1624460037 lki

Və yaxud Dayısına oxşayan igid oğul!

Harda gəldi deyirəm, harda gəldi imkan edib yazıram, təki bilək kimik, kimimiz var: 150 milyonluq Rusiyadan 10 milyonluq Azərbaycanın İSTEDADLI ŞAİR VƏ YAZIÇILARI 10 dəfə çoxdur! Amma və lakin… Rusiya şair və yazıçılarından fərqli olaraq, Azərbaycan yazıçı və şairləri ŞƏXSİYYƏT deyil! Yaltaqlığı, sınmağı, buqələmunluğu, əl və yal tulası olub el və dil tənəsini üstün tuturlar!
Bu başlıqda yalnız adı əvəzləmək olardı… onlarca adla şair və yazıçı adına: Aqşin Yenisey, Seymur Baycan, Elnur Astanbəyli, Qan Turalı, Həmid Herisçi, Rasim Qaraca, Salam Sarvan, Zahir Əzəmət, hələ müstəqillik dönəminə qədərki (özünü) ünlü (sayan) imzaları demirəm! Heç biri üçün yazmaq qismət olmadı, olmurdu!
İçimdə getdikcə xəstəlik tapmağa məruz qalan başlıqdakı fikri son dövrlər yavaş-yavaş Emil Rasimoğlu, Emin Piri oyatmaqdaydı, amma Eminquey Akifin payına düşdü!
Emin Piri elə bizim ((h)Ernest H)Eminqueyimizdir – döyüşçü şairimiz-yazıçımız: ondan ayrıca olacaq fikirlərim, indi onçun onun da adını xatırladıram ki, deyim: bu Eminin ad günündə o Emin də olub daha başqalarıyla, sağlıqlarını deyiblər və əslində həqiqi, əsl, xas ədəbi məclis, cameə, birlik elə o “zastolye” sayılmalıdır!
Hə, bu Eminquey Akifin – Eminin 27 yaşı tamam oldu: bir neçə gün əvvəl!
27 yaşın ədəbi xidmətlərinin ilk mükafatı Prezident təqaüdü oldu! Və Emin bunu haqq edir: tebrikler yazmışam da, özünə də demişəm!
Və həm də telefonda özünə onu demişəm ki… Dediklərimi burda da yazıram (bildiyiniz kimi: mən inbox və telefon qəhrəmanı deyiləm, əvvəl özünə deyirəm, sonra da dediyim sözə imza qoyuram!), oxuyacaqsınız:
– Emin, sən Lermont(ov)dan çox müdriksən! O Lermont(ov)dan ki, Dostoyevski də, mən sənə dediyim kimi, Mixail Yuryeviçi qəsd edərək, həm deyirdi, həm də yazırdı: “bu gıj…ğ rus gora salamat baş aparmayacaq!”
Hərçənd Dostoyevski bilirdi ki, Mixail Yuryeviç rus deyil, əslən şotlanddır, üstəlik də baronessa nənəsi, mənim rəhmətlik ədəbiyyat müəllimim Malikəjdər Məmmədov demişkən, tumanını yığırdı ətəyinə, girirdi Çarın yanına, dəliqanlı nəvəsinin xahişini edirdi: burdan ora, ordan bura yerləşdirirdi!
27 il yaşayan Lermont(ov) 27 əsr yaşayacaq əsərlər ortaya qoydu – nə qədər ki, rus xalqı olacaq, rusca danışılacaq, o qədər də Lermont(ov) olacaq, oxunacaq!
Fəqət… Mixail Yuryeviç özünü 100-150 qrama görə öldürtdü (“100-150 qram” deyəndə ağlınıza ayrı “şey” gəlməsin: içki məclisində tələbəlikdən dost olduğu Martınovu lağa qoyub “martışka” dediyinin badına getdi! Necə ki: bizdə də olur, adama deyirlər, mənimlə belə danışma, özünü belə aparma, bildikləri kimi danışırlar, bildikləri kimi də aparırlar, sonra pivə parçı başlarında çatdayır, başları çatlayır, sonra qulaqları dişlənir, “QULaq” sakini olurlar), amma Eminquey Akif hələ özünü öldürtməyib də, özün öldürməyib də!
Və bu gün ölkə elə bir vəziyyətdədir ki… hamı Lermontov kimi öl(dürül)məsə də, Lermont(ov) yaşında “ölür”: biri təqaüd istəyir, biri ev istəyir, biri deyir “roman yazmışam”, biri deyir “mənim ev haqqım var”, biri deyir…
Deyirlər də… bir şilləyə, bağışlayın, bir təqaüdə, bir evə, bir vəzifəyə (sayt, qəzet, holdinq rəhbərliyinə) fələyini şaşıranlar!
