vusalqasimli012

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin iqtisadi təfərrüatlarını şərh edib.

araz.az bu barədə quruma istinadən xəbər verir.

V.Qasımlının sözlərinə görə, bu bəyannamə ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq: “Türkiyə 2020-ci ildə 1,8 % iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 %-dən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər”.

Onun fikrincə, “Şuşa Bəyannaməsi” Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır: “Xüsusən də, bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi ilə BP, “Signify” kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir”.

V.Qasımlı bildirib ki, dünyanın müdafiə sənayesi bazarında ilk onluğa iddialı olan Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir: “Türkiyənin köməyilə Azərbaycan müdafiə sənayesi sahəsində ixrac, idxalın əvəzlənməsi və qlobal dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən imkanlar qazanır. Eyni zamanda Türkiyənin enerji təhlükəsizliyində mühüm rol alan SOCAR-ın TPAO ilə əməkdaşlığı iki qardaş ölkənin neft-kimya sahəsində – dounstrimdə irəliləməsi üçün imkan yaradır”.

Onun sözlərinə görə, “Şuşa bəyannaməsi”ndən sonra ticarət həcminin daha da artması üçün əlavə fəaliyyətlər gözlənilir: “2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar olmaqla 14% paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard dollar təşkil edib. Azərbaycan və Türkiyə 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək”.

V.Qasımlı onu da bildirib ki, bəyannamədə “Zəngəzur dəhlizi”nə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir: “Təkcə bu il ixrac həcmini 15-20% artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə “Zəngəzur dəhlizi”ndən istifadə edəcək. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türk iqtisadiyyatı üçün “Zəngəzur dəhlizi” ixrac marşrutlarının şaxələndirilməsi deməkdir”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.