Ümid Partiyasının sədri deyir ki, dəhlizin açılması Ermənistanda dəngələri, ictimai-siyasi vəziyyəti və liderlərin, oradakı proseslərdə iştirak edən adamların mövqeyini dəyişdirən məhək daşıdır. O prosesə getməyə heç kim cəsarət etməyəcək.
araz.az xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Reyting.az-a müsahibə verib.
İ. Ağazadə ilə söhbətə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən başladıq. Həmin müsahibəni tədim edirik:
– İlk növbədə onu qeyd edim ki, səfər özü olduqca əhəmiyyətli idi. Səfərin mesaj xarakterli nəticələri var idi. Bu, həm dünyaya, həm bölgəyə, həm də Ermənistan-Azərbaycan münaqişəsində iştirak edən tərəflərə mesaj idi. Burada hər kəsin öz yerini və sərhədini bilməyi, həm də Azərbaycan-Türkiyə münasibətləri sistemində gələcəkdə nələrin ola biləcəyi, hansı yerdən Türkiyənin də müdaxilə edə biləcəyi perspektivləri mesaj kimi verilirdi.
Gələcəkdə nələrin olacağını demək çox çətindir. Bəzən biz də çox səsləndiririk ki, Türkiyənin ölkəmizdə hərbi bazası yaradılsın və s. Bəzən yerləşmədən belə, bu tipli məsələlərdə mövqeləri rahat ifadə etməklə yanaşı, həm də praktik iş ortaya qoyula bilir.
44 günlük savaşda hərbi müqaviləmiz, yaxud hərbi baza yox idi. Amma təlimə gələn “F-16”-lar Azərbaycandan aparılmadı və Türkiyə öz mövqeyini açıq şəkildə ortaya qoydu.
Heç kim təminat verə bilməz ki, sabah Azərbaycan tərəfə Rusiya və Ermənistanın hərbi birləşmələri, işğaldan azad olunmuş ərazilər və Ermənistan istiqamətindən hücum etməyəcək. Onda Türkiyənin mövqeyi açıq olacaq. Ona görə də Türkiyə-Azərbaycan münasibətlərini sazişlərdən daha çox mənəvi tərəflərdə axtarmaq lazımdır. Şuşa Bəyannnaməsi də bu mənəvi tərəflərin ən pik nöqtəsi idi. Bu səbəbdən çox yüksək dəyərləndirirəm və hesab edirəm ki, bəzən regional siyasət baxımından bəzi şeyləri daha irəli gedərək həll etmək mümkün olmur. Bəzən dünyanı da öz üzərinə qaldırmaq çox çətin olur.
44 günlük savaşda beynəlxalq aləm və dünya Azərbaycandan daha çox Türkiyəyə qarşı mövqe tutdu. Hər kəs Türkiyə ilə bağlı mövqe bildirdi, Türkiyəyə çağırış edildi ki, üçüncü tərəf olmasın, qoşulmasın və s. Çünki qorxduqları əslində, prosesə Türkiyənin qoşulması idi. İndi birdən-birə hər şeyi dağıdıb, dünyanı, region siyasətində iştirak edənləri də qarşına alıb Türkiyəni də hədəfə çıxarmaq doğru deyil. Hesab edirəm ki, Ərdoğan və İlham Əliyev nə mümkündürsə, hamısını sona qədər ediblər.
– Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması məsələsinə münasibətiniz necədir? Sizcə, yaxın perspektivdə bu mümkündürmü?
– Hər şey mümkündür. Əgər Ərdoğan da, İlham Əliyev də bunun mümkünlüyü barədə danışırsa, deməli, optimal vaxtı və zamanı gözləyirlər. Yenə deyirəm, dünya Türkiyədən yana deyil. İndi SSRİ adlı bir dövlət yoxdur ki, onun sərhədində Türkiyə kimi bir NATO dövləti olsun və hər kəs də Türkiyənin mövqeyini bəh-bəhlə qarşılasın.
