Çimərlik mövsümü açılar-açılmaz Bilgəh qəsəbəsi ilə Nardaran qəsəbəsinin arasında yerləşən, sahilboyu kilometrlərlə uzanan dəniz çimərliyi sadə vətəndaşların üzünə bağlanıb.
Sabunçu rayon İcra Hakimiyyəti Bilgəh və Nardaran arasında olan “Bağçılar” çimərliyinin qapadılmasının səbəbi kimi ərazidəki antisanitariya ilə bağlı dözülməz vəziyyəti göstərib.
“Bəzi vətəndaşlar bu çimərliyi intim görüşlər üçün məkana çevirmişdilər. Əyyaşlarla narkomanlar da oraya yığışırdılar. Onlar adətən axşam 20 radələrindən sonra həmin məkana yollanır, orada çadır qurur, çirkin işlərlə məşğul olurdular. Bundan başqa, ərazidə bir neçə zibil konteyneri qoyulsa da, vətəndaşlar onlardan istifadə etmir, zibilləri hara gəldi, atırdılar. Nəticədə ərazi az qala zibilxanaya çevrilmişdi. Sözügedən ərazidən çimərlik qismində istifadəni FHN də yasaqlayıb. Orada dəniz çimmək üçün əlverişli deyil. Dənizdə batma halları çox olurdu. Bu yaxınlarda orada iki gənc batıb. Çimərliyə gələnlər avtomobil ilə yolu kəsərək əsas yolda hərəkətə mane olurdular. İyunun 15-də isə orada yerli sakinlərlə çimərliyə gələnlər arasında dava düşüb, bıçaqlanma olub. Bu səbəbdən də çimərlik ərazisinə giriş bağlanıb”, – deyə verilən açıqlamada bildirilirdi.
“Yeni Müsavat”a daxil olan məlumatda isə iddia olunur ki, çimərliklərin qapadılması həmin ərazidə, dəniz sahilində dəbdəbəli imarətləri, istirahət mərkəzləri olan oliqarxların özəl maraqlarından doğur. Sabunçu İcra Hakimiyyəti isə bu maraqların təminatçısı rolundan çıxış edib. Əks halda, çimərlikdə asayişi təmin etmək üçün əraziyə polis göndərilə bilər.
Bundan başqa, çimərlik ərazisini sanitariya normalarına uyğun şəkildə saxlamaq üçün minlərlə işçi ştatı olan, dövlət büdcəsindən hər ay 100 minlərlə manat axıdılan Sabunçu Kommunal Təsərrüfat Birliyindən işçilərinin kiçik bir qrupu 3 aylıq əraziyə ezam edilə bilərdi. Bunu etmək əvəzinə isə onsuz da çimərlik problemi yaşanan Bakıətrafı ərazilərdə kilometrlərlə ərazini əhatə edən çimərliyi qapadıblar.
“Yeni Müsavat”a daxil olan məlumatda o da deyilir ki, İcra Hakimiyyətinin çimərliyi qapatma qərarı ərazidə imarətləri, obyektləri olan Hacı Qalib Salahzadənin, iş adamı İsgəndər Xəlilovun, “AzAl” prezidenti Cahangir Əsgərovun, “Aznar” sahibi Fərhad Əhmədovun, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun, deputat Əliabbas Salahzadənin və digər vəzifə daşıyıcıları, milyarderlərin maraqlarına xidmət edir. Belə ki, sadə vətəndaşların sevimli çimərlik məskənlərindən olan Bilgəh və Nardaran qəsəbələri arasındakı çimərlik ərazisinə axın etməsi qeyd edilən şəxslərin istirahətini pozurmuş. Dəniz sahili boyu kilometrlərlə uzanan hasarları arasından çimərliyə doğru 2 adamın zorla gedə biləcəyi ensiz bir yol var. Həmin yoldan aydındır ki, maşınlar bir vaxtlar olduğu kimi – sahilboyu hasarlar olmadığı günlərdəki kimi sahil zolağına çıxa bilmir. Odur ki, çimərliyə gələn sadə vətəndaşlar maşınlarını onların hasarlarının Bakı Dairəvi Yolunun kənar hissəsinə düşən hissəsində saxlamalı olurlar. Yoldakı sıxlığın günahkarı da məhz hasar sahibləridir, sadə vətəndaşlar deyil! Sabunçu İcra Hakimiyyəti isə yolun açılması üçün səy göstərmək əvəzinə sadə vətəndaşları suçlu bilir. Bu cür yanaşma isə daha çox çimərliyi sadə vətəndaşların üzünə bağlayanların maraqları ilə üst-üstə düşür.
Çimərliyin qapadılması üçün xüsusən 2 şəxsin – Hacı Qalib Salahzadənin və İsgəndər Xəlilovun çaba göstərikləri qeyd olunur. Bildirilir ki, Hacı Qalib Salahzadənin Bilgəh Kardioloji Sanatoriyasına bitişik “Şəbəkə” adlı İstirahət Mərkəzi var. Bilgəh-Nardaran qəsəbələri arasındakı çimərliyin bağlanması nəticəsində əraziyə gələn vətəndaşların böyük bir hissəsi “Şəbəkə”yə üz tutmalı olacaq. Digər tərəfdən də sadə vətəndaşların üzünə bağlanan və kilometrlərlə uzanan dəniz sahili birdəfəlik oradakı imarət sahiblərinin sərəncamına keçəcək.
Azərbaycan Konstitusiyanın 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu baxımdan Bilgəh-Nardaran qəsəbəsi ərazisində dəniz çimərliyini xalqın üzünə bağlanmasına dövlət hakimiyyəti orqanları reaksiya verməlidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.