1624474350 204975795 525640468590638 1496448871655005958 n

Direktor sosial media üzərindən nazirə şikayət etdi 

İmişli rayonunun Qulubəyli kəndində yerləşən İ. Əliyev adına tam orta məktəbin direktoru Mir Sahib Tağıyev rayonun orta ümumtəhsil məktəblərinin direktorlarından müntəzəm olaraq rüşvət toplanıldığını, bu qanunsuz tələbi yerinə yetirməyənlərin isə fəaliyyətinin qərəzliliklə yoxlanıldığını və işdən kənarlaşdırmaq üçün əsas axtarıldığını bildirir. 

araz.az  xəbər verir ki O, bu iddianı feysbuk sosial şəbəkəsində yaradılmış “Təhsil problemləri” səhifəsində paylaşıb. 

Təhsil naziri Emin Əmrullayevə ünvanlanan açıq müraciətdə M.S. Tağıyev bildirir ki, iyunun 9-da özünü Təhsil Nazirliyinin əməkdaşı kimi qələmə verən, lakin heç bir sənəd təqdim etməyən 4 nəfər şəxs qəfil məktəbə daxil olaraq şübhəli yoxlama aparıb: 

“Dərs açılandan son günə kimi məktəbdə olan bütün sənədləri tələb etdilər. Onlar hər bir pedaqoji və texniki işçini sorğu-suala tutdular. Hətta məzuniyyətdə olan işçiləri də izahat almaq üçün məktəbə çağırdılar. Hər addımı atmazdan əvvəl kənara çəklib kimlərləsə telefonla danışırdılar. Hiss olunurdu ki, onlar kənardan idarə olunur, sifariş yerinə yetirirlər. Gedəndə isə məktəbin bəzi sənədlərini akt tərtib etmədən özləri ilə apardılar.” 

Direktor bu yoxlamanın da sifarişli olduğunu və qisasçılıq məqsədi daşıdığını bəyan edib: 

“Hər kəsin nəzərinə çatdırıram ki, rayon təhsil şöbəsinin rəhbərliyi azı 50 məktəb direktorundan pul alır. Rüşvət verməyən direktorlar ləkələnirlər. Mən şikayətçi olduğum halda, nədən məni yoxlayırlar?” 

Hələlik bu iddiaya Təhsil Nazirliyindən və İmişli rayon təhsil şöbəsindən münasibət bildirilməyib. Qeyd edək ki, İmişli təhsili ilə bağlı rüşvət iddiası yeni deyil. Buna qədər direktor vəzifəsinə keçirilən imtahanda iştirak etmiş müəllimlərdən biri bu vəzifəyə təyinatda rüşvətin həlledici rol oynadığını ictimailəşdirmişdi. 

Rayon təhsil şöbəsinin hazırkı müdir müavini Vahid Tağıyev də özünün sosial media hesabında yaxın zamanlaradək məktəblərdən “aylıq” alındığını etiraf etmişdi.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.