NATO-nun içərisində də Türkiyənin özünə müxalifətçilik var. NATO-nun daxilində Yunanıstan-Türkiyə qarşıdurmasında böyük əksəriyyət birincinin yanında dayanıb. “S-400” məsələsində Ərdoğan NATO-dan kənar mövqe söyləyib. Yəni Türkiyə bu gün gücünə və mövqeyinə görə zorən hesablaşılan bir dövlət halına gəlib. Amma o hesablaşma anı olmasaydı, heç kim Türkiyə ilə də hesablaşmazdı və əzməyə çalışardılar. Məsələn, çox təəssüf ki, Azərbaycan siyasətində bu daha çoxdur, elə bil ki, hamı “oğru qanunları” ilə yaşayır, filankəs bunu dedi, niyə etmədi? Siyasətdə mesajı verirlər, o 5 ildən, 10 ildən sonra gerçəkləşir, yaxud heç gerçəkləşmir. Amma niyyətini və mesajını verirsən ki, tərəflər də ayağını dəng alsın. Məsələn, İsrail-Fələstin qarşıdurmasında Ərdoğan dedi ki, Fələstinə qoşun yeridəcəyik, amma bunu etmədilər, münaqişə dayandı. Azərbaycanla da bağlı mövqelər ifadə olunur, amma dünya necə baxır, Rusiya proseslərə necə yanaşacaq, hansı mövqe sərgiləyəcək?
Bizim məqsədimiz yeni savaş çıxarıb Türkiyəni ora cəlb etmək deyil. Bizim məqsədimiz Türkiyənin də regionda, həm də barışın, dialoqun içərisində hakim mövqeyə malik olmasını şərtləndirən bir siyasətin yaranmasına xidmət etməkdir. Çox təəssüf ki, xüsusilə də Azərbaycan tərəfdə bəzən hərəkətlərimiz və mövqeyimiz daha çox avantüraya söykənir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan bu gün bir-biri üçün mümkün olandan artığını edir.
Hərbi baza yaradılması perspektivi isə heç vaxt tükənməyib, istənilən vaxt ola bilər.
…Mən həmişə deyirdim ki, Rusiyanın Cənubi Qafqazdakı dominantlığının qarşısını almaq üçün Türkiyə hökmən regiona girməlidir. Vaxtilə, hətta Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya çıxanda, birmənalı olaraq demişdim ki, sərhəd açılmalıdır, Türkiyə regiona girməlidir. O zaman məni bir az da milli məsələlərə xəyanətdə ittiham etmişdilər. Amma Ərdoğan da Şuşada dedi ki, “biz Ermənistanla sərhədləri açmalıyıq, kommunikasiyalarımızı düzəltməliyik” və s. Niyə? Çünki ayrı-ayrı dövlətlərin təsiri artdıqca, Rusiya burada hakimiyyəti, həm də konfliktli hakimiyyəti əlində saxlaya bilmir. Mən ona inanmadığım üçün hesab edirəm ki, əgər məsələlər daha kəskin notlar üzərində köklənib davam edəcəksə, Azərbaycan Ermənistanla aramızda istehkam divarlarının tikilməsinə israrlı olmalıdır.
Bizim Ermənistanla 1007 kilometr sərhədimiz var. Onun təxminən 257 kilometri Naxçıvan ərazisinə düşür, 750 kilometri Qazaxdan başlamış Zəngilana qədərdir. Bu məsələdə təxminən 4 bölgə bizim üçün olduqca əhəmiyyətlidir. Çünki istər Gədəbəy, istər Ağstafa, istərsə də Tovuz-Qazax zonasındakı sərhədlərimiz beynəlxalq miqyasda münaqişədən çox uzaqda olan ərazi kimi tanındığına görə oralarda istehkam divarlarına o qədər də ehtiyac yoxdur. Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı isə münaqişə ərazisidir və müharibənin təsirləri hərbi əməliyyatlar baxımından buralarda yenicə bitib. Bu dörd rayonun ərazisi təxminən 320 kilometr sərhəd zolağıdır. Burada istehkam divarları tikilməlidir. Birincisi, bu, Ermənistandan terrorçu, kəşfiyyat-diversiya qruplarının Azərbaycana keçidini əngəlləməyin ən rahat yoldur. Müasir texnologiyalar quraşdırılır və mərkəzləşdirilmiş qaydada nəzarətdə saxlanılır. Relyefin necə olduğunu hamımız bilirik, bunu insan qüvvəsi ilə müdafiə etmək və qorumaq mümkünsüzdür. İstənilən an, imkan tapan kimi diversiya, terror, kəşfiyyat qrupları keçə biləcəklər. Lakin istehkamlar tikilib müasir texnologiyaya uyğun olaraq müşahidə kameraları, qüllələlər quraşdırılarsa, mərkəzləşdirilmiş qaydada qərargahda oturub, sadəcə izləyəcəksən. Azərbaycan əsgəri də snayperlərin, iriçaplı, xırdaçaplı pulemyotlar və avtomatların atəşindən müdafiə olunacaq. Əgər raket atacaqlarsa, bu, artıq Ermənistanın Azərbaycana müharibə elan etməsi kimi bir şeydir.
