Mirkazım SEYİDOV: “İlham Əliyev prezident postunda gördüyü möhtəşəm işlərlə dəfələrlə təsdiq edib ki, o, uzun müddət prezident kürsüsündə otura və bu tarixi prosesi daha 35 il davam etdirə biləcək rəqibsiz liderdir”
Əlimizdə mərkəzi ofisi Rusiya Federasiyasının Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun sədri, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış ictimai-siyasi xadim, fəal diasporçu, şair-publisist Mirkazım Seyidovun iki kitabı var. Ulu öndər Heydər Əliyevin əsl fanatı kimi tanıdığımız bu qələm sahibinin nəfis tərtibatda dərc olunmuş hər iki əsəri, ümummilli liderin və onun layiqli davamçısı, xalqın istəyi ilə yenidən ölkə başçısı seçilən möhtərəm İlham Əliyev cənablarının prezident kürsüsündə həyata keçirdiyi möhtəşəm işlərə həsr olunub; Biri – Novosibirsk şəhərində rus dilində nəşr olunan “Bir medalın iki üzü” adlı nəsr, digəri – “İnamla İlhamla sabaha doğru!” adlı nəzm əsəri… İkinci əsərdə, qəlbindəkiləri nəzmə çəkən müəllif, qələmə aldığı dərin duyğulu misralarla Heydər Əliyevin əsl fanatı və İlham Əliyevin qatı tərəfdarı olduğunu bir daha sübut edir. Və bu kitabları, sözün əsl mənasında, onunla eyni əqidə sahibi olan çox oxucu qəlbi fəth etməkdə davam edir.
Ona görə ki…
Söz ustasının birinci kitabında xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun davamçısının həyatları və siyasi fəaliyyətləri, ölkəmizin dövlətçilik tarixində misilsiz xidmətləri və şərəfli ömür yolları geniş əksini tapıb. Əsərdə, həm də ulu öndər tərəfindən müasir Azərbaycanın hərtərəfli tərəqqisinin əsasının qoyulması, onun sovet dövründə yüksək dövlət vəzifələrində çalışarkən daim ümumbəşəri dəyərlər naminə səyləri diqqətə çatdırılıb, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, xalqımızın faciəli və məşəqqətli günlərində ulu öndər Heydər Əliyevin liderlik missiyasını cəsarətlə üzərinə götürərək, dövlətimizi tarixin və zamanın çətin dolanbaclarından güclü və müstəqil dövlət kimi çıxartdığı tutarlı faktlarla peşəkarcasına əks etdirilib.
Səriştəli surətdə qələmə alınan ikinci kitabın əhatə dairəsi də olduqca genişdir. Poema janrında yazılan bu möhtəşəm əsər ulu öndərin layiqli davamçısının bütöv dövrləri, illəri əhatə edən həyat və fəaliyyətini özündə əks etdirir. Həm də onun get-gedə yetişən, püxtələşən, pillə-pillə liderliyə yüksələn bir nadir insan – şəxsiyyət olduğunu çəkili sözlərlə “ipə-sapa düzür”. Bir sözlə, bu əsər rəqibsiz lider ömrünün sözlə çəkilmiş əlvan boyaları, ölkəmizdə müstəqillik dövründə cərəyan edən son hadisələrin mənzərəsidir. Heç şübhəsiz, roman qədər mövzu verən mürəkkəb süjetli hər iki əsərin baş qəhrəmanlarının ömür yolları, həyat və fəaliyyətləri, birinci əsərin adı uyğun, “bir medalın iki üzü” təsirini bağışlayır: Məhz baş qəhrəmanların “bir medalın iki üzünə” bənzər cəsarət və mətanətləri, iradə və heyrətamiz qüdrətləri bütün faktları, rəqəmləri, arqumentləri ilə, doğma Vətənini sevən oxucusuna da vətəndaşlıq ruhu verir.
