Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Universitetdən verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.
Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.
Bu vəzifəyə Kamran Rəsulovun təyin olunması təqdirəlayiqdir. Kamran Rəsulov uzun illər AzTU-da bir sıra vəzifələrdə çalışıb, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Rektor yeni prorektora uğurlar arzu edib. Həmçinin AzTU-nun uzun illər Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən İsa Xəlilova uğurlu fəaliyyəti üçün təşəkkürlərini bildirib.
AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.