Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsində son kadr dəyişikliyi 21.04.2021-ci il tarixdə baş verib. Mədəniyyət nazirliyi ətrafında baş verən olaylardan sonra yeni nazirdən gözlənilən kadr islahatları çərçivəsində Bəxtiyar Qılıncov yeni nazir Anar Kərimov tərəfindən sözügedən idarəyə rəis vəzifəsinə layıq görülüb. Kimdir Bəxtiyar Qılıncov? Tərcümeyi-halında 01.05.2006-cı ildən 21.06.2018-ci ilədək Mədəniyyət və Turizm Nazirliyində baş məsləhətçi, sektor müdiri, 21.06.2018-cı ildən 21.04.2021-ci ilədək Mədəniyyət Nazirliyinin Regional siyasət söbəsində baş məsləhətçi vəzifəsində çalışdığı göstərilir. Mədəniyyət Nazirliyinin 21.04.2021-ci il tarixli müvafiq əmrinə əsasən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.İqtisad üzrə fəlsəfə doktorudur.
araz.az Aktualinfo.org-a istinadən bildirir ki, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Bəxtiyar Qılıncov da sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin şinelindən çıxıb,hazırda məhkəməsi gedən Rafiq Bayramovun əlinin altında işləyib, nazirlikdə məhz regional siyasətə nəzarət edib,yəni Regional Mədəniyyət İdarələri ilə daim təmasda olub. Rafiq Bayramovun yanına gələn Regional Mədəniyyət İdarələrinin rəisləri ilə görüşlərdə iştirakı barədə məlumatlar olmasa da,istisna da deyil.
Bəxtiyar Qılıncov vəzifəsinin icrasına hansı yeniliklərlə başlayıb,bəlli deyil. Amma köhnə rəislə ibirliyində olan MMC-lərlə əlaqələri kəsməyib. Aktualinfo.org bunu Masallı Regional Mədəniyyət İdarəsinin elan etdiyi tenderlər ətrafında araşdırma apararkən müəyyən etdi. Belə ki,
Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən sair torpaq, tikili və avadanlıqların kotirovka sorğusu üsulu ilə satın alınması üzrə 40 825.64 manat məbləğində satınalma müqaviləsi 22.06.2021-ci il tarixdə “CƏNUB-2000” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Ötən il,yəni Bəxtiyar Qılıncovdan qabaq da, Mədəniyyət İdarəsi “CƏNUB-2000” MMC ilə sair torpaq, tikili və avadanlıqlar üzrə 39 258.6 manat, istehlakyönlü müxtəlif xidmətlər üzrə isə 41606.8 manat məbləğində satınalma müqavilələri bağlamışır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CƏNUB-2000” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 05.07.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MASALLI RAYONU, ŞIXLAR, qanuni təmsilçisinin isə Mirzəyev Qadir Nüsrət oğlu olduğu göstərilir.
Masallı Regional Mədəniyyət İdarəsinin 22.06.2021-ci il tarixdə satınalma müqaviləsi bağladığı “CƏNUB-2000” MMC-nin dövlətə olan vergi borcu 24 861.47 manat təşkil etmişdir.
Biz bunu fərq etdik. Amma görəsən iqtisad üzrə fəlsəfə doktoru olan Bəxtiyar Qılıncov bilmirmi ki,vergi borcu olan podratçının tender müsabiqələrində iştirakı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə yolverilməzdir.
Maşın və avadanlıqların kotirovka sorğusu üsulu ilə satın alınması üzrə 37 028.4 manat məbləğində satınalma müqaviləsi 22.06.2021-ci il tarixdə “MASAL-944” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 73 449.34 manat məbləğində satınalma müqaviləsi 13.01.2021-ci il tarixdə “MASAL-944” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Masallı Regional Mədəniyyət İdarəsi ötən il isə maşın və avadanlıqlar üzrə 47884.4 manat məbləğində satınalma müqaviləsini “MASAL-944” MMC ilə bağlamışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MASAL-944” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 19.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı MASALLI RAYONU, ŞIXLAR, qanuni təmsilçisinin isə Quliyev Adil Amanxan oğlu olduğu göstərilir.
Satınalmalmarın vahid elektron portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Masallı Regional Mədəniyyət İdarəsində rəhbərlik dəyişsə də ənənələr dəyişməyib. İndi biz deyə bilmərik ki, Anar Kərimov Mədəniyyət naziri kimi Bəxtiyar Qılıncovu yeni vəzifəsinə təyin edərkən necə təlimatlandırıb. Amma görsənən odur ki, yeni rəis sabiq nazir müavini Rafiq Bayramovun usul idarəsini daha çox sevir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.