Biz bu yazımızda daha çox Mirkazım Seyidovun “İnamla, İlhamla sabaha doğru!” poemasından söhbət açmaq istərdik. Ona görə ki…
…Heydər Əliyevin əsl fanatı kimi tanıdığımız müəllifin bu sanballı əsəri, gələcək nəsil əliyevşünaslara böyük ərməğan, həm də, sanballı bir töhfədir;
…əsərin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırmalar mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına, o cümlədən dövlət xadimlərinə, parlamentarilərə hədiyyə olunması, ulu öndərin və onun layiqli davamçısının zəngin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində ən mühüm addım kimi qiymətləndirilə bilər;
…beynəlxalq aləmdə layiqli yerini ildən-ilə daha da möhkəmləndirməkdə olan, həmçinin hazırda dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın XX əsrin sonunu və XXI əsrin əvvəllərini əhatə edən tarixinin öyrənilməsi baxımından mühüm mənbə sayılan bu kitabda, ulu öndərin layiqli davamçısının yürütdüyü dövlət siyasəti, ölkədə həyata keçirilən islahatlar və yeniliklər, ümummilli lider tərəfindən qoyulmuş inkişaf strategiyasının Azərbaycan Respublikasının prezidenti tərəfindən daha böyük inamla davam etdirildiyi epizodlarla, ştrixlərlə, real faktlarla işıqlandırılıb;
…kitabı oxuyarkən bir daha görürsən ki, hər ötən il ölkə başçısı işinin böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır;
…zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə sıx, möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir;
…müəllifin ölçə-biçə bu əsərə saldığı mövzu, müasir dövrdəki Heydər Əliyev fenomeni ilə, İlham Əliyev fenomeni arasındakı prinsipial fərqi, bu tarixi şəxsiyyətlərin Azərbaycanın xarici və daxili siyasətlərinin siyasi mənliyinə çevrilərək, mənaca bir, mahiyyətcə iki tərəfin dahi surətlərinə çevrildiklərini açıb göstərir…
…İndi bu poema haqqında daha geniş və dərindən danışmaq yerinə düşərdi. Çünki müəllifin sülalələr sülaləsi adlandırdığı Heydər Əliyev ailəsi, XX əsr bəşər tarixində təcəssüm olunan elit nəsil nümunəsidir – onlardan nə qədər yazılsa, yenə də azdır. Şair-publisist Mirkazım Seyidov da, elə, bunu demək istəyir və bu istəyini aşağıdakı kimi şərh edərək, bir daha sözlə oxucusuna çatdırır: “Heydər Əliyev fenomeni dünya ictimaiyyətinin siyasi mahiyyəti kimi doğulub, inkişaf etmiş zərurətidir. O, şəxsiyyət kimi formalaşaraq, dünya siyasətinin korifeyinə çevrildi və sözsüz ki, Azərbaycanı dünya sivil ölkələri səviyyəsinə qədər yüksəldə bildi. Bu, Heydər Əliyev siyasətinin təcrübi tərəfi idi. Onun böyük siyasətinin nəzəri tərəfinin əsası isə, Azərbaycan Respublikasının müstəqillik və Konstitutsiyasının banisi olması ilə ölçülür. Bu faktlar bir daha sübut edir ki, Heydər Əlirza oğlu Əliyev öz siyasi düşüncələrinin atasına çevrilərək, azad Azərbaycan kimi sağlam bir övlad yetişdirməyə nail ola bilib. Nəticədə, siyasi dühalığın nisbət tarazlığı kimi doğulmuş İlham Əliyev, öz ata irsinin böyüklük nişanəsi kimi inkişaf edərək, kiçik Heydərin ulu Heydər səviyyəsinə qədər ucalmasına da nail ola biləcək.Bu, Heydər Əliyev ailəsinin sülalə qanunudur. Və inşaallah, elə, belə də olacaq!
Məhz, bu sülalə qanunlarının prinsipləri əsasında qələmə aldığım “İnamla, İlhamla sabaha doğru!” poemamın, artıq xalqın ümumi mənəviyyatının əvəzsiz məhsulu kimi özünü büruzə verərək, əsl xalq əsəri qiymətini aldığına şübhəm qalmayıb. Ona görə ki, milli ruhda yazdığım bu əsərim, Azərbaycan mədəniyyətinin tarixi köklərindən bəhrələnərək, insan şəxsiyyətinin fəlsəfi mahiyyətini açıqlaya bilib…”.
…Doğrudan, müəllifin dediyində, zərrə qədər də olsa, mübaliğə yoxdur: Möhtəşəm əsər kriteriyaları baxımından, yuxarıda adı çəkilən nəzm incisi, Heydər Əliyev dövrünün siyasi əqidə prinsiplərini özündə püxtələşdirə və tənzimləyə bilməkdə xüsusi yer tutub. Əsərdə o da göstərilib ki, İlham Əliyev şəxsiyyəti hələ açılmamış siyasi məchul, fəlsəfi mənlikdir. Onun potensial imkanlarının açılış surətləri, çox güman ki, 2007-2025-ci illər aralığında özünü tam açıb, göstərəcək. Daxili siyasətin ali nəbzini tuta bilmiş bu şəxs, bu müddət çərçivəsində, həm də öz enerji imkanlarını siyasi müstəvi üzərində tam cərəyan etdirə biləcək. Elə, bütün bunlar baxımından, İlham Əliyev də, ulu öndər tək, Azərbaycan tarixində əbədi olaraq yaşamaq hüququ qazanacaq. Şairin dediyi kimi:
Dan yerinə müjdələr,
Yenə təzə-tər gəlir,
Səadət donun geyib
Yaman bəxtəvər gəlir.
