Yəqin ki, yaşlı və orta nəsil “Bakinets”qəzetinin bu nömrəsini yaxşı xatırlayırlar..
…28 il əvvəl – 30 iyun 1993-cü il. Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu “Bakinets” qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün Sumqayıtdan “ayaq döydüyü” “Azərbaycan” nəşriyyatının mətbəəsində yenicə çapdan çıxmış qəzetinin başı üstündə idi.
İlk səhifəsinin məhz Heydər Əliyevə – hələ 1969-cu ildən pərəstişkarı olduğu, böyük rəğbət bəslədiyi o böyük şəxsiyyətə həsr edilmiş qəzetə mətbəədəcə fərəhlə göz gəzdirdikdən sonra həmişə olduğu kimi onun 400 nüsxəlik bir bağlamasını götürüb (onları qaçqın və didərgin düşərgələrinə paylatdırırdı, qəzetin qalan 18 minə qədəri isə MDB və Baltikyanı ölkələrə, uzaq xaricə göndərilirdi), nikbin əhvalla redaksiya korpusuna tələsdi. Bir redaktor kimi məmnun idi ki, qəzetin baş səhifəsinə çox sevdiyi, hər zaman ehtiram bəslədiyi dahi rəhbərin neçə-neçə foto-müxbirdən soraqlaşıb (o vaxt – məlum qadağalar dövründən sonra Heydər Əliyevin şəklini tapmaq müşkül məsələ idi), nəhayət, ürəyincə olan, daha münasib bildiyi, dağ əzəmətli, vüqarlı görkəmgə olduğu bir şəklini tapıb qoya bilmiş və qəlbində son illər onun haqqında dolandırdığı fikirləri, demək istədiklərini qısa da olsa, verə bilmişdi.
Nəşriyyatın 3-cü mərtəbəsinə, böyük jurnalistikaya ilk dəfə qədəm qoyduğu “Vışka” qəzetinin və son vaxtlar həm də “Bakinets”in yerləşdiyi mərtəbəyə çatıb, əlindəki bağlama ilə otağına tərəf gedərkən birdən kimsə arxadan onu səsləyib, salamlaşaraq, rusca dedi: “Rəhman, səni Heydər Əliyev axtarır”. Nədənsə, deyilənə inanmayaraq, yoluna davam etdikdə bir “vışkaçı” jurnalist qadın da eyni sözləri “na samom dele, Raxman” deyib təkrar etdi. O isə bunu qəzetində Heydər Əliyevə həsr olunmuş səhifəyə görə edilən bir xoş eyham, təbrik kimi qəbul edib, yenə də deyilənin ciddi olduğuna inanmadı. Nəhayət, “Vışka”nın məsələdən xəbərdar olan o vaxtkı məsul katibi Tofiq Ağayev kabinetindən çıxaraq səmimi, inandırıcı səslə dedi ki, Rəhman, tez “Bakı” qəzetinə, Ağa müəllimə zəng elə, səni axtarırlar.
Gənc redaktor istər-istəməz narahat olmağa başladı ki, “bəlkə, qəzetdə hansısa vurğu, aksent düzgün verilməyib, siyasi naşılıq olub?”. Odur ki, cəld “Bakı”-”Baku” qəzetlərinin baş redaktoru, nəşriyyatda hamının böyük hörmət bəslədiyi Ağa Ağayevə zəng etdi. Ağa müəllim telefonda həyəcanlı halda soruşdu: “Rəhman, sən qəzetində Heydər Əliyevlə bağlı nəsə vermisən? Mənə Milli Məclisdən zəng eləyiblər, elə biliblər ki, biz “Bakı” qəzetində onunla bağlı məqalə və şəklini vermişik. Ancaq dərhal başa düşdüm ki, bu, olsa-olsa, sənin işin ola bilər. Yəqin qəzetlərin adını – “Bakı” və “Bakinets”i səhv salıblar”.
Və, Ağa müəllim gənc həmkarını çox intizarda saxlamayaraq demişdi: “Heydər Əliyev səni görmək istəyir. Tez qəzetdən 70-80 nüsxə də götürüb, düş aşağı, mənim maşınımla təcili gedirik Milli Məclisə”.
“Bakinets”in redaktoru qəzetləri də götürüb, nəşriyyatın qarşısına çıxana kimi hər işində çox məsuliyyətli, dəqiq və operativ olan Ağa müəllim artıq 7-ci mərtəbədən düşərək, öz xidməti redaksiya maşınının yanında idi. Maşına oturar-oturmaz gənc həmkarından tələm-tələsik qəzetlərdən birini götürüb, 30 illik peşəkar nəzər-diqqəti ilə onu böyük maraqla nəzərdən keçirərək, “əladır, Rəhman, çox gözəl!” demişdi.
