7b4aaa91727a589dbe41ec3efafecee0

Göygölün Mollacəlilli kəndində yerli su-kanal və kanalizasiya idarəsinə məxsus tullantı suların təmizlənməsi qurğusu əhalinin kabusuna çevrilib.

araz.az  xəbər verir ki, bu haqda kənd sakini Quliyev İman Qəmbər oğlu müraciətində yazıb.
Onun sözlərinə görə, rayondan axıdılan çirkab sular heç bir filtr qurğusundan keçirilmədən birbaşa kəndin otlaq və örüş sahələrinə axıdılır. Bundan əlavə, hətta kanalizasiya sularından yığılan nəcis belə yenə heyvanların örüş sahəsinə tökülür. İ.Quliyev qeyd edir ki, üfunət qoxu, rəzil və acınacaqlı mənzərə, ağcaqanad hər yanı bürüyüb:
“Sözügedən problemlə bağlı dəfələrlə qurğunun rəisi Azər Almədədova, Mollacəlilli kənd bələdiyyə sədri Ramiz Tağıyevə, icra nümayəndəsi Məmməd Məmmədova və xüsusilə Göygöl rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynova vəziyyətin nə qədər dözülməz olduğunu söyləsəm də, heç bir faydası olmayıb.
Artıq epidemik vəziyyət pik həddə çatıb. Adını çəkdiyim məmurların şikayətlərə laqeyd qalmasına görə yüzlərlə narazı insan kütləsi yetişib”.
Şikayətçi bildirir ki, kənd sakinlərinin səbri ilə oynayırlar: “Özü də belə bir çətin vaxtda, pandemiyanın hökm sürdüyü zamanda heç bir şikayətə əhəmiyyət vermirlər.
İ.Quliyev həm özünün, həm yerli məmurların əlaqə nömrələrini də redaksiyamıza təqdim edib. Onların bu mövzuda mövqeyini öyrənməyə çalışacağıq. Ümumiyyətlə isə bölgələrdə məmurların vətəndaşlara qarşı biganəliyi, saymazlığı adi hala çevrilib.
Məmurların borcu öz işini görmək və insanların problemlərini həll etməkdir. Ancaq dövlətin etibar etdiyi, prezidentin təyinatı ilə fəaliyyət göstərən qurumlar, onların nümayəndələri vəzifəsini yerinə yetirmirlər.
Nəticədə müraciətlər prezidentə çatır, araşdırma aparılır, ya həbs olunurlar, ya da işdən qovulurlar. Halbuki, təkcə bu kəndin həyatının zəhərə döndərilməsi, çirkab sularının örüş sahələrinə axıdılması ilə bağlı Göygölün icra başçısı və yerli nümayəndəsi tapşırıq verməklə qısa zamanda problemi yoluna qoya bilərdi.
Bu zaman həm vətəndaşların rəğbətini qazanmış olacaqdı, həm onlardan təşəkkür alacaqdı. Amma öz sərin kabinetlərində oturan bivec məmurlar əhalinin bu yayın istisində üzləşdiyi məşəqqətlərə əhəmiyyət vermir, sosial gərginlik yaradır, xalqı dövlətdən, prezidentdən narazı salırlar.
Əslində təkcə bu fakt kifayət edir ki, qurğunun rəisi Azər Almədədov, Mollacəlilli kənd bələdiyyə sədri Ramiz Tağıyev, icra nümayəndəsi Məmməd Məmmədov və Göygöl rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynov işdən azad edilsinlər, icra başçısına töhmət verilsin, məsələ isə həllini tapsın.
Ancaq vətəndaşın da müraciətindən görünür ki, onun və kənd camaatının həmin məmurlara dəfələrlə dediklərini qulaqardı ediblər. Bəs insanlar ən sadə problemlərini kimə deməlidirlər?
Hər məsələyə prezident baxmalı deyil. Dövlət rəhbərliyinin siyasi işlərdə, