İyulun 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Artıq şadlıq evləri və restoranlarda el şənliklərinin keçirilməsi ilə bağlı qaydalar da müəyyənləşib. Yaranan əsas suallardan biri isə pandemiya şəraitində “palatka” toylarının necə keçirilməsi ilə bağlıdır.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında bildirib ki, pandemiya şəraitində “palatka” toylarının keçirilməsi tövsiyə edilmir. O bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur: “Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir. 50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsin özündən asılıdır. Bununla bağlı yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları iş aparacaq ki, vətəndaşlarımız diqqətli olsunlar. Açıq havada kənd yerlərində toyların keçirilməsi isə infeksiya şəraitində risklidir və sağlamlıq üçün təhlükə yaradır. Tövsiyə edirik ki, bu tədbirləri fəaliyyətinə icazə verilən məkanlarda, yəni restoranlarda həyata keçirsinlər”, – deyə E. Hacıyev qeyd edib.
Bununla belə, E.Hacıyev çadırlarda toy və nişan etməyin qadağan olunmadığını bildirib. O deyib ki, açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir: “Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər”.
O bildirib ki, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri isə birmənalı olaraq, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində – restoranlarda, ona bərabər digər məkanlarda müvafiq icazə əsasında həyata keçirilə bilər.
Sputnik Azərbaycan şadlıq evlərinin olmadığı kənd və qəsəbələrdə el şənliklərinin necə keçirilməli olduğunu araşdırıb.
Qeyd edək ki, hazırda kənd və qəsəbələrin mütləq əksəriyyətində toyların keçirilməsi üçün şadlıq evləri yoxdur. Onlarla kəndin tabe olduğu rayon mərkəzlərində olan şadlıq evləri isə rayon sakinlərinin özləri üçün belə azlıq edir. Hazırkı qaydalarla isə çadırlarda yalnız 50 nəfərin iştirakı ilə toy mərasimi keçirilə bilər. Bu zaman kənd yerlərində 150 nəfərlə toy mərasimlərinin harada keçiriləcəyi sualı yaranır.
Qazax rayonunun Kosalar kənd sakini İlham Mustafa deyir ki, onun yaşadığı rayonda üç şadlıq evi var. Bu isə heç Qazax şəhərinin əhalisinin tələbatını ödəmir. İ.Mustafa onun yaşadığı və Qazaxın digər kəndlərində el şənliklərinin əsasən çadırlarda keçirildiyini söyləyir. Həmsöhbətimiz deyir ki, hazırda kənd camaatı 150 nəfərlik toyları harada keçirəcəklərini bilmirlər. Çünki, Qazax rayonunda şadlıq evlərində boş gün yoxdur. Çadırlarda isə ancaq 50 nəfərlik toyların keçirilməsinə icazə var.
Deputat çadırlara “yox” deyir
Qeyd edək ki, bölgələrdə kənd və qəsəbələrin mütləq əksəriyyətində eyni vəziyyət müşahidə olunur.
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Nizami Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, çadırlarda toy mərasimlərinin keçirilməsi tədricən yığışdırılmalıdır.
Deputat bildirir ki, çadırlarda toyun koronavirus pandemiyası dövründə keçirilməsi isə ikiqat təhlükəlidir: “Yayın istisində çadıra o qədər insanı yığıb toy etmək risklidir. Ümumiyyətlə çadırlarda toy keçirməyi tədricən aradan qaldırmaq lazımdır.
Çadırda heç bir sanitar-gigiyenik qaydanı qorumaq mümkün deyil. Ondansa kənd yerlərində insanlar açıq havada toy keçirsinlər. Kəndlərdə ağaclar, yaşıllıq, həyətyanı geniş sahə buna imkan verir”, – deyə deputat bildirir.
İnfeksionist: “Real qərarlar verilməlidir”
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çadırlarda toy mərasimlərinin keçirilməsi qadağan olunmasa da, pandemiya dövründə isti havada çadırda toy etmək tövsiyə edilmir: “Yayda açıq havada toy daha yaxşıdır, nəinki çadırda. Çadırda 30 nəfərlə toy belə, təhlükəlidir”, – deyə infeksionist bildirir.
V.Cavadzadə deyir ki, açıq havada kənd yerlərində toy qaydalarına dəyişiklik edilməlidir. Onun sözlərinə görə, açıq havada 150 nəfərlik toy keçirilə bilər: “Bu gün Bakıda açıq havada elə restoran var ki, iki yüz nəfər axşam oturur dincəlir. Heç bir ara məsafəsi də saxlanılmır. Musiqiçilər ifa edir, insanlar oynayır. Bircə bəy və gəlin əskik olur. Restoranlarda bu mümkündürsə, toyda niyə mümkün olmasın? Kənd yerlərində 150 nəfərlik şadlıq evlərinin olmamasını nəzərə alaraq açıq havada 150 nəfərlik toylara icazə verilə bilər. Qapalı məkanda 50 nəfərlə toy edəndə insanlar yoluxmursa, açıq havada bu risk daha aşağıdır. Bundan əlavə, bu günlərdə açıq havada futbol oyunları keçirildi. Rəqəmlər göstərdi ki, virusa yoluxmada artım qeydə alınmadı. Açıq havada toy edəndə də virusa yoluxmada elə ciddi artım ola bilməz. Kəndlərdə hər ağacın altına bir masa qoyub ara məsafəsi saxlamaqla 150 nəfərlik məclis qurmaq olar. Toy qaydalarını müəyyən edənlər bu məqamları düzgün qiymətləndirməli, real qərarlar verməlidirlər”, – deyə infeksionist bildirir.
Toy icazəsi
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın 22 iyun tarixli qərarı ilə iyulun 1-dən etibarən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.
50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bu halda şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.