İkincisi, beynəlxalq aləmə sübut edəcəksən ki, bizim Ermənistan ərazisinə keçmək niyyətimiz yoxdur, işğalçı deyilik. Çünki bu gün Azərbaycanın sərhədlərinin dəqiqləşdirilməsi məsələsində bizim daha çox ittiham olunduğumuz yer guya Ermənistan ərazisinə keçməyimizdir.
Çox təəssüf ki, hələ Xankəndinə, Ağdərəyə, Xocalıya, Xocavəndə, Əsgərana gedib çıxa bilmədiyimiz halda Azərbaycanda Zəngəzur, Göyçə haqda danışırlar. Mən deyirəm ki, istehkam divarı çəkək, adamlar deyir, “bəs Göyçə, Zəngəzur necə olacaq?” Sanki Göyçə və Zəngəzuru alırıq. Məncə, bu gün bu siyasətlə və dünyadakı, hətta regiondakı bu yerimizlə Göyçə, Zəngəzuru işğal edəcəyimizlə bağlı düşüncələri başımızdan çıxartmaq zamanıdır. Proseslərə də bir az real baxmaq lazımdır. Biz hələ bu gün Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmuş və işğaldan azad olunmamış hissəsini necə qorumağı, məskunlaşmanı necə həyata keçirməyi və sabah bütün ərazilərdə Azərbaycan bayrağının və suverenliyinin necə bərpa olunacağını müzakirə etməliyik. Ona görə də istehkam divarlarının çəkilməsi, həm də üçüncü tərəfdən daxili auditoriyaya, yəni Dağlıq Qarabağda separatçılıqla məşğul olanlara şamil olunacaq. Onlar da öz mesajlarını almış olacaqlar ki, bizim Ermənistanla bütün hallarda əlaqələrimiz kəsilib.
Nəzərə almalıyıq ki, 1992-ci il mayın 18-də Laçını işğal edən Dağlıq Qarabağ separatçıları, yaxud burada yerləşən qeyri-qanuni hərbi birləşmələr yox, Ermənistanın silahlı qüvvələri idi.
Biz nəzərə almalıyıq ki, 1993-cü il aprelin 2-də Kəlbəcəri Ermənistan Rusiyanın dəstəyi ilə işğal etmişdi. Avqustun 31-də Qubadlı, oktyabrda Zəngilan işğal olunanda da eyni proses baş vermişdi. Yəni bütün təhlükələr sərhəd zolağı üçün Ermənistan ərazisindən gəlmişdi. Biz o əlaqələri kəsməliyik.
Dağlıq Qarabağ separatçıları da anlamalıdır ki, Ermənistanla əlaqə kəsilibsə, burada yaşamağın perspektivi bircə şərtlə mümkündür: ya Azərbaycanın vətəndaşı olacaqlar, ya da buradan köçüb gedəcəklər.
– İqbal bəy, digər məsələyə də toxunmaq istərdik, qazilərə əlillik dərəcəsinin verilməsi ilə bağlı problem neçə vaxtdır səngimir. Sizcə, bu, hakimiyyət daxilindəki hansısa qüvvənin düşünülmüş ssenarisdir, yoxsa?.. Problemin həlli yolunu necə görürsünüz?
– Həlli yolu sadədir: Azərbaycan hakimiyyəti dəyişməlidir. Bunun başqa yolu yoxdur. Bilirsiniz, Azərbaycan hakimiyyətinin idarəetmə maşını çoxdan köhnəlib. Azərbaycandakı idarəetmə maşınına hər gün bir yamaq vurulur. Lakin köhnəlik mahiyyətini dəyişmir. Çıxışlarımda dəfələrlə deyirəm: qocasını qoyursan, rüşvət alır, cavanını qoyursan, rüşvət alır. Harvard Universitetini qurtaran da alır, Bakı Dövlət Universitetini bitirən də alır. Şairi, yazıçısı alır, fəhləsi də alır… Deməli, sistem düz deyil. Bu sistemi yamaqla həll etmək mümkün deyil. Bəzən çox tez-tez bu fikirləri səsləndirirlər ki, Azərbaycan iqtidarı mövcud şəraitə uyğun olaraq yenilikçi, Harvardda, Oksfordda təhsil alan gəncləri vəzifələrə gətirib, yeni dünyagörüşlüdürlər. Mən isə deyirəm ki, əgər Harvardda, yaxud başqa yerdə oxuyaraq seçki saxtakarlığına etiraz edə bilmirsənsə, haqqı pozulan Azərbaycan vətəndaşını müdafiə etmirsənsə, qanunsuzluğa qarşı çıxa bilmirsənsə, onun içində yer alırsansa, deməli, sənin o universitetlərdə öyrəndiyin, sadəcə, bu sistemdə rüşvəti necə yaxşı almaq barədədir. Olsaydı, sən birinci ona etiraz edərdin. Harvardda oxuyub da pozulan insan haqları barədə susursansa, sənin təhsilinin heç bir fərqi yoxdur…
Mənə bu sistemin içərisində daha yaxşı, daha bacarıqlı bu sistem üçün çalışan, idarə edən adamdan daha çox dünyəviliyi gətirə biləcək adam lazımdır. O adamların heç biri təəssüf ki, onlar deyillər. Ona görə də problemlər yalnız hakimiyyəti dəyişməklə həll olunacaq, qalan hamısı yamaqdır.
