названияVÜ44 günlük Vətən Müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi, onun ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə yanaşı, düşmən ölkənin və ermənilərin özlərinin xilası kimi, onların milli düşüncə tərzini dəyişdirdi. Müharibədə uduzan və kapitulyasiya aktına imza atan Paşinyanın Ermənistanda keçirilən seçkilərdə 50 faizdən çox səs toplayaraq qalib çıxması, sözün əsl mənasında, məhz, Ermənistan ermənilərinin Azərbaycana, Türkiyəyə və ümumən türklərə qarşı nifrətə, müharibəyə son vermək istəyinin nəticəsidir. Təbii ki, bu seçkidə Köçəryanın uduzması, həm də Rusiyanın məğlubiyyətidir. Ancaq, bu o demək deyil ki, Rusiyanın Ermənistana təsir gücü olmayacaq. Sözsüz ki, Rusiya Ermənistanda güclü siyasi, hərbi və iqtisadi təsirə malikdir və qərbyönümlü Paşinyanın siyasətinin davamı, bu hegemon ölkənin Ermənistandan üzülüşməsinə gətirib çıxara bilməyəcək. Ancaq və ancaq Rusiyanın Ermənistanda təsir gücü məqsədyönlü şəkildə zəiflədiləcək. Hər bir halda, Rusiya mövcud siyasi vəziyyətdə, yenə də, regionda mövcudluğunu qoruyub saxlaya biləcək.
Paşinyan hakimiyyətinin, əgər heç bir fövqəladə və fors-major hadisə olmasa, onun ölkə daxilində nüfuzu getdikcə artacaq, iqtisadi və sosial vəziyyətin normallaşması baş tutacaq. Konkret desək, regionda erməni dövlətinin qonşu dövlətlərlə siyasi, diplomatik, hətta iqtisadi və paralel olaraq, infrastruktur əlaqələrinin qurulacağı mümkün görünür. Təbii ki, Paşinyanın qələbəsindən sonra, Rusiya Paşinyan hakimiyyəti ilə hesablı, daha dəqiq desək, “hörmətlə” əlaqələrini quracaq, necə deyərlər “nazı ilə oynamağa” məcbur olacaq.
Ümumiyyətlə, ermənilər, Qafqaza gətirildikdən və onlar üçün bu dövlət qurulduqdan bu yana — iki yüz il içində, çox güman, ilk dəfə düzgün seçim etdilər. Yəni, onlar, ilk dəfəydi ki, türk etnosuna qarşı düşmənçiliklərinin mənasız və xeyirsiz, həm də bunun, tarixdə əldə etdikləri yeganə erməni dövlətinin yaşaması üçün, çox təhlükəli olduğunu anlayırdılar.

Vüqar DADAŞOV,
hüquqşünas, MCP Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.