2014-cü il yanvarın 14-də Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normalarının tətbiq edilməsi barədə qərar qəbul edilib. Buna baxmayaq, hələ də ölkədə bu normalara cavab verməyən avtomobillər istismar edilir.
Avtomobillərdən zəhərli qazların atmosferə atılmasının qarşısını almaq üçün onlara katalitik neytrallaşdırıcı, yəni katalizator adlanan qurğu quraşdırılır. Katalizatorun içərisində xüsusi süzgəc olur ki, bu süzgəc vasitəsilə dəm qazını, benzin buxarını və azot oksidlərini insan üçün zərərsiz olan su, karbon qazı və azota çevirir. Lakin Azərbaycanda xeyli avtomobil var ki, onlarda katalizator yoxdur. Bunun da əsas səbəbi idxal olunan həmin avtomobillərin ölkəmizə daxil olmasından öncə bəzi işbazlar tərəfindən katalizatorlarının çıxarılmasıdır. Xüsusən ABŞ-dan ölkəmizdə gətirilən “Chevrolet Cruze”, “Toyota Prius” kimi avtomobillərin əksəriyyətində katalitik neytrallaşdırıcı Gürcüstan ərazisində işbazlar tərəfindən çıxarılır və içindəki qiymətli metallar yüksək məbləğə satılır.
2014-cü il yanvarın 14-də qəbul edilmiş qeyd etdiyimiz qərar Dövlət Yol Polisi (DYP) əməkdaşlarına avtomobilləri “Avro-4” ekoloji normalarına cavab verməyən sürücülərlə bağlı tədbirlər görməyə əsas verir. Təsadüfi deyil ki, bir neçə həftə öncə paytaxt küçələrində yol polisi tərəfindən keçirilən reydlər zamanı xeyli avtomobildə bu normaların pozulduğu aşkarlandı və onların sürücülərinə qarşı müxtəlif tədbirlər görüldü. Bu isə ölkə ictimaiyyəti tərəfindən etirazlarla qarşılandı. Bir sıra sürücələr belə çatışmazlıqlara görə avtomobillərinin yol polisi tərəfindən cərimə meydançasına aparılmasına yaxud cərimə məbləğlərinin yüksək olmasına etirazlarını bildirdilər. Nəzərə alsaq ki, bəzi sürücülər bu avtomobilləri Gürcüstan bazarından elə bu vəziyyətdə, yəni “Avro-4” normalarına cavab vermədiyi halda alaraq ölkəmizə gətirdiyini iddia edir, bəziləri isə avtomobilin onlara Azərbaycan bazarında bu vəziyyətdə satıldığını bildirir. Bu zaman sürücülərin də şikayətlərini başa düşülən hesab etmək olar.
İndex.az sözügedən etirazların əsaslı olub-olmamasını, problemin səbəblərini və həlli yolları ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib, eyni zamanda bəzi modellər üzrə katalizator qiymətlərini araşdırıb.
“MasterClass” layihəsinin rəhbəri Raqif Raufoğlu açıqlamasında xarici ölkələrdə avtomobil istismarı zamanı ekoloji normaların gözlənilməsi məsələsinə toxunub:
“Bu məsələ ilə bağlı o qədər özbaşınalıq yaranmışdı ki, hətta sürücülər özləri avtomobillərinin katalizatorunu çıxarıb satırdılar. Son zamanlar Azərbaycana ABŞ-dan “Chevrolet Cruze” və “Toyota Prius” avtomobilləri gətirilir. Həmin avtomobillərin katalizatorunu Gürcüstanda kəsmə üsulu ilə çıxarırlar. Bu məsələdə bəzən bizim işbazlar da iştirak edirlər. Çünki katalizatorun yaxşı qiyməti var. Bu qiymət modelə görə 1500-2000 manat arasında da dəyişə bilir. Katalizatorun içindəki qiymətli metalları da çıxarıb satırlar. Bu gün dünyada ekoloji balansın pozulması bir sıra addımların atılmasını zəruri edib. Avropada artıq avtomobillərin “Avro-7″ ekoloji normalarına cavab verməsi tələbi mövcuddur. Avropa ölkələrində hətta benzin və dizel mühərrikli avtomobillərdən də imtina edirlər. Bizdə isə katalizatoru çıxarırlar. Bu hal ətraf mühitə zərər vurmaqla birbaşa ürək-damar xəstəlikləri, onkoloji xəstəliklərin yayılmasına səbəb olur”.
Raufoğlu ölkədə katalizatorsuz avtomobillərin istismarına görə gömrük əməkdaşlarının da məsuliyyət daşıdığını bildirib:
“Ortaya çıxır ki, nəyə görə gömrük xidməti katalizatoru olmayan avtomobilləri ölkəyə buraxır? Qanuna əsasən, Dövlət Gömrük Komitəsi o avtomobillərin ölkəyə daxil olmasına imkan verməməlidir. Katalizatorun olmaması o deməkdir ki, avtomobil “Avro-4″ standartlarına cavab vermir. Biz avtomobili istehsal ilini nəzərə alaraq ölkəyə buraxırıq. Əslində isə həmin katalizatoru olmayan avtomobillərlə 30-40 ilin nəqliyyat vasitəsi arasında heç bir fərq yoxdur. Bəs niyə həmin avtomobilləri yox, bunları ölkəyə buraxırıq? Dövlət Gömrük Komitəsi bu məsələ ilə bağlı sorğu-suala çəkilməlidir”.