Haqq sözünü deməyə
Kənd gəlir, şəhər gəlir,
İrəli, inamla get!
Sabaha İlhamla get!
Yanan şam sönən deyil,
O şamı el yandırıb.
Yolundan sapanları,
Hikmətiylə qandırıb.
Xalqın sədası üstə,
Haqq nahaqqı sındırıb.
İrəli, inamla get!
Sabaha İlhamla get!
Poemanın bu misralarında bir daha vurğulanıb ki, sabahın nur aləminə çevrilmiş İlham şəxsiyyəti, yüksək milli-mənəvi pafosu özündə təcəssüm etdirir. İlham şəxsiyyətinin əxlaqi xüsusiyyətlərini dərindən öyrəndikcə, insanda sabaha inam hissi daha da artır və bu hissiyyat reallıq surətinə çevrilərək, sabahların sosial qarantına yəqinlik, təminat yaradır.
İlham və cəmiyyət münasibətləri – bir-birilərini tamamlayan tərəflərdir. Məhz buna görə də, o, uzun müddət prezident kürsüsündə otura biləcək və bu tarixi proses, güman ki, bir 35 il də davam edəcək. Poemada şairin qələmə aldığı kimi, yanan şam sönən deyil! Bu şam – xalqın şamıdır, xalqın həyat nuru və onun sabahlara olan ümidinin nurudur.
Yolunu azanlar bilməlidirlər ki, Əliyevlərin qurub, möhkəmləndirdikləri bu dövlət, Atatürk dövləti tək möhkəmlənəcək və İlham Əliyevin özü də, ömürlük hakimiyyət ustasına çevriləcək. Bu, zamanın və tarixi inkişafımızın siyasi zərurətidir. Həmişə xalqa bağlı olan Heydər Əliyev sülaləsi, İlham Əliyev surətində öz tarixi təsdiqinı alacaq və Kiçik Heydər taleyində bu imzanı möhürləyəcək. Buna şübhə edənlər, özlərinə şübhə doğura bilən şəxslərdir. İctimai təfəkkürü düzgün olan hər kəs bilməlidir ki, İlhamı sevməyən – doğma, əziz Vətənini sevməz. Heydəri sevməyən – xalqını sevməz. Bu iki şəxsiyyət – Azərbaycan tarixinin nizam və intizam güzgüləridir!
Mirkazım Seyidov, dövrümüzün reallıq və problemlərini ziyalı nəzərləriylə aydın görə bilmək qabiliyyətinə malik olan şair olduğundan, bunu şeir dilində oxucularına çatdıra bilib. Ondakı bu qeyri-adi xüsusiyyət bir daha təsdiq edir ki, onun özü də, yaxın gələcəkdə özünün istedad zirvələrini fəth edəcək və Azərbaycan xalqının sevimli övladı olacaq. Onun, prezidenti olduğu Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondu xəttilə gördüyü genişmiqyaslı işlər də, bu dediklərimi bir daha təsdiqləyən əsas amillərdəndir. Belə olan təqdirdə, ortaya suallar da meydana çıxır – bəs, Mirkazım Seyidovun özü kimdir?! Bu şəxsiyyətin fəlsəfi portretini hansı çizgilər cızır və ədəbi dühasını nələr təşkil edir?
Qoyulan suallara cavab verməzdən əvvəl, qeyd etməliyəm ki, Mirkazım Seyidov Azərbaycan xalqının milli qeyrət rəmzi olmaqla yanaşı, çoxşaxəli inkişafa malik olan ziyalısıdır. Onun şəxsi keyfiyyət göstəricilərinə gəlincə, deməliyəm ki, o – ifrat kasıblıqdan şəxsi yaradıcılığa qədər yüksələ bilmiş dözümlü, iradəli və xeyirxah bir insandır. Axı, dözümü olmayan kəs, iradə qüdrətinə yiyələnə də bilməz. İradəsi polada dönməyən şəxsin xeyirxah əməllərindən danışmağa belə lüzum yoxdur. Çünkü həyatın burulğanlarından çıxmayan kəs, xalqının qədrini bilməz, onun vahidlik və məhəbbət əzmini duymaz, ümumxalq mənafeyini öz surətində təcəssüm etdirməz və ən nəhayət, milli siyasətin aparıcı qüvvəsi səviyyəsinə yüksəlməz. Bütün bunları o, bacarıb, bu müsbət keyfiyyətlərin hamısı şair Mirkazımın surətində təcəssüm olunaraq, onun əsrarəngiz şəxsiyyət olduğunu bir daha sübut edib. Şairin “İnamla, İlhamla sabaha doğru!” poeması da göstərir ki, o, – Azərbaycana olan dərin məhəbbətini İlham Əliyev fenomeni müstəvisində bildirib və sevimli xalqını belə bir dahi şəxsiyyət surətində təbrik edib. Onu da yaxşı bilir ki, Heydər Əliyev fenomeni ilə, İlham Əliyev fenomeni arasındakı prinsipial fərq ondadır ki, bu, iki tarixi şəxsiyyət Azərbaycanın xarici və daxili siyasətlərinin siyasi mənliyinə çevrilərək, mənaca bir, mahiyyətcə iki tərəfin dahi surətlərinə çevrilib.