Milli Məclisə çatıb, içəri daxil olanda “Nyu-York Tayms” və “Vaşinqton Post” qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri Tomas Qoltsla rastlaşırlar və Rəhman Orxan onu ölkəmizə rəğbəti olan bir jurnalist kimi tanıdığından, məmnuniyyətlə qəzetin bir nüsxəsini ona bağışlayır. (Səhərisi günü – iyulun 1-də Tomas hər iki Amerika qəzetində “Bakinets” qəzeti bolşevik lideri Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarşıladı” sözləri ilə müşayiət etdiyi məqalə vermişdi).
O vaxtlar Milli Məclisin Mətbuat xidmətinin rəhbəri olan tanınmış yazıçı-dramaturq, Azərbaycanın Əməkdar jurnalisti, mərhum Aqşin Babayev də, sən demə, “Bakinets”in yeni nömrəsini intizarla gözləyirmiş: “Rəhman, görüm sən qəzetdə nə vermisən ki, Heydər müəllim səhərdən bir-neçə dəfə səni soruşub?”. Və qəzeti əlinə alıb baxmağı ilə fərəhlə, gülə-gülə demişdi ki, “Baho, sən lap qiyamət eləmisən ki, çox pakizə! Kişi buna görə səni görmək istəyir də… Oturun burda, indi gəlirəm” deyib, qəzetləri də götürüb, xoş bir ovqatla Milli Məclis sədrinin (o vaxt H.Əliyev hələlik Milli Məclisin sədri idi) köməkçisi Fazil Muradəliyevin yanına tələsdi.
…Həmin əlamətdar gündən sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Bakinets” qəzetinin redaktoru bütün mühüm respublika tədbirlərinə dəvət olunurdu. Onlardan ən çox yadda qalanı isə, əlbəttə ki, 20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin kontraktı”nın – Beynəlxalq neft sazişinin imzalanması mərasimi idi.
***
Azərbaycanın görkəmli kino-rejissoru, “Lider” telekanalının Azərbaycan üzrə rəhbəri, Ulu öndərlə bağlı ilk və maraqlı sənədli filmlərin müəllifi Davud İmanov bir dəfə bizimlə söhbətində bildirmişdi ki, iyunun 30-da o, səhər tezdən Heydər Əliyevlə görüşməli idi. Adəti üzrə yolüstü qəzet köşkünə baş çəkərkən Heydər Əliyevin o vaxt üçün çox nadir, həm də iri olan portretinin verildiyi qəzetin məhz sumqayıtlı dostu Rəhman Orxanın qəzeti – “Bakinets” olduğunu görüb, ondan dərhal iki nüsxə alıb, respublika rəhbərinin görüşünə getmişdi. Onun dediyinə görə, Heydər Əliyev qəzetin ilk səhifəsində “On vernulsə!!.” başlıqlı yazıda “ON doljen bıl vernutğsə! ON, imenno ON nujen bıl v gtot samıy trudnıy, naitəjeleyşiy period naşeqo naroda. İmenno ON, obladaöhiy boqatım opıtom bolğşoqo politika i lidera, mojet vıvesti narod iz trudnoqo voennoqo i gkonomiçeskoqo polojeniə, v kotorom on okazalsə…” sözlərindən sonra məqalə və şəklin altında iri hərflərlə bütün səhifə enində yazılmış “İgid odur – hər əzaba qatlana, igid odur – atdan düşə, atlana!..” atalar misalını oxuduqda xalqın onu bu cür sevib, yüksək dəyərləndirməsindən, həmin ağır günlərdə yalnız ona güvənməsindən təsirlənib-kövrələrək, gözləri dolmuşdu (bunu Davud müəllim demişdi). Həmin an da köməkçisinin “düyməsini” basaraq, təcili olaraq “Bakinets” qəzetinin redaktorunu yanına dəvət etməyi tapşırmışdı…
***
Yalnız neçə illərin dostu kimi yox, həm də yaradıcılığını daim izlədiyim bir jurnalist kimi bilirəm ki, Rəhman Orxan həmişə Heydər Əliyevin adını uca tutub, daim böyük ehtiram bəsləyib. Müharibə veteranı olan atası Abdurahman kişinin dahi rəhbərlə eyni ildən, eyni aydan olmasından əlavə onda bu ehtirama səbəb respublikanın rayonlarında kasıbçılıqla yaşayan əhalinin güzəranının məhz Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən bir müddət sonra yaxşılaşması, onun doğma xalqına, elm