Hazırda Azərbaycan xalqı böyük bir təhlükə ilə üz-üzə dayanıb. Xalqımızın milli genefondunu dağıdan və ailə institutlarını məhv edən narkomaniyanın geniş şəkildə yayılması Azərbaycan dövləti üçün SOS olmalıdır. Təsəvvür edin, 2021-ci ilin iyun ayının 1-nə qədər olan məlumata görə (bu məlumatı DİN-in mətbuat xidmətindən almışam), 170 kq metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu qədər narkotik tərkibli metamfetaminin dəyəri 3 milyon 400 min manatdır. Eyni zamanda, cari ildə 911 kq heroin, 129 kq tiryək dövriyyədən çıxarılıb. 911 kq heroinin dəyəri isə 14 milyon 300 min manat təşkil edir.
Deməli, böyük bir mafioz-biznes şəbəkəsindən söhbət gedir və millətin fiziki-mənəvi baxımdan məhv edilməsi hansısa vahid mərkəzdən idarə olunur. Problem qlobal xarakter daşıyır. Ancaq hansı dövlət özünü bu bəladan nə qədər qoruya bilir? Elə əsas məsələ də bu olmalıdır.
Azərbaycanda orta məktəb şagirdləri və ali məktəb tələbələri arasında narkomaniya çox geniş şəkildə yayılıb. Ölkədə narkotik istifadəçilərinin sayı indiki qədər pik həddə çatmamışdı. Millət fəlakətlə üz-üzədir, artıq gənclər narkotik maddələrdən açıq şəkildə istifadə edirlər və azyaşlılar içərisində də bu bəlaya duçar olanlar az deyildir. Narkotik maddələrdən asılılıq gəncləri o hala salıb ki, Azərbaycanda ailələrin böyük hissəsi məhz narkotik istifadəçisi olan hər hansı ailə üzvünə görə dağılır.
Məktəblərdə, ali məktəblərdə şagirdlərin və tələbələrin çantasından narkotik maddələr – şuşə, patı, kakos və s. tapmaq mümkündür. Və bu hal sürətlə artmaqda davam edir. Bu fəlakətdə istisnalar axtarmaq yox, konrekt hərəkətə keçmək lazımdır.
Valideynlər bir həqiqəti anlamağa başlayıblar: övladları mənəvi-fiziki terrorla üz-üzədir. Onları məktəbə göndərməmək də olmur.
Məktəblərdə konfet adı ilə satılan narkotik…
Düzdür, narkotiklərlə mübarizə bütün dünya dövlətləri üçün aktual məsələdir. Əksər ölkələrdə narkomaniya praktiki olaraq 18-25 yaş arası gənclər arasında yayılıb və dünya əhalisinin təxminən 7%-i narkotikdən istifadə edir. Biz Meksika, Əfqanıstan, Kolumbiya kimi “tarixi narkotik ənənələrinə” malik ölkə deyilik, ona görə də hazırda Azərbaycanda narkomaniya ilə bağlı acınacaqlı durum xalqın və dövlətin təhlükəsizliyinə də təhdid yaradır.
Dünyada ən gəlirli biznes sahələrindən biri məhz narkotik ticarətidir. Xalqların məhv edilməsi hesabına müxtəlif dövlətlərin himayəçiliyi altında böyük mafioz şəbəkələr nakotik ticarətindən milyardlarla vəsait əldə edirlər.
Azərbaycanda 2020-ci ildə ölkədə qeydə alınmış 26 004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz çoxdur. Bu acınacaqlı durum hər saniyə öz miqyasını genişləndirməkdədir.
Azərbaycan dövləti üçün Qarabağ problemi nə demək idisə, narkotiklərlə sistemli və effektiv mübarizə də eyni dərədəcə vacib məsələ olmalıdır. Çünki narkomaniya bütün düşmənlərdən daha təhlükəlidir və xalqı “səssiz işğal” edərək məhv edir.