Müsahibimiz bir müddət öncə yol polisinin katalizatorsuz avtomobillərlə bağlı sərt tədbirlər görməsini doğru hesab etdiyini bildirib:
“Dövlət Yol Polisi “Avro-4″ normalarına cavab verməyən avtomobil sürücülərinə qarşı mübarizəyə başlamışdı. Birinci dəfə aqressiv başladılar və doğru da etdilər. Sonra isə sürücülərə müəyyən qədər vaxt verdilər ki, avtomobillərinə katalizator quraşdırsınlar. Lakin hazırda ölkədə lazımi qədər katalizator yoxdur. Artıq iş adamları onu ölkəyə gətirməyə başlayıb. Yəqin, 1-2 həftəyə ölkədə hər kəsə çatacaq qədər katalizator olacaq. Bizdə benzin mühərrikli avtomobillərdə katalizatorun olmaması, dizellə çalışan maşınlarda isə DPF məsələsi problem yaradır. Dizelin çox keyfiyyətsiz olması səbəbindən hələlik dizel mühərrikli avtomobillərə qarşı bu cür tədbirlər tətbiq etmək olmur. Çünki sürücünü məsuliyyətə cəlb etmək istəsən deyəcək ki, bizim yanacağımız bu vəziyyətdədir, ona görə də mənim başqa variantım yoxdur”.
Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov avtomobillərin texniki baxışdan keçirilməsi zamanı onların “Avro-4” ekoloji normalarına cavab verməsinin yoxlanılmalı olduğunu vurğulayıb:
“Problem təkcə avtomobillərdə katalitik neytrallaşdırıcının olmamasında deyil. Əslində məsələ avtomobillərin ekoloji standartlara uyğunluğu, yəni onların daxili yanma mühərrikinin ətraf mühitə buraxdığı qazların tərkibinin normativlərə uyğun olmasındadır. Bunu təmin etmək üçün qanunvericiliyimizdə müəyyən müddəalar var. Birincisi, Azərbaycana idxal olunan hər bir nəqliyyat vasitəsinin daxili yanma mühərriki “Avro-4” ekoloji standartına uyğun olmalıdır. Xarici ölkələrdən minik avtomobili gətirilirsə, onun istehsalçı tərəfindən müəyyən olunmuş “Avro-4” ekoloji sertifikatı olmalıdır. Yaxud da hamı bilməlidir ki, bu avtomobilin daxili yanma mühərriki “Avro-4″ ekoloji standartına cavab verir. Avtomobil Azərbaycana idxal olunarkən gömrük rəsmiləşdirilməsindən keçəndə yoxlanılmalıdır. Hətta müəyyən şübhələr yaranarsa, avtomobil gömrük ekspertizası labaratoriyalarında da yoxlanıla bilər. İkincisi, həmin avtomobillər 5 il və daha çox müddətdə istismarda olmuş avtomobillərdirsə, onlar Azərbaycanda dövlət qeydiyyatına alınarkən texniki baxışdan keçirilməlidir. Texniki baxışda da yoxlanılmalı predmetlərdən biri mühərrikin atmosferə buraxdığı qazların standartlara uyğunluğunun olub-olmamasıdır. Bunu da DYP yoxlamalı, əgər standartlara uyğun deyilsə, sürücüyə izah olunmalıdır ki, avtomobilini qaydaya salsın”.
Ekspert bildirib ki, qanuna görə standartlara cavab verməyən avtomobillər cərimə meydançasına aparılmır:
“Digər tərəfdən Azərbaycan qanunvericiliyi icazə verir ki, yolda hərəkət edən avtomobil belə əsaslı şübhələr olduqda saxladılıb avtomobilin mühərrikinin ekoloji standartlara uyğun olub-olmaması yoxlanılsın. Lakin bu yoxlanış adi gözəyarı baxışla olmamalıdır. Yolda hərəkət edən avtomobildən çıxan tüstü şübhə çəkərsə, o saxladılır, avtomobilin mühərriki qaz analizatoru vasitəsilə yoxlanılır, nəticələr kağızda çap edilir. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində yazılır ki, həmin nəticələrə əsasən avtomobilin mühərrikinin standartlara uyğun olmadığı məlum olarsa, sürücü bu problemi aradan qaldıra bilməsə, onun barəsində 50 manat cərimə tətbiq oluna bilər. Amma bu şərtlə ki, sürücü mövcud problemi aradan qaldıra bilməsin. Lakin bu problemin aradan qaldırılması üçün qanunda müddət nəzərdə tutulmayıb. Bir daha qeyd edirəm ki, burda söhbət təkcə avtomobildə katalizatorun olmamasından getmir. Ümumilikdə avtomobilin daxili yanma mühərrikinin ekoloji standartlara uyğun olmamasından gedir. Belə olan halda isə avtomobil cərimə meydançasına aparılmır. Sadəcə sürücü barəsində protokol tərtib edilir ki, o avtomobilini təmir etdirsin”.
Qeyd edək ki, paytaxtdakı ehtiyyat hissələri mağazalarında ABŞ-dan ölkəmizə gətirilən “Chevrolet Cruze” və “Toyota Prius” modellərinə aid katalizatorların satış qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, “Chevrolet Cruze” modelinə aid təzə katalizatorun qiyməti 400 manat, “Toyota Prius” modeli üçün olanın isə qiyməti 250 manat ətrafındadır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.