və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə, tariximizə, görkəmli adamlara göstərdiyi diqqət və qayğı olmuşdu. Təsadüfi deyildi ki, hətta Ulu öndər Moskvaya, SSRİ miqyasında daha böyük bir vəzifəyə gedərkən bu, Rəhman Orxanın ürəyincə olmamışdı – sadəcə, o dahi şəxsiyyətin Azərbaycandan, öz doğma elindən-obasından, xalqından uzaq düşməsini istəməmişdi. Və, görünür ki, o, haqlı imiş. Bəlkə də, 1987-88-ci illərdə Heydər Əliyev respublika rəhbərliyində qalmış olsaydı, ermənilər qələt eləyib Qarabağda baş qaldıra bilərdilər. Heydər Əliyevin sadəcə adı, bircə barmaq silkələməsi kifayət edərdi ki, o nadürüstlər yerlərində oturaydılar. Əslində, Rəhmanın bu fikri ilə mən də bu gün tam razıyam. Həqiqətən də, 1988-1990-cı illərdə bizə dünya şöhrətli, qüdrətli siyasətçi olan Heydər Əliyev lazım idi, qətiyyətsiz, “dişsiz” K.Bağırov, Ə.Vəzirov kimiləri yox! Xalqı uçuruma məhz onlar və onlardan sonra hakimiyyətə gələn siyasi diletantlar, karyeristlər yuvarladılar – bu da Rəhman Orxanın həm o zaman, həm də indi dəyişilməz olan qəti fikridir. Və məncə də, bu, tam doğru, düzgün bir qənaətdir.
***
Rəhmanın Ulu öndərə olan hörmət və ehtiramı bəzilərində olduğu kimi “fasilələrlə”, “mövsümi” olmayıb (bu ifadə də onundur), daimi, əbədidir. Yadımdadır ki, bir dəfə – 1988-ci ilin yayında “Vışka” qəzetinin xüsusi müxbiri kimi Naxçıvanda olarkən artıq Moskvadakı vəzifəsindən çıxarılmış Heydər Əliyevin büstü önündə şəkil çəkdirmək istəyərək, “obkom”un (Muxtar Respublikanın) nümayəndəsinin də onunla yanaşı dayanmasını təklif etdikdə, əslən naxçıvanlı olan o partiya işçisi əllərini sinəsi önündə çarpazlayaraq, qətiyyətylə “mən yox” demişdi (həmin vaxt çəkilən, üzərində “Naxçıvan, 1988. – Qranitsa” sözləri yazılan şəkil bu gün də jurnalist dostumun arxivində saxlanılır). Onu da qeyd edim ki, bir qrup vəzifəli adamlar Ulu öndərin həmin büstü önündə yalnız “ara sakitləşəndən”, “duman çəkiləndən” sonra, böyük bir igidlik edirmişlər kimi şəkil çəkdirmişdilər. Ancaq Rəhman Orxan bunu onlardan da, hətta “91”-lərdən də öncə etmişdi, o – “88”-lərdəndir.
Onun Ulu öndərə sevgisini-ehtiramını qanlı-qadalı 1988-91-ci illərdə öz həmfikir dostları ilə birgə şəxsən Heydər Əliyevə, onun Azərbaycan rəhbəri təyin edilməsi üçün Kreml bosslarından olan Liqaçova və digərlərinə göndərdikləri (surətləri saxlanılır) teleqramlar da əyani olaraq sübut edir. Həmin teleqramların birində Heydər Əliyevə müraciətlə yazılmışdı:
“Azərbaycanımızın böyük və müdrik oğlu Heydər bəy! Xalqımızın bu ağır və dəhşətli günlərində yeganə ümidimiz yenə də Sizədir.
Əziz Heydər bəy! Xalqımızın qeyrətli və qüdrətli oğlu, doğma Vətənimiz – bu ağsaçlı Anamız özünün bu ağır günlərində Sizdən, öz qeyrətli və cəsur, tədbirli və bütün dünyada böyük nüfuz sahibi olan oğlundan imdad diləyir. Bu dar, məşəqqətli gündə Vətənimizin və onun gözü yaşlı övladlarının dadına tələsin! Doğma Azərbaycanımızı, onun göz-bəbəyi olan Qarabağımızı xilas edəcək yeganə bir adam varsa, o da Sizsiniz. Möhkəm inanırıq ki, respublikamıza Siz bir Prezident və ya hər hansı bir başqa şəkildə ağsaqqallıq etsəniz, ermənilər çox qısa bir vaxtda rədd olub Qarabağdan gedəcəklər. Xalqımız bu gün bir daha, bütün məsuliyyəti ilə dərk edir ki, Vətəni bu ağır vəziyyətdən, qanlı müharibədən yalnız Heydər Əliyev kimi müdrik siyasətçi, qətiyyətli və nüfuzlu, qüdrətli bir şəxs xilas edə bilər.