Nə yaxşı ki, tarix öz əksini Heydər və İlham Əliyev surətlərində bir daha nümayiş etdirdi. 1993-2003-cü illər arasındakı dövrdə Heydər Əliyevin xarici siyasətə qoyduğu məhsuldar əmək və ondan sonra İlham Əliyevin bu sahədəki möhtəşəmlik xətti!
Əgər Heydər Əliyev Ömər ibn Xəttab taleyini yüksək səviyyədə təkmilləşdirib, həyata tətbiq etdisə, indi İlham Əliyev Həzrət Əli (ə) taleyinin zaman surətinə çevrilərək, onun müqəddəs işini davam etdirir. Qurub-yaratmaq; xalqın mədəni-mənəvi irsini dünyaya tanıtdırmaq; bu yolda xalq üçün çəkilən xərclər; əsaslı abadlıq işləri; səhiyyə və maarif sahəsində reallaşan müdrük İlham Əliyev layihələri – bütün bu işlərin həyat tutumları müqəddəslik mahiyyəti deyilmi? Və bu qlobal işlərin müəllifi müqəddəslik qazanmırmı?
Bütün bu deyilənləri Mirkazım Seyidov ümumi şəkildə “İnamla, İlhamla sabaha doğru!” poemasında əks etdirə bilib.
Mirkazım Seyidov – ədəbi fəaliyyətin zərurət nümayəndəsi kimi, azərbaycanşünaslıq ideologiyasına qulluq edən görkəmli ictimai-siyasi xadim, böyük vətənpərvər şəxsiyyətdir. Onda təcəssüm olunan milli qeyrət, sözsüz ki, öz ana yurdunun torpaq xüsusiyyətlərindən və su saflığından meydana gəlib. Şair Mirkazım – tarixi inkişafımızın sənət nümayəndəsi, həqiqət aşiqidir. Buna heç kəsdə şübhə olmasın! O, dədə-baba irsiyyətinin imamlıq şəcərəsindən bəhrələnmiş dini şəxsiyyət, elmə məhəbbət rəmzidir.
İlham Əliyev siyasətinin həyati pərəstişkarı olan bu şəxs, milli münasibətlərin ictimai tərəqqisinə çevrilərək, fəal diasporçu kimi, Azərbaycandan uzaqlarda xalqı təmsil edə, öz fədakar əməyilə Novosibirsk şəhərində ictimai lider səviyyəsinə qədər yüksələ də bilib. Yorulmazlığın və mübarizliyin fədakar əmək nümayəndəsi olan şair, yazıçılıq rütbəsinə xalq mandatı almış şəxsiyyətdir. Publisist kimi də, qələm qüdrətini sınaqdan keçirmiş geniş qəlbli bu insan, həmçinin jurnalistika sahəsində də öz sözünü artıq deyə bilmiş və kəsərli məqalələriylə, bu fikrin həqiqət olduğunu əbədi olaraq möhürləmişdir!
Mirkazım Seyidovun “İnamla, İlhamla sabaha doğru!” poeması artıq milli mentalitetimizin həyat nümunəsinə çevrilərək, bütöv Azərbaycan xalqının mənəviyyat əsəri kimi şöhrət qazanıb. Ecazkar təəssürat yarada bilmək qabiliyyətinə malik olan bu sənət incisi, qəlbləri riqqətə gətirəcək dərəcədə peşəkarcasına yazılıb. Və o, Ulu Tanrıdan XXI əsrin nur ölçüsü kimi, Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq hüququ alıb! Bütün ziyalıların həyat və sənət dostu olan bu şəxsin özü də, Azərbaycan Respublikası və Rusiya Federasiyası ictimaiyyətlərinin söz və fikir nəhənginə çevrilərək, qəlblərdə daim yer tutmaq statusu qazanıb! Sonda, bir daha qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan poema Mirkazım Seyidov dühasının əyani nümunəsi, onun milli psixologiyasının siyasi ölçü vahidi, o cümlədən, çoxşaxəli təfəkkürünün mənəviyyat ölçüsüdür!
Rəşid QASIMOV,
Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.