıq müqavimət göstərməyin faydasız olduğunu anlamışdı, cənub zonasındakı rayonlardan çəkilməyə hazır idi. Digər üç rayon üçün də qrafik vermək barədə öhdəlik götürə bilərdi. Amma burada əsas şərt vardı: Şuşa! Ermənilər müharibədən sonra ən müxtəlif səviyyələrdə bu məsələ haqda danışanda deyirlər ki, Şuşanı qoruyub saxlamaq olardı. Bu səbəbdən oktyabrın 19-da müharibənin dayandırılması onlar üçün Şuşanı əldə saxlamağa fürsət, buraya yeni qüvvələr toplamağa imkan verəcəkdi. Ermənilər deyiblər ki, Şuşayla bağlı “razılaşmaya” da hazırdırlar, belə ki, “bu şəhərə azərbaycanlılar qayıda bilərlər”. Azərbaycan isə bu şərti qətiyyətlə rədd edib, çünki Şuşada əzəli olaraq azərbaycanlılar yaşamışdılar. Üstəlik, Azərbaycan Prezidenti oktyabrın 16-da Türkiyənin “A Haber” telekanalına müsahibəsində “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” deyərək, birmənalı mövqe ortaya qoymuşdu.

Putinlə Şuşa müzakirəsi, Paşinyanın zəngi…

Ermənistan isə Şuşanı təslim etmək barədə düşünmürdü və bu səbəbdən Qasparyanın “oktyabrın 19-da müharibəni dayandıra bilərdik” deməsi, yalnız Ermənistanın arzusu ola bilərdi. Azərbaycan həm də müharibə meydanında aşkar üstünlük qazanmışkən, niyə ermənilərə belə bir nəfəs almaq, yeni şərtlər irəli sürmək imkanı tanımalı idi?

Paşinyan həmin günlər haqda yazdıqlarını xatırlayaq. Araik Arutyunyan oktyabrın 19-da ona zəng edərək müharibəni dayandırmalı olduqlarını deyib.“Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Elə həmin gün Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ermənistan prezidenti də iştirak etdi. Müxalifət xəbəri könülsüz qəbul etdi. Bildirdim ki, mən uğur qazana bilməyəcəyəm və ya xalqdan gizli bir şey etmək istəmirəm.

Heç bir açıq bəyanat verə bilmədim, çünki Azərbaycan açıq bəyanatımdan sonra təklifi rədd etsəydi, bu, bütün müqavimət sistemimizin çöküşü olardı. Yenidən Rusiya prezidentinə zəng etdim və dedim ki, razıyam. Bunu səhərədək Əliyevlə müzakirə edəcəyini və mənə zəng edəcəyini söylədi. Putin bildirdi ki, erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması üçün öhdəlik götürməlidir. Şuşanı təhvil verməyə razı olsaydım, Azərbaycan yeni bir şərt qoyacaqdı. Beləliklə, atəşkəs mümkünsüz oldu, çünki dedim ki, Hadrutla razılaşsam da, Şuşanın Azərbaycana verilməsini təsəvvür edə bilmirəm. Beləliklə, heç bir razılıq əldə edilmədi. O zaman Cəbrayıl, Hadrut və yaxınlıqdakı bir neçə kənd, Füzuli və Talış Azərbaycan ordusunun nəzarətinə keçmişdi”. Paşinyan qeyd edib ki, bundan sonra da müharibə davam edib.

Siyəzənə, Qəbələyə və Kürdəmirə raketlər haradan atıla bilərdi?

Bəs, həmin günlər Rusiyanın da bu məsələdə mövqeyi necə olub? Moskva əlbəttə ki, müharibənin Ermənistan üçün daha əlverişli şəraitdə dayandırılmasında maraqlı ola bilərdi. Ermənistan ordusu açıq-aşkar çürük corab kimi “sökülürdü”. Ermənistanda həm də anti-Rusiya əhval-ruhiyyəsi daha da artırdı. Bu və digər səbəblərdən Rusiya müharibənin dayandırılmasında maraqlı olduğu şübhə doğurmur. Rusiya prezidenti noyabrın 17-də Qarabağ haqda ilk geniş açıqlamasında demişdi ki, müharibəyə qədər Şuşanın qaytarılması məsələsi qoyulmamışdı.

Şuşanın ermənilərin nəzarətində qalması Rusiyanın maraqların daha uyğun idi, çünki sonrakı mərhələdə Xankəndinə ermənilərin qaytarılması üçün bu vacib idi. Şuşa işğaldan azad olmadan isə bu işi Azərbaycan üçün həqiqətən də yarımçıq qalacaqdı. O səbəbdən aydındır ki, Azərbaycan rəhbəri bu məsələdə Rusiyanın da təzyiqləri qarşısında durmalı olub.

İddia etmək olmaz ki, cəbhə bölgəsindən uzaq ərazilərin və strateji obyektlərin hədəfə götürülməsində Moskvanın birbaşa əli var. Çünki Azərbaycan tərəfi bu məsələdə Ermənistanı ittiham edib. Amma Şuşaya “İsgəndər” raketinin atılması şübhələri Rusiyaya yönəlmişdi ki, Moskva bu məsələyə hələ də aydınlıq gətirməyib…

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.