Dövlət nə etməlidir?
Azərbaycanda hər hansı bir hüquq-mühafizə orqanının apardığı mübarizə və həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkomaniyanın, narkotik ticarətinin qarşısını almaq mümkün olmayacaq.
DİN, DTX, Baş Prokurorluq, DSX, DGK, Ədliyyə Nazirliyi (məhkəmələr sistemi) və Təhsil Nazirliyi dərhal hərəkətə keçməli, narkotiklə mübarizə sahəsində Dövlət Proqramı hazırlanmalı, ən uzağı 2021-ci ilin sentyabr ayında bu Dövlət Proqramının birinci mərhələsinin orta məktəblərdə icrasına başlanılmalıdır.
Ədliyyə Nazirliyini niyə qeyd edirəm? Həbsxanaya göndərilən narkotik tacirləri orada islah olunmalıdırlar və bu məsələdə məhkəmələr, Penitensiar Xidmət öz fəaliyyətində ciddi korrektələr etməlidir.
DİN-in, DTX-nın, Prokurorluq orqanlarının həbs etdiyi narkotik satıcısını məhkəmələr necə azad edə bilər, yaxud Penitensiar Xidmət bu şəxsləri niyə islah etməyi bacarmır?
Axı statistika göstərir ki, narkotikə görə məhbus həyatı yaşayan şəxs azadlığa çıxandan sonra yenidən eyni maddə ilə həbs edilir. Vətəndaş öz əməllərini davam etdirir.
Əvvəla, narkotiklə mübarizədə nəticə ilə yox, səbəblə mübarizə aparmaq lazımdır. Hər halda gənclərin hansı səbəbdən narkotikə qurşandığını müvafiq dövlət qurumları bilməmiş deyildir. Hətta bütün dövlət qurumlarını səfərbər etsək və ayrı-ayrılıqda hər bir narkotik satan şəxs, yaxud narkotik istifadəçisi həbs olunsa da, ortada nəticə olmayacaq. Çünki narkotik istifadəçisini, narkotik satıcısını buna daşıyan müxtəlif sosial səbəblər var. Şübhəsiz, sosial problemlər, ailədaxili gərgin atmsofer insana narkotikə qurşanmağa əsas vermir, lakin nəzərə almaq lazımdır ki, hər kəs eyni iradəyə, eyni dözümə və eyni vətəndaş mövqeyinə malik deyil. Digər tərəfdən, problemin kökü ailələrə gedib çıxır, Azərbaycanda ailə institutlarının möhkəmləndirilməsi mühüm dövlət məsələsinə çevrilməlidir.
Narkotik Azərbaycana haradan daşınır?
Azərbaycana narkotik əsasən cənub qonşumuz İrandan daşınır. Dövlət sərhədimizin tez-tez pozulması təsadüfi hadisələr deyil. Bu ilin may ayının 15-də Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı 3 nəfər naməlum şəxs dövlət sərhədimizi pozmuşdu və sərhəd pozucularının açdığı atəş nəticədə iki hərbçimiz şəhid oldu. Onlar əllərində olan yükləri ataraq qaçmağa cəhd ediblər, lakin onlardan biri saxlanılıb, digəri ilə bağlı əməliiyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilirdi. Hadisə yerindən təxminən 10 kq narkotik maddə aşkarlanmışdı.
Bu, ilk hal deyil. Hadisə ilə bağlı İran tərəfinə məlumat verilsə də, qonşu dövlət bu qanunsuzluğun aradan qaldırılmasında maraqlı görünmür.
May ayının 17-də İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər şəxs saxlanıldı və onlardan çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli digər maddə aşkarlanaraq götürüldü. Nəticə dəyişirmi? Dəyişmir!
