“Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması ilə bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncam dövlətin hərbçilərə olan diqqət və qayğısının bir an belə səngimədiyini təsdiq edir”.
Bunu pravda.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov Prezident İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğıdan razılığını ifadə edib: “Cənab İlham Əliyevin Azərbaycan Ordusunun hərbçilərini daim diqqətdə saxlayır. Prezident davamlı olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı müəyyən sərəncamlar imzalayır. Şəxsi heyətin rahatlığı üçün, mütamadi olaraq, ən müasir tələblərə cavab verən şəhərciklər qurulur. Pandemiyadan əvvəl hərbi hissələrdə təşkil edilən ” Açıq qapı” günlərində valideynlər əsgərlərin şəraiti ilə tanış olanda sevinirdilər. Hərbçi üçün yaradılan yaxşı şərait həm onun sağlamlığı, həm də yaxşı istirahət imkanı deməkdir. Təbii ki, normal istirahət edə bilən, yaxşı yeməyi olan, vaxtı vaxtında duş qəbul edən hərbçi döyüş hazırlığında da var gücü ilə çalışacaq. Həmçinin ailəli hərbçilərin evlə təmin olunması məsələsi də hər zaman gündəmdədir. İl ərzində təxminən 1500 hərbçi ailəsinin evlə təminatı baş tutur. Onlardan bəziləri xüsusi evlər, bəziləri isə xidməti evlərlə təmin edilirlər. Bundan başqa, evlə təminatı hələki baş tutmayan hərbçilərin kirayə evlərinin haqqını da dövlət ödəyir. Bütün bunlar da deməyə əsas verir ki, doğrudan da, Prezident İlham Əliyev hərbçilərdən diqqət və qayğını əsirgəmir”.
Polkovnik əlavə edib ki, həqiqi hərbi xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması ilə bağlı Prezidentin bu gün imzaladığı sərəncam da dövlətin diqqət və qayğısının bir an belə səngimədiyini təsdiq edir.
Ş.Ramaldanov hesab edir ki, Silahlı Qüvvələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarların intensivləşəcəyi istisna edilmir: “Çünki təkliflər və planlarda bütün bunlar nəzərdə tutulub. Planlaşdırılan məsələlərin hər biri sosial təminatla bağlı olmasa da, mənəvi cəhətdən hərbçiləri təmin edən məsələlərdir. Elə ötən gün minlərlə hərbi qulluqçunun orden və medallarla təltif edilməsi onlara verilən mənəvi dəstək və gücdür. Hələ müharibənin gedişində Prezident İlham Əliyev yaralı qazilərlə görüşündə də demişdi ki, mən hər zaman sizin yanınızda olacam. Beləliklə, biz bu gün bizə verilən sözə əməl edildiyinin şahidiyik”.
Qeyd: Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla 76 mindən artıq hərbçi orden və medallarla təltif olunublar. Dövlət başçısı bu gün isə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, onların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində artırılması nəzərdə tutulub.
Nəzrin CAVİD
araz.az xəbər portalı.