306661

Məlumdur ki, iyul ayının 1-dən ölkəmizdə toy və nişan məclislərinin təşkilinə icazə verilib.

Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişikliyə əsasən, şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus(COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

Məlumdur ki, pandemiya şəraitində əhalinin maddi durumu da yaxşı deyil. Hazırda toy etmək istəyənlər nisbətən daha ucuz məkanlar axtarırlar.

Bakı ilə müqayisədə Sumqayıtda xeyir-şər məclislərinin təşkili üçün nəzərdə tutulan məkanlar xeyli çoxdur. Söhbət məhəllələrdə əhali arasında xeyir-şər evləri adlandırılan qapalı məkanlardan gedir.

Maraqlıdır, həmin məkanlarda toy-nişan məclisləri keçirilə bilərmi? Bu halda da xüsusi icazə alınmalıdır?

Sumqayıt İcra Hakimiyyətindən Cebhe.info-ya verilən məlumata görə, hələ bu haqda məlumat yoxdur:

“Bakıda necədirsə, Sumqayıtda da elə olacaq. Sumqayıtda xeyir-şər evləri adlandırılan məkanların sayı çoxdur. Ancaq bəlkə 15 ildir ki, həmin məkanlarda ancaq yas mərasimləri təşkil olunur, orada toy-nişan mərasimlərinn keçirildiyinin şahidi olmamışıq. Ona görə də hələ vəziyyətin necə olacağını bilmirik”.

Semra ƏLƏKBƏRLİ,
Cebhe.info

araz.az xəbər portalı.