2020-ci ildə İran vətəndaşları Masallı rayonundan həbs edilmişdi. Məsələ bundadır ki, ölkəmizə böyük çəkidə narkotik gətirən İran vətəndaşları burada həbs edilsələr də, cəzalarının qalan hissəsini çəkmək üçün öz ölkələrinə göndərilirlər. Bəs bu şəxslər qalan cəzalarını İranda çəkirlərmi?
İrandan Azərbaycana narkotik seli axır. (Bu haqda ətraflı və detallı araşdırma yazılarım olacaq)
Velosiped oğruları niyə tapılmır?
Bakıda velosiped oğurluğu baş alıb gedir. Bu oğruluğu həyata keçirənlər narkotik istifadəçisi olan gənclərdir. Çox adam təsdiqləyər ki, velosiped oğurluğu ilə bağlı olunan şikayətlər bir çox hallarda nəticə vermir. Düzdür, polis orqanları tərəfindən müxtəlif vaxtlarda velosiped oğruları saxlanılıb. Ancaq bu istiqamətdə olunan şikayətlərin çoxu nəticəsiz qaldığına görə artıq vətəndaşlar polisə şikayətlər etməkdə maraqlı görünmürlər. Xüsusilə, məhlələrdə yeniyetmələrin velosipedləri oğurlanır və insanların danışdıqlarından belə anlaşılır ki, bu oğurluğu edən narkotik asılılığı olan gənclərdir. Bu gənclər evlərindən də didərgin düşüblər, artıq onların satılası heç nəyi qalmayıb, ona görə də başqalarının velosipedlərini oğurlayıb satırlar və özlərinə narkotik alırlar.
Deməli, narkotik ölkədə həm də oğurluq hallarının sayını artırır, miqyasını genişləndirir, ölkədə cinayətlərin sayını artırır. Vəziyyət bir az da belə davam etsə, yolda qadınların qızıllarını boğazlarından dartıb qoparacaqlar.
İntihar halları nə deyir?
Son illər ölkədə gənclər arasında intihar hallarının da sayı artmaqdadır. 2019-cu ildə Azərbaycanda 585 nəfər intihar edib, 2020-ci ildə isə bu rəqəm 597 nəfər (440 kişi, 157 qadın) təşkil edib. Dünyada intihar edən şəxslərin isə 90%-i depressiya xəstələridir.
Narkotik maddələrdən istifadə gənclərdə ağır asılılıq yaradır, onlar özlərinə həyat kredosu tapa bilmirlər, satıb narkotik almağa heç bir əşyaları da qalmır, ümidləri günbəgün azalır və nəticədə sağalmaz depressiya xəstələrinə çevrilirlər. Və sonda… İntihar! Deməyim odur ki, ölkədə intihar hallarının çoxalmasında narkotik maddələrin də böyük rolu var, xüsusilə də, gənclərin intihar faktları araşdırılan zaman onların narkotikdən istifadəsi məsələsi də araşdırılmalı və düzgün nəticələr çıxarılmalıdır. Narkotik asılılığından intihar edən gənclərin sayının çox olduğunu bilirik və belələrini çoxumuz da tanıyırdıq.
Ağır mənzərədir: Cari ildə 1 ton 534 kq narkotik dövriyyədən çıxarılıb (dəyəri 18 milyon manat) və təsəvvür edin, bu qədər narkotiki Azərbaycan gəncliyi istifadə etməli imiş…
Bu halların qız uşaqları arasında sürətlə yayılması isə dövlət və xalq adına ləkədir.
Aidiyyatı dövlət qurumları Dövlət proqramı hazırlayaraq dərhal hərəkətə keçməlidirlər, bu istiqamətdəki qanunlarımız isə daha da sərtləşdirilməlidir.
Vaxtilə CM-nin 234-cü maddəsinin yaratdığı səs-küy yadımzıdadır. Biz islah olunmağı yox, cəzalandırılmağı sevirik. Odur ki, cənablar, işinizi görün! İlk olaraq məktəblərdən başlayın!
Samir FEYRUZOV,
Azsiyaset.com
araz.az xəbər portalı.