– Siz deyirsiniz ki, problemləri həll etməyin yolu hakimiyyəti dəyişməkdən keçir. İndiki şəraitdə hakimiyyəti dəyişəcək nə şərait var, nə də elə qüvvə…
– Sizə elə gəlir. İlk seçkidə hakimiyyəti dəyişmək fürsətləri çoxdur. 1945-ci ildə, İkinci Dünya müharibəsindən sonra İngiltərə xalqı Çörçilə səs vermədi. Halbuki Çörçil o xalqı qələbəyə aparmışdı.
1967-ci ildə Şarl de Qoll da uduzdumu?
1988-ci ildə Berlin divarlarını yıxan Helmut Koll 1997-ci ildə korrupsiya ittihamı ilə hakimiyyətdən getdi. Nə qədər istəsəniz, nümunələr sadalamaq olar.
Uzağa getməyək, özümüzün də tez-tez müqayisə olunduğumuz Ermənistana baxın: Dağlıq Qarabağ və ətraf rayonların işğalında bilvasitə iştirak edən Ter-Petrosyan 1997-ci ilin noyabrında istefaya göndərildi. Köçəryan həbsxanadan qurtula bilmədi. Sarkisyan da istefaya göndərildi.
Heç kim yükünü Qarabağ qalibiyyətinin üzərinə yığmasın. Dünyada bunun nə qədər desəniz nümunələri olub, onlardan nəticə çıxarsınlar. Mən hər zaman deyirəm: təsəvvür edin ki, Ermənistan-Azərbaycan münaqişəsindəki 44 günlük zəfər bir zirvədə dayanıb, sosial vəziyyət, insan haqları, korrupsiya, rüşvətxorluq və digərləri dibdədir. İqtidar ya bu problemləri də həll edərək onları Qarabağ zirvəsinin yanına qaldırmalıdır – bu mümkünsüz görünür, ya da Qarabağ qələbəsini o zirvədən dartıb bunların yanına endirəcək. Faciə onda olacaq. Bu, çox pis tendensiyadır. Ona görə də “hakimiyyəti dəyişmək imkanları” adlı anlayış yoxdur. Bu xalq, nəhayət qəbul etməlidir: onun nicatı hakimiyyəti qanuni yolla dəyişməkdən keçir. Dəyişməsə, ərəb ölkələrindən birinə oxşayacaq.
Dünyada hakimiyyətləri dəyişməyən bir xalqın xoşbəxt olduğunu görmüsünüzmü? Yoxdur, belə bir xalq. O xalqlar inkişaf edib, o xalqlar mütərəqqi olub, o xalqlar cəmiyyətlərində uğur qazanıblar ki, onlar bəlli bir zamanlardan sonra öz hakimiyyətlərini dəyişib xalqın nəzarəti ilə formalaşan bir hakimiyyət yaradıblar. Xalqın nəzarət etmədiyi hakimiyyət olanda, yəni hakimiyyət öz gücünə hakimiyyətdə qalanda dövlətinə də, xalqına da, sonda özlərinə də faciə yaşadırlar.
Biz 21-ci əsrdə bunu düşünməməliyik, çox pis bir yerə gəlmişik. Görün 21-ci əsrdə nədən danışırıq? Əslində fərqli şeylərdən danışmalıyıq. Hakimiyyət də, müxalifət də, cəmiyyət də bunu qəbul etməlidir. Bizdən əvvəl ziyalılar da qəbul etməlidir ki, hakimiyyət mütləq dəyişməlidir. Ziyalı bu gün mütləq mənada hakimiyyətin yanında dayanırsa, o ziyalılıq deyil, gerizəkalılıqdır.
– Siz siyasətçi İqbal Ağazadə Ümid Partiyasının sədri kimi hakimiyyəti dəyişmək üçün yükü çiyninizə götürməyə hazırsınız? Yaxud hansısa qüvvə ilə koalisiyaya gedə bilərsinizmi?
