İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir.
Araşdırmaların ilkin nəticələrinə görə, “Avrora” MMC-nin istehsal etdiyi “BİZON energy” markalı spirtsiz içkilərin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.