ilham7777

“Şuşa Bəyannaməsi siyasi-diplomatik, gənclər və idman, hərbi və digər əhəmiyyətli sahələri özündə əks etdirən tarixi sənəddir və Qars müqaviləsinin yeni və daha böyük formatıdır”.

Bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışarkən deyib.

Deputat qeyd edib ki, Şuşada imzalanan 15 iyun 2021-ci il tarixli sənəd hər iki ölkənin milli maraqlarına xidmət edir: “Əlbəttə ki, bu, tarixi sənəddir, iki qardaş dövlətin liderlərinin birgə fəaliyyətinin, yorulmaz və nəhəng işinin təntənəsidir. Eyni zamanda, Şuşa Bəyannaməsi iki dövlət arasındakı münasibətlərin ən uca zirvəsini təmin etdiyi üçün biz bunu Azərbaycan və Türkiyənin zəfəri kimi də qiymətləndirə bilərik. Bildiyimiz kimi, sənəddə bir sıra məsələlər əksini tapıb. Birincisi, Azərbaycan və Türkiyə qardaşlığı hər zaman bütün dünyaya nümunə olub. Bu sənəddən sonra, əlbəttə ki, bütün sahələrdə əməkdaşlığımız daha da dərinləşəcək. Hesab edirəm ki, dünyada bu formatda əməkdaşlıq edən ikinci belə qardaş dövlətlər yoxdur. Bəyannamə siyasi-diplomatik, gənclər və idman, mədəniyyət, iqtisadi-ticari, diaspora, hərbi və bir sıra sahələri özündə əks etdirən tarixi sənəddir və Qars müqaviləsinin yeni və daha böyük formatıdır”.

C.Osmanov vurğulayıb ki, sənəddə  iki dahi şəxsiyyətin – Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamları əksini tapıb: “O zamanlar Atatürk qeyd etmişdi ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Ümumilli lider Heydər Əliyev isə məşhur “Bir millət, iki dövlət” ifadəsinin müəllifidir. İyunun 15-də imzalanan bəyannamə bütün bunların təntənəsidir. İki müstəqil dövlətin birgə ən böyük fəaliyyəti hərbi əməkdaşlıq ola bilər. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəyə qarşı üçüncü dövlətin təhdidinin və təcavüzünün birgə qarşısının alınmasına dair hüquqi baza formalaşdırır. Türkiyə dünyada hərbi sənaye sahəsinin ən güclü dövlətlərindən biridir. Media platformasında və diasporada birgə fəaliyyətimiz Azərbaycan və Türkiyə həqiqətlərinin dünyaya çatdırılması, o cümlədən milli mənafelərimizin müdafiə olunması baxımından vacib məqamlardandır”.

Parlamentin üzvünün sözlərinə görə, digər vacib məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır: “Bu, 44 günlük Vətən müharibəsində bölgədə Azərbaycan tərəfindən yaradılmış yeni geosiyasi reallığa uyğundur və qardaş Türkiyə ilə Azərbaycanın quru yolla, avtomobil və dəmiryolu xətti üzrə birləşməsi iqtisadi-ticari məsələlərdə, yükdaşımalarda vacib rol oynayır. Eyni zamanda, sənəddə Cənub Qaz Dəhlizi və enerji daşıyıcılarından bəhs olunur və bunun şaxələndirilməsi, əlbəttə ki, ölkəmizin gücünü, qüdrətini və iqtisadi potensialını daha da artıracaq, bizim yeni əməkdaşlıq platformalarına çıxışımızı təmin edəcək. Qısacası, iki xalqın və dövlətin gələcəkdə daha güclü və daha firavan yaşamasına səbəb olacaq bu tarixi hadisəni dövlət başçılarının böyük əməyi nəticəsində iki xalqın zəfəri kimi qiymətləndirmək olar”.

Nəzrin CAVİD

araz.az xəbər portalı.