– Əlbəttə. Amma koalisiyaya ehtiyac yoxdur. Xalq etimad göstərərsə, mən və komandam – komanda təkcə partiyada təmsil olunanlar deyil – bu ölkəni bu iqtidardan 10 dəfə yaxşı idarə edə bilərik. Biz buna hazırıq və bunun üçün də çalışırıq. Bu pafos deyil, elə-belə, söz olaraq deyilən fikir də deyil. Mən çox tez-tez hakimiyyət qarşısında təkliflərlə çıxış edirəm. Mənim üçün həm də bir şey göstəricidir: təkliflərimizin böyük əksəriyyəti, yarımçıq da olsa, hakimiyyət tərəfindən qəbul olunur, onlar gerçəkləşdirilir.
2008-ci ildə parlamendəki çıxışlarımın birində dedim ki, “Nefti Allah verib, bir gün qurtaracaq, bu dövləti uçuruma aparmayın”. Onda iqtidar nümayəndələri mənə gülürdülər. 2015-ci ilin devalvasiyasında dedilər ki, biz bilmirdik belə vəziyyət yaranacaq. Halbuki 7 il əvvəl biz bunu demişdik.
2008-ci il neft siyasəti üçün Azərbaycanın ən uğurlu ili olmuşdu. Təkcə 2008-ci ildə neftdən Dövlət Neft Fonduna 48 milyard dollar vəsait daxil olmuşdu. Məhz həmin müddətdə deyirdik ki, bu siyasət uzun müddət gedə bilməz. Ona görə hakimiyyət mütləq dəyişəcək. Dəyişilməz heç nə yoxdur.
– Siz dediniz ki, qazilərlə bağlı problemin həlli üçün hakimiyyət dəyişməlidir. Amma hakimiyyət də, problemlər də hələ ki olduğu kimi qalır…
– Azərbaycan qazilərinin 1991-ci ildən bu günə qədər problemi var, heç biri də həll olunmayıb. Qazilər zaman-zaman meydanlarda olublar, döyüşüblər, haqlarını istəyiblər, hətta üsyan həddinə qədər gəliblər. Bütün bu tarixi prosesi nəzərə alaraq deyirəm ki, qazinin problemini yeni hakimiyyət, həm də birdəfəlik həll etməlidir. Hər gün cari qazi problemi ortaya çıxmamalıdır. Bütün problemləri həll etmək üçün bir dəfə normal sistem müəyyənləşdirmək lazımdır və o sistem ömürlük işlək olmalıdır.
– Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev yaxınlarda keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əlilliklə bağlı qanunvericilik bazasına təklif etdiyi dəyişikliklərin qəbulunu açıqlayıb. Uzun müddət gizli saxlanılan bu məsələ indi üzə çıxır. Məlum olur ki, deputatlar da, hakimiyyətdəkilər də indi problemlərə səbəb olan bu dəyişikliyə etiraz etməyiblər…
– Adamların doğru danışıb-danışmadığını bilmirəm. Mən hakimiyyətin dediyinin hamısına inansam, onda problemdən danışmamalıyıq. Kimin düz deyib-demədiyindən asılı olmayaraq, fakt budur ki, qazilərin, şəhid ailələrinin problemi var. Keçən 30 il ərzində dövlət bunu həll etməyib, normal bir mexanizm tapılmayıb. Ümumiyyətlə, necə tənzimlənməlidir ki, heç kimin bu barədə problemi, sualı, narazılığı olmasın? Bilsin ki, bu kateqoriyaya aid edilmiş şəxsdirsə, onun problemləri bu sistemin içərisində həllini tapacaq. Vətəndaş üçün də o sistem yoxdur. İdarəetmə sistemi yoxdur. Biz hamımız fərdi səylər göstəririk. Rayonda bir qazi daha mübariz, daha aktiv olursa, nəsə əldə edə bilir. Başqa birisinin bu qabiliyyəti yoxdursa, heç nə əldə edə bilmir…
Sistem olmalıdır və hər kəs o sistemə uyğun haqqını almalıdır. Hökumət 30 ildə bu sistemi müəyyənləşdirə bilmir. Hər sahədə belədir. Ona görə deyirəm ki, ayrı-ayrı fərdlərin deməyi, yaxud ayrı-ayrı adamların problemini həll etməsi çıxış yolu deyil. Bir qazinin problemini həll edəcəksən, o biri ilə bağlı problem ortaya çıxacaq. Sistem olmalıdır, adamlar da o sistemin içində yaşamalıdırlar.
– Proporsional seçki sisteminin bərpası ilə bağlı referendem keçiriləcəyi söylənilir. Sizcə, bu sistemin bərpası real görünür?