Amma Eminquey Akif nə dedi “istedadlıyam”, nə dedi “haqqımı verin”, nə dedi “…”…
Heç nə demədi Eminquey Akifimiz!
Eminquey Akifimiz ən gözəl şeirləri(ni) oxutdu bizə!
Ən gözəl duyğuları yaşatdı bizə… yazılarında, yazılarıyla!
Ən gözəl ədəbi(yyatı, əxlaqı) sərgilədi!
Ən gözəl nümunəni göstərdi: şairliyinə, istedadına, savadına, təhsilinə iş verilməyəndə getdi… maşın yudu, yük daşıdı!
İş veriləndə də verilənə qane oldu, özünü yekə aparmadı: bu gün “Ədalət” qəzeti əgər ona 300 manat maaş verə bilirsə, ona və onu gözəl, ədəbli və tərbiyəli böyüdən, pəncərəsindən gün düşməyən evində hər gün yolunu gözləyən Anasına bəs eləməsə də, durub statusda tumanını başına çəkmir, çox abırlı şəkildə “əlavə iş yeri olarsa, mənə deyin” müraciətində bulunur!
Eminquey Akif mənim üçün həm də Ata haqqında gözəl etüdlərin müəllifidir!
Eminquey Akif mənim üçün həm də Ana haqqında ən gözəl duyğu sömürüsünün bitkin lövhələridir!
Eminquey Akif, ilk növbədə, mənim üçün sosial şəbəkələrin mesaj qutularında tuman altından çıxmayan, “şairəm, yazıçıyam” deyibən də şirkət reklamçıları bicliyiylə dostlarının dostlarının, qohum-əqrəbasının üzünü-gözünü görmədiyi xanımlarına “tutdu qatıq, tutmadı ayran” istəyiylə “gözlərin” rədifli şeirlər göndərməyən əxlaq, ədəb(iyyat) adamıdı!
Niyə Eminquey Akifi Lermont(ov)dan MÜDRİK sayıram, bir də deyim: Emin 27 yaşdan diri çıxdı!
Azərbaycan şair və yazıçıları adətən 35 yaşdan sonra ölürdülər, öldürtdürürdülər özlərini! Azərbaycan yazıçı və şairlərinin ölüm yaşı ertələnir, erkənləşir! İndi daha 35 yaşınacan yox, 20-25 yaşda ölürlər – bir xeyli ad sayaram! Dəhşətə gəlirəm ki, İlahi, bu cavanca uşaq niyə bu qədər yaltaqdır, yalaqdır!
Eminquey Akif özünü öldürməyə də qoymadı, özünü öldürmədi də!
Bizim üçün bir saf imza yaşatdı: öpürəm imzandan, əziz Şairim!
Və üstəlik də… Puşkindən böyük olmaq üçün irəlidə tam 12 il fürsəti var: əminəm ki, Eminquey 39 yaşınacan da özünü öldürtməyə qoymaz, özünü öldürməz!
Eminquey Akif həm də mənə bu düşüncələri yaşatdı: istedadın cismən ölməyiylə ruhən ölməyi arasında sanki bir qızlıq pərdəsi var: ya özünü təslim edirsən ölümə, ya da elə edirsən ki, səni zorlayırlar!
Emin… adaşı Emin Piri və Emil Rasimoğluya bu günə diri qalan poetik abır-həyamızdır, ən yaxşı triomuz və ən yaxşı het-trik (ailə-iş-sənət) edənlərimizdir!
O ki qaldı… yaradıcılıq və sənət nümunələri baxımından şotland əsilli Lermontla zənci qarışığı olan həbəş Puşkinlə müqayisəyə, konkret və qısa deyirəm: götürün Mixail Yuryeviçlə Aleksandr Sergeyeviçin dövründəki ədəbi meydandakı rəqabət və mübarizə imkanlarını, ədəbi triumfu təmin edən prioritetləri və tələb-təklif tərəzisini! Lermontdan və Puşkindən daha sərrast ifadələrin, daha ötə poetik tapıntıların, daha kreativ düşüncənin, daha cəsur xarakterin və xarizmanın nümunəsidir mənim cəngavər Eminlərim, Emillərim!
Yüksək texnoloji nailiyyətlər, fərqli fəlsəfi nəzəriyyələr və konsepsiyalar hamısı ortadaykən, “mən şairəm” demək ultra və fövqəl talant istəyir: bunun üçün cəsarət və xarizma önəmlidir!
Söhbət ədəbiyyat yaratmaqdan gedir!
Əli Kərimlilərin siyasi mübarizəni evlərdən meydanlara, küçələrə daşımaqdansa, Kəramət Böyükçöllər dünyanı sarsıdan fəlsəfi və açıq təfəkkürə, qlobal düşüncəyə köklənən ədəbi əsərlər ortaya qoymaqdansa, döyüşü fb statusu, sosial şəbəkə müstəvisinə keçirmək qədərincə kiçiltdiyi dönəmdə… Eminquey Akiflərin, Emin Pirilərin, Emil Rasimoğluların varlığı sadəcə… xilasdır!
Əgər yazdıqlarını doğru anlaya bilsək!
Niyə belə deyirəm, bir də açmasını verim:
Hamı Hüseyn Cavidi etiraf edir, amma siz allah, doğrudan da Hüseyn Cavidin dediyini anlamısınız, ya anlayıb addım atanların anladığından nəticə çıxarmısınız?
Hamınız Mirzə Cəlili oxumusunuz, hamınız da misal gətirirsiniz, amma siz allah, doğrudan da anlamısınız, ya anlayıb əməl edənləri dəyərləndirirsiniz?
“Sürüklənən bəşəriyyət qadınla yüksələcək” deyib də Hüseyn əfəndimiz! Eləmi? Nə başa düşmüsünüz ki?
Başa düşdüyünüzə başınız boyda daş düşməsin!
Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları”nı yazıb da! Eləmi?
Başa düşmüsünüzmü?
Baxın iqtidardakı vəzifəlilərə, baxın ölkədəki idarəetməyə, baxın oliqarx və monopolistlərə, görün Hüseyn Cavidin “sürüklənən bəşəriyyət qadınla yüksələcək”, görün Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nı ONLAR yaxşı anlayıb nəticə çıxarıb əməl edib, yoxsa siz!
Naxçıvanlı Hüseyn Cavidlə Mirzə Cəlilin yazdığına baxın, Qarabağlı Əbdürrəhim bəy Haqverdiyevin Kefli İsgəndərinə, Şirvanlı Sabirin (“ay qorxdum”, “ay öldürürlər”, “ay vəhşidilər”, “ay geridə qalmışıq”, əlqərəz – mərsiyə!), Seyid Əzim (seyid ola-ola mollalar qapı arasdında sıxıb öldürdülər, onu qapı arasında sıxıb öldürənlərin toxum-tayfası da xalqa ağıl verir), Abbas Səhhətin, Abdulla Şaiqin (“bilməsək dil əlacımız yoxdur”, “həkiməm, həkimlik eləmirəm, müəllim kimi həkiməm”), cənublu Şəkər Aslanın da (“Lənkəran, Lənkəran, qızlar Lənkərandadır”) də yazdığına baxın!
Biz hələ öz “məhlə uşaqlarımız”ın yazdığına əməl etməkdən çıxa bilmirik, nəinki ölkə boyda böyüyüb birləşə bilirik, heç qonşularımız qədər də bəsirətli, başarılı ola bilmirik!
Naxçıvanlılar Hüseyn Cavidi, Mirzə Cəlili doğru başa düşür, düzgün qərar qəbul edir, qalanları da naxçıvanlılar kimi öz “məələ ağsaqqalları”nı!
Odu deyirəm ki, hər kəsi (yerindən-yudrundan asılı olmayaraq) DOĞRU ANLAYAQ, düzgün nəticə çıxaraq, faydalı qərar qəbul edək!
Eminqueyin və Eminin, Emilin hərəsindən bir şeir paylaşacam ayrıca, indi isə deyirəm:
– Emin, əzizim, Şairim, qarşıda möhtəşəm 12 ilin var! Puşkindən böyük olmağını arzulayıram!
Aradan pərdəni götürmə!
Nobel mükafatını alanların heç birinə öz ölkələrinin hökümətləri nə təqaüd verib, nə ev verib, nə iş verib! Onlar… onların dəyərini bilən naşirləri tapıblar… öz bəşəri və böyük ideyalarını təqdim edə biliblər!
tebrikler bir daha!
SÖZARDI: Ola bilər sənin 39 yaşını görməyim, amma özünü öldürsən, öldürtsən, bax onu biləcəm: cəhənnəmdə mənə qonşu gələssən!
Diri çıxsan.. ruhum sevinər: cənnətdə hələ ki boş qalan yerindən gələn işıqla özümü cəhənnəm atəşindən qoruyaram!
Öpürəm, bağrıma basıram, diri Şairim!
və… Şairlərim!
p.s. həm də Daşdəmir Əjdəroğlu-Tağıyevi təbrik edirəm – Eminin dayısını: tələbə yoldaşımı, həmkarımı, bir nəşriyyatda hər gün salamlaşdığımı! İgid oğul dayısına oxşar!

AYDIN CAN

araz.az xəbər portalı.