Məlumat üçün bildirək ki, 3 il əvvəl Rusiyanın ORT telekanalında yayımlanan “Jdi menya” (“Gözlə məni”) verilişinin birində qəhrəmanlar uzun illər bir-birindən ayrı düşmüş azərbaycanlı bacı-qardaş olub.
İllər öncə naməlum ailəyə övladlığa verilən qardaşı Bahadır Hüseynovun tapılması üçün “Jdi menya” verilişinə müraciət edən bakılı Humay Hüseynova 58 il sonra qardaşı ilə canlı efirdə üz-üzə gəlib.
Humay Hüseynova deyib ki, 9 yaşı olarkən Bakıda anası və qardaşı ilə yaşadığı evdən çıxaraq bir neçə il nənəsi ilə yaşamalı olublar. O, 16 yaşında yenidən ailəsinə qayıdan zaman kiçik qardaşı Bahadırı evlərində görməyib. Humay Hüseynova verilişdə bildirib ki, 2 yaşlı qardaşı Bahadırın Poqosov soyadlı erməni ailəsinə övladlığa verildiyini öyrənib. “Jdi menya” verilişinin axtarışları nəticəsində məlum olub ki, Bahadır Hüseynov erməni ailəsinə veriləndən sonra onun adı və soyadı dəyişdirilərək Vladislav Poqosov olub. Həmin ad-soyadla böyüyən Bahadır yalnız hərbi xidmətdən döndüyü zaman qonşularından Poqosovların onun əsl valideynləri olmadığını öyrənib. Öz ögey valideynlərindən həqiqi anasının ünvanını öyrəndiyini deyən Bahadır Hüseynov onunla dil tapa bilmədiyini təəssüflə xatırlayır. Bakıda bir-birilərindən ayrı salınan bacı-qardaş – Humay və Bahadır Hüseynovlar yalnız 58 il sonra, Moskvada “Jdi menya” verilişinin studiyasında görüşüblər.
Bu yaxınlarda isə Bahadır Qulu oğlu Hüseynovun bacısı-Hüseynova Humay Ramazan qızı (onların anası bir-ataları ayrıdır) “Qafqaz Xəbər Agentliyi”-nə müraciət edib: “Salam, hörmətli “Qafqaz Xəbər Agentliyi! 1956-cı ildə 2 yaşlı qardaşımın “Baksovet”də işləyən Qaraxanyan vasitəsilə oğurlanıb erməni ailəsinə verilməsi ailəmizə çox böyük zərbə oldu. Belə ki, anam oğul həsrətilə, ağır xəstəlikdən dünyasını dəyişdi. Uzun sürən axtarışlardan sonra onu “Jdi menya” proqramı vasitəsilə tapdım. Birinci və sonuncu dəfə orada görüşdük.
Nə üçün mənim qardaşım Bakıya, doğma vətəninə gələ bilməsin, amma erməni qızı Bakıda təmtəraqla qarşılansın?! “Jdi menya”dan sonra mənə müxtəlif rəylər yazdılar. Həm mətbuat, həm də adi adamlar. Həm təbriklər oldu, həm də… Bunu dərk edən az oldu ki, mənim anam 58 yaşına qədər oğul həsrətilə qovruldu və serroz xəstəliyindən 1979-cu ildə dünyasını dəyişdi. Anamla birlikdə çəkdiyimiz dərd az imiş kimi, mən də anam çəkənləri çəkirdim…
Nəhayət, intizar 2015-ci il, aprelin 30-unda sona yetdi! Bu qovuşma da bir neçə saat çəkdi… Odur ki, ermənilər Bakıya gələrkən mən yenə əvvəlki tək qovruluram. Mənim qardaşım – 1954-cü il təvəllüdlü Hüseynov Bahadır Qulu oğlu təmiz azərbaycanlı qanı daşıyır!!!…. Bu barədə “Jdi menya” proqramında təfsilatı ilə danışılır. Əlbəttə mən də düşünürəm ki, maraqlıdır, nə üçün belə olmalıdır?! Təkcə ondan narahatam ki, bu 62 ildə qardaşımın çəkdiyi əzablar davam edir…