– Bilmirəm, ola da bilər, olmaya da. Hakimiyyət bir az da bu məsələlərdə guya ictimai rəyə göy muncuq paylayır. İctimai rəy də o göy muncuğun üzərinə bir az da köklənir.
2002-ci il avqust ayının 24-dəki referendumla proporsional seçki sistemini ləğv edən də bu hakimiyyətdir. İndi 2021-ci ildir, gələn il proporsional sistemə ehtiyac olduğunu da bunlar duya bilərlər. Nədən? Bilmirəm. Çünki bu hakimiyyətin bir sistemi yoxdur ki, onu nəzərə alaraq qiymət verəsən.
– Siz proporsional seçki sisteminin bərpasına ehtiyac görürsünüz?
– Mən əvvəlcə azad seçkiyə ehtiyac görürəm. Majoritar, yaxud proporsional sistemlə adamların saxta yolla seçilməsinin nə fərqi var ki?… Ona görə ilk növbədə azad seçkiyə ehtiyac var. Əvvəlcə hakimiyyət nümayiş etdirməlidir ki, o azad seçki keçirə, xalqın verdiyi səsə hörmət edə bilir. Məni kimsə inandıra bilməz ki, parlament və bələdiyyə seçkiləri formalaşarkən xalqın səsindən istifadə olunur. İndi majoritar seçki sistemi ilə keçirilən seçki vasitəsilə parlamentdə 125 adam oturub. Növbəti seçkidə deputat sayını artırmadan proporsional sistemlə 50, majoritar sistemlə 75 nəfərə yenə eyni üsulla deputat mandatı verilməsinin fərqi olacaq? Seçkini hakimiyyət bu fəlsəfə və bu düşüncə ilə keçirəcəksə, heç bir fərqi olmayacaq. Hakimiyyət fundamental islahatlara, sistem islahatlarına gedərsə, fərq ola bilər. Əgər hakimiyyət cəmiyyətdə siyasi təşkilatların, siyasi instututların rolunun artırılmasını istəyərsə, xalqın verdiyi səslər əsas götürülərsə, müsbət dəyişiklikdən söhbət gedə bilər. Konstitusiyanın birinci bəndində deyildiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyətin mənbəyi xalq olacaqsa, istər proporsional, istərsə də majoritar sistem heç nəyi dəyişməyəcək. Dünyada demokratikliyi mojaritarlıq, yaxud proporsionallıq müəyyənləşdirmir.
Demokratikliyin ölçüsü hakimiyyətin yanaşmasıdır. Bu da hakimiyyətdə yoxdur. 1995 və 2000-ci illərdə keçirilən parlament seçkilərini xatırlayın: proporsional seçki sistemi ilə düşənlər və düşməyənlər arasındakı dava nəyin üstündə idi? Qeyri-demokratikliyin. Deməli, məsələ demokratik seçkiyə, xalqın verdiyi səsə münasibətdən asılıdır.
– Hakimiyyət sizin istədiyiniz demokratik seçki keçirməyə maraqlı görünmür. Bu proses nə qədər davam edəcək?
– Xalq və siyasi institutlar demokratiyaya doğru münasibət bəsləyənə qədər. Hakimiyyət demokratik olmayanda demokratikləşmə bizim, siyasi müxalifətin üzərinə düşür. Amma siyasi müxalifətə baxın: soruşursan ki, kimsən? Deyir, mən demokratik cəmiyyət quruculuğu uğrunda mübarizə aparıram. Demokratiyanın birinci şərti iştirakçılıqdır. Daha çox adam prosesdə iştirak etməlidir. Hətta mövqeyi mühafizəkar olan, yaxud hakimiyyət yanında olanların da rəyini dəyişdirməkdən ötrü dəridən-qabıqdan çıxırıq. Bunun da ilk şərti seçkidir. Adamlar seçkidə iştirak etmirlər, iştirak edənlərə xain kimi baxırlar. Deyirlər ki, sən demokratiya uğrunda mübarizə aparmırsan. Demokrat olacaqsansa, demokratiya uğrunda mübarizə aparacaqsansa, bunun yolu seçkidən keçir. Ola bilər ki, sən demokrat deyilsən. Deməli, iddia etməlisən ki, mən inqilabçıyam. Seçki ilə olmursa, küçələrə tökülüşüb hakimiyyəti devirmək ortalığa çıxır. Vəziyyət gəlib o yerə çatanda da adamlar deyir ki, biz zoru, gücü məqsədə çatmaq vasitəsi hesab etmirik, biz demokratıq.