Xalq Sizi gözləyir, Heydər bəy! Xalq Sizi istəyir, irəli durun! Vətən Sizdən imdad diləyir.
Hörmətlə və son dərəcə böyük ümidlərlə:
Ucal Qasımzadə, Rəhman Məmmədov və başqaları”
Bu teleqram göndəriləndə Şuşa, Laçın, Ağdam, Kəlbəcər və digər rayonlarımız da hələ bizim idi, işğal olunmamışdı. Ancaq ki… biz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsində gecikdik, çox gecikdik, heç vaxt bağışlanılmayacaq dərəcədə həddindən çox!..
***
Bu gün artıq respublikanın Əməkdar jurnalisti olan Rəhman Orxanın sözdə yox, əməldə Heydər Əliyevçi olduğunu onun 1992-ci ildə prezident seçkilərinə hazırlıq ərəfəsində “Vışka” qəzetinin müxbiri kimi Qubada və Qusarda olarkən yerli sakinlərlə, əmək adamları ilə görüşləri zamanı adı seçki siyahısında olanları yox, məhz Heydər Əliyevi prezidentliyə namizəd kimi təbliğ etməsi də sübut edir. Həmin görüşlər barədə məqalələr elə o vaxtlar çalışdığı “Vışka” qəzetində dərc olunmuşdu – özü də Heydər Əliyevin adının Azərbaycanda yasaq olunduğu bir dövrdə! Sonralar da – xaraktercə həlim, iradəcə zəif prezident Əbülfəz Elçibəyə təzyiq göstərərək özlərinə general rütbələri verdirmiş bəzi “Don Kixot”ların “at oynatdığı”, “ipə-sapa yatmayan” jurnalisti ciddi cəzalandıra biləcəkləri vaxtlarda da Rəhman xalqın sevimlisi olan Heydər Əliyevin hakimiyyətə gəlişinin labüdlüyünü bildirərək, “Bakinets” qəzetində o böyük şəxsiyyətin şəkli də olmaqla müvafiq təbliğat xarakterli yazılar da vermişdi.
Bu gün həmkarım və dostum Rəhman Orxan haqlı olaraq fəxrlə bildirir ki, Ulu öndərin layiqli davamçısı, Azərbaycanın möhtərəm Prezidenti, Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış böyük Qələbənin təməli məhz 1993-cü ilin 15 iyunundan sonra – Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra qoyulmuşdu.
***
P.S. “Bakinets” qəzetinin yaranması və fəaliyyəti barədə İki məşhur həmyerlimiz – SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov “Bakinets”in redkollegiyasının fəxri üzvləri idilər. Rəhman Orxan onlarla 1990-cı ilin noyabrında Moskvada görüşüb, qəzetlə (və hətta eyni adlı cəmiyyətlə) bağlı xeyir-dualarını almışdı. Qəzetin elmi məsləhətçisi görkəmli akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi.
Düşmənlərimizin ideoloji təbiğatına qarşı mübarizə məqsədilə 1992-ci ildə yaradılmış “Bakinets” yalnız Azərbaycanda deyil, Rusiyada, Ukraynada, Belorusiyada, Moldovada, Baltikyanı ölkələrdə, Gürcüstnada, hətta Bolqarıstanda və İsraildə də yayılırdı. Onun ABŞ və Kanadada, Monqolustanda da oxucuları vardı. Qəzetin yayımına təmənnasız olaraq “Azərbaycan Hava Yolları” böyük köməklik göstərirdi.
Düşmənlərimizin narahatçılığına, qəzəbinə səbəb olmuş “Bakinets” qəzetini (emənilər “Novoe vremə” jurnalında qəzetin əleyhinə böyük bir məqalə də verdirmişdilər) Rəhman Orxan xalqımızın vətənpərvər oğlu, unudulmaz, gözəl insan, Sumqayıtın “Məişət kimyası” zavodunun direktoru olmuş mərhum Ucal Qasımzadə ilə birgə təsis etmişdi. Qəzetin ilk və etibarlı, vətənpərvər sponsoru da məhz o idi…
Əli NƏCƏFXANLI,
Azərbaycanın Əməkdar jurnalisti
araz.az xəbər portalı.