Anam uşaq itdikdən sonra çox axtarışlar aparıb, axırda yerini tapdı. Əvvəllər onlar “Zavokzalnı” da yaşayırdılar. Söhbət Qaraxanyanda, (o zaman bu adam Qaraxanov familiyası daşıyırmış) “ilişib” qalıb. Anam məcbur olub onun ünvanını axtarıb tapıb. Anam vaxtilə Şəki prokurorluğunda işləyib. Ona görə də iş dostları anama ünvanı tapmaqda məxfi olaraq kömək ediblər… “Zavokzalnı”dakı qonşularıyla söhbətlər aparıb. Oxuduğu məktəbin kollektivi ilə söhbətlər edib, bufetçiyə tapşırıb ki, “mənim oğlum nə vaxt sizdən hər hansı bir qida məhsulu istəsə, mənim verdiyim puldan çıxın”…
Bir dəfə ürəkdağlayan bir hadisə baş verdi. Qardaşımın təzə ailəsinin yaşadığı yerin yaxınlığında tramvay dairəsi var idi. Təxminən məscidə yaxın. Bir gün anam həmin yerdə dayanıb uşağın məktəbə getməsini müşaiyət edirmiş. Qardaşım “anası” ilə üzüaşağı gəlirlərmiş. Anam qışqıraraq azərbaycanca deyib ki, “ay mama qurban, adam mamasını görüb öpüb-qucaqlamaz?!” Anam elə deyəndə uşaq başını təəcüblə qaldıraraq düz anama baxıb və “yox” əlaməti olaraq başını silkələyib. ”Anası” da qardaşının əlindən tutub aparıb. Elə bu zaman anamın ürəyi gedib və tramvay relslərinin yanındaca yerə yıxılıb.
Əsgərlikdən qayıdarkən qardaşıma bir qonşusu (münasibətləri pis olan qonşu) deyib ki, “bunlar sənin valideynlərin deyil.” Sənin anan Hüseynova Tamara (anama bu ad gürcü kraliçasının şərəfinə verilib) Kərbalayı Zeynalabdin qızıdır. Qonşunun sözündən sonra qardaşım ata bir qardaşı Oqtayla gəlib anamı tapıb… O zaman anam xəstə idi və hər şeydən ehtiyatlandığı üçün ürəklə danışa bilməyib… Hətta qardaşı ilə gəldiyi üçün, üstəlik uzun illərdən sonra tanımadığı üçün yaşlı, xəstə adam lap qorxub…
Qardaşımın hal-nazırda adı Vladik Poqosov Vladimiroviçdir. Bakıda çəkilən süjeti AzTV çəkib. Anam Şəkidə həm Pedaqoji texnikumu, həm də 2 illik İnstitut (o zaman seminariya deyilirdi) bitirib. Çox gözəl, uzun saçlı xanım olub. Bütün bunlara baxmayaraq, çox ehtiyatlı, özünü müdafiə etməyi bacaran, güclü, qürurlu qadın idi… Anamın şəklini görənlər baxışlarından onun çox zabitəli olduğunu hiss edirlər…” – Humay Hüseynova müraciətində bildirir.
İlk baxışdan oxucuda sual yarana bilər ki, bu acılı-ağrılı dərdlı əhvalatın yazının başlığında göstərdiyimiz ikinci məsələyə nə aidiyyəti var?
Məsələ bundadır ki, realmedia.az saytında dərc olunan həmin yazıda bildirilir ki, Ukraynanın Daxili İşlər naziri, milliyətcə erməni olan, keçmiş bakılı Arsen Avakovun bacısı qızı İrina Kasalap tez-tez Bakıda qonaq olur: “Daha dəqiq desək, erməni qızı biznesmen Xaliq Abbasovun dəvəti ilə paytaxtımıza təşrif buyurur. Ukraynanın daxili işlər naziri Arsen Avakovun bacısı qızı Bakıda təmtəraqla qarşılanır.
Onu Bakıda Xaliq Abbasovun sürücüsü və cangüdənləri AA və PP seriyalı sedan “Lexus”-larda və CİP-lərdə təmtəraqla gəzdirirlər. Ola bilər ki, sürücü və cangüdənlər qonağın erməni olduğunu bilmirlər, ya da “patron”larının xatirinə “erməniyə dayı de” məsəlinə uyğun hərəkət edirlər.
Məlumat üçün bildirək ki, Xaliq Abbasov Bakıda və ölkəmizin şimal bölgəsində böyük biznesi olan şəxsdir. Bundan əlavə, bu şəxs xeyli müddətdir ki, qanunsuz “pul perevod”ları ilə məşğul olur. Eyni zamanda etibarlı mənbənin bildirdiyinə görə Xaliq Abbasovun təkər biznesi də mövcuddur.
Mənbənin söylədiyinə görə, Xaliq Abbasov İrina Kasalap adlı erməni qızını nəinki Bakı, hətta ölkəmizin bir çox gözəl guşələrinə gəzməyə aparır, onun qulluğunda can-başla durur. Hətta daxil olan məlumatda Xaliq Abbasovun erməni qızına Ukraynada yeni inşa edilən 200 min dollarlıq ev aldığı, İrinanı Avropa ölkələrinə gəzintiyə apardığı da bildirilir.”
Erməni qızını Bakıya dəvət edən Xaliq Abbasov hazırda erməni işğalı altında olan Zəngilan rayonunda doğulub, boya-başa çatıb. Bəs doğma yurdu, kəndi erməni işğalı altında olan Xaliq Abbasovun ürəyindəki erməni sevgisinin kökündə nə dayanır?
Xaliq Abbasov görəsən şəhid olan Azərbaycan oğullarının tabutunu görmür..?
Əlbəttə, erməni İrinada, dayısı Arsendə Bakıya, Binəqədiyə, hətta neft buruqlarına sevgi-məhəbbət, maraq ola bilər. Bəs yurdu xaraba qalan Xaliq Abbasovda erməniyə qayğı, sevgi haradan qaynaqlanır? Bəlkə, Xaliq Abbasov erməni Akopa dayı demək istəyir..? Qoy bu suallara Xaliq Abbasov özü cavab versin.
Humay xanım Hüseynova çox haqlı olaraq irad bildirir ki: “Erməni qızı İrina Kosalap hansısa imkanlı iş adamının dəvəti ilə Bakıda təmtəraqla qarşılanır və onun gəlişinə heç bir reaksiya verilmir, ancaq damarlarında təmiz azərbaycanlı qanı axan mənim qardaşım – Hüseynov Bahadır Qulu oğlu ilə mən Bakıda görüşə bilmirəm. Neçə illərdir mən və mənim yaxınlarım qardaşımla görüşün həsrətindəyik”.
Realmedia.az saytında gedən məlumatın – Abbasov Xaliq adlı iş adamının erməni qızını Bakıya dəvət etməsinin nə dərəcədə doğru olub-olmamasını biz bilmirik.
Bu yazını da “Qafqaz Xəbər Agentliyi” olaraq Humay Hüseynovanın redaksiyamıza müraciəti əsasında hazırladıq.
Redaksiyadan: realmedia.az saytında erməni qızının Bakıya gətirilməsi barədə gedən yazı və Humay xanım Hüseynovanın redaksiyamıza etdiyi müraciətlə tanış olanda, bir anlığa bizdə belə bir fikir yarandı ki, əgər realmedia.az saytında yazılanlar həqiqətdirsə, bəlkə Humay xanım Hüseynova da azərbaycanlı qardaşının Bakıya dəvət edilməsini, ölkə mətbuatında yazılanlara görə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin “sağ əli” sayılan iş adamı Xaliq Abbasovdan xahiş etsin.
Humay xanım Hüseynovanın dəvət olunduğu «Jdi Menya» verilişinə baxanda aparıcının ermənilərə açıq-aşkar haqq qazandırması hiss olunur. Çox güman ki, bu verilişə baxan Xaliq Abbasov aparıcıya cavab olaraq bildirmək istəyib ki, lazım olanda o da erməni qızını Bakıya gətizdirir…
Tamerlan Zeynallı
“Qafqaz Xəbər” qəzeti
araz.az xəbər portalı.