Biz Ümid Partiyası olaraq demokratiyanın – seçkinin tərəfdarıyıq. Bütün postsovet ölkələrində dəyişikliklərin də əsasında seçki dayanıb. Məsələn, Ermənistanda seçki əsasında Paşinyan Sarkisyanı əvəzləyib. Gürcüstanda Şevardnadze, Saakaşvili və ondan sonrakılar da hakimiyyətə seçki yolu ilə gəliblər. Ukraynada, Moldovada, Qırğızıstanda da belə olub. Bir də ərəb ölkələrindəki kimi inqilab modeli var.
Mən inqilab yox, seçki modelinin tərəfdarıyam. Hər zaman israrla qeyd etmişəm ki, bu gün küçələrə çıxsaq, bu hakimiyyəti devirməyə cəhd etsək, onun adı iğtişaş, seçkidən sonra haqqımızı tələb etsək, bu dünyanın hər bir yerində demokratiya uğrunda mübarizə adlanacaq. Adamlar bunun fəlsəfəsini qəbul etmədən seçkidə də iştirak etmir. Mən o adama nə deyim? O adamlar daha çox demokratiyanın iştirakçılarının sayından nə qədər çoxdursa, o qədər tez nail olacağını bilə-bilə deyir ki, məndən başqa müxalifət yoxdur. Hər kəsin çabası nədir? Filankəs müxalifət deyil, müxalifət yalnız mənəm. Buyur, demokratikləşdir, sən görürsən ki, bununla edə bilmirsən.
Bir dəfə çox bəsit bir misal çəkmişəm. Çörəyi bazarda 1 manata satırlar, bu qiymətdən aşağı kimsəyə çörək vermirlər. Çörəyi alsaq 4-5 adam qarnını doyurub, gecəni rahat yatıb sabahını düşünə biləcək. Azərbaycan müxalifətinin ən iddialı tərəfinə bunu misal çəkmişəm. Fərz edək ki, sən deyilən kimi gücsən, amma sənin 1 manatlıq çörəyi almağa gücün çatmır, 90 qəpiyin var. Yerdə qalan 10 nəfərimizin də hərəmizin 1 qəpiyi var. Amma yaşamaq və sabaha çıxmaq üçün çörək almalıyıq. Sən 10 nəfərin də 1 qəpiyini toplayıb 90 qəpiyi 1 manat edib çörək almaq əvəzinə, deyirsən ki, yox, bir qəpik mənə lazım deyil. Onda sən də ac qalırsan, 10 nəfər də, çörəyi yeməyən insanlar qırılır. Sənə deyirəm, bütün gücümüzü toplayaq, demokratiya prlatformasını ortaya qoyaq. Həm də demokratiyaya sənin, mənim baxışım anlayışı olmamalıdır.
Azərbaycanda tarix boyu pis bir tendensiya yaranıb. Hamı seçilmədən prezident olmaq istəyir. Azərbaycanda seçilmiş prezident, seçkidə qalib gəlmiş prezident anlayışı yoxdur. Mütəllibov prezident seçkilərinə gedəndə artıq prezident idi. Rəhmətlik Əbülfəz Elçibəy prezident seçkilərinə gedəndə artıq prezident idi. Rəhmətlik Heydər Əliyev 3 oktyabrda seçilməmişdən əvvəl prezident səlahiyyətlərini icra edirdi. İlham Əliyev 2003-cü ildə seçilmədən prezident səlahiyyətindəydi. Azərbaycan müxalifəti bunun içindən çıxa bilmir ki, biz seçilmədən prezident olmaqdansa, xalqın verdiyi səsə güvənməliyik.
İndi nəyin davası gedir? Bütün seçki dönəmlərində məni seçilmədən öz aranızda razılaşıb prezident edəcəksinizsə, sonra seçkiyə gedim. Bu, faciədir. Biz deyirik ki, Ümid Partiyası üçün maraqlı olan hakimiyyətin mənbəyinin xalq olduğunu təsbit edən Konstitusiyanın birinci maddəsinə uyğun olaraq xalqın verəcəyi səsdir. Məsələn, biz hər hansı bir adamın partiyasından, cəmiyyətdəki yerindən, mövqeyindən asılı olmayaraq, seçici ona səs veribsə, haqqını müdafiə edirik.
Əslində adamları çaşdırırlar. Biz namizədlərin haqqını yox, seçicini müdafiə edirik. Çünki seçici səs verib. Bunlar seçicinin səsini müdafiə etmək üçün mövqe ifadə edə bilmirlər. Elə bilirlər ki, onda İqbalı müdafiə edəcəklər. Faciə budur. Yəni demokratiyanın özünü hələlik Azərbaycan müxalifəti böyük mənada görə bilmir.
Bu günlərdə Şuşa Bəyannaməsi ilə bağlı 48 partiya Prezident Administrasiyasının təklif etdiyi sənədə imza atıb. Orda bir fikir var: “Ümummilli lider Heydər Əliyev”. Bununla bağlı yazım da çap olunub.
Tarixin ironiyasına baxın. 1993-cü ilin bu günlərində rəhmətlik Heydər Əliyevi Bakıya dəvət edib israrla hakimiyyəti verən adamlar məni Heydər Əliyevə düşmən deməyə məcbur edir. Niyə? Düşmən idisə, mənim başıma niyə çıxardırdın? Sənin bu xalqla qəsdi-qərəzliyin nə idi? Əlində bu qədər variantlar olduğu halda, hakimiyyəti öz komandandan birinə vermək, hərəkat yoldaşın Etibar Məmmədovla bölmək, qiyamçı Surət Hüseynovla, Rəhim Qazıyevlə dil tapmaq əvəzinə niyə Heydər Əliyevi çağırdınız? Deməli, gəldiyin qənaət bu idi ki, bunların hamısından Azərbaycana daha faydalı Heydər Əliyevdir. Çağırdınız və prezidentlik kürsüsündə oturtdunuz. Qəbul edirəm. Çağırıb gətirdiyin adama indi cəmiyyətin bəlli bir kəsimi hörmət edir.
Mən Rəsulzadəni qəbul edirəm, sən Elçibəyi qəbul edirsən. Mənim vəzifəm cəmiyyəti parçalamaq, qütbləşdirmək deyil. Siyasi institut olaraq Ümid Partiyasının vəzifəsi siyasi dialoqu və barışı saxlamaqdır. Cəmiyyətin bəlli bir kəsimi Heydər Əliyevə ümummilli lider deyir, mən onu kənara qoya bilmərəm. Sən sabah bir mətn yazıb orada “Elçibəy yolu” qeyd edəcəksənsə, mən onun da altına imza atacağam. Rəsulzadə yazılsa, onun da altından imzalayacağam. Mənim proseslərə yanaşmam budur. Biz cəmiyyətin bəlli bir kəsiminin tarixə münasibətindən asılı olaraq birləşdirməliyik. Adamlar, deyəsən həm də unudur ki, Heydər Əliyev hakimiyyətdə yoxdur.
Tarixlə vuruşmazlar. Heydər Əliyev tarixdir. Biz Almaniyada Vilhemlə, Ottofan Bismarkla, hətta Helmut Kolla döyüşənləri görməmişik. İvan Qroznı, Pyotrla, Yekaterina, hətta Qorbaçov və Yeltsinlə döyüşənləri də görməmişik. Biz iqtidarlı-müxalifətli Şah İsmayılla, Rəsulzadə ilə, Elçibəylə, Heydər Əliyevlə döyüşürük. Faciə budur.
Tarixlə döyüşməkdən əl çəkin! Hakimiyyətdə İlham Əliyevdir. Mən deyirəm ki, tarixdən kimsəni silmək mümkün deyil. Rəsulzadəni silə bildilərmi? Elçibəyi də, Heydər Əliyevi də kimsə silə bilməyəcək. İlham Əliyev bu qədər irad və tənqidlərə baxmayaraq, torpaqların əhəmiyyətli hissəsini və özəlliklə Şuşanı işğaldan qurtaran Ali Baş Komandan kimi tarixdə qalacaq. Yalandırmı?
Siz nə etmək istəyirsiniz? Hərdən irəli baxın. İlham Əliyevi dəyişmək üçün əlimizdə milyonlarla arqument var. Amma onların heç biri Heydər Əliyevlə bağlı deyil. Bu tarixdir. Tarixdə yeri və rolu olanları, dünyasını dəyişmişləri rahat buraxın! Belə olmaz. Bu, əxlaq, mənəviyyat məsələsidir.
Biz Azərbaycanı demokratik, azad ölkəyə çevirəndən sonra hər kəsin yeri və rolu olacaq. İstəyirəm Azərbaycanda anıt qəbri düzəltdirim: tarix mənə imkan və şərait yaratsa, böyük Məhəmmədəminin Türkiyədən nəşini gətirib Elçibəy və Heydər Əliyevin də qəbirləri də onun yanında olmaqla böyük bir anıt qəbri tikdirəcəyəm. Bu milləti, nəhayət özünün tarixinə, tarixi şəxsiyyətlərinə baş əyməyi öyrədəcəm…
araz.az xəbər portalı.
araz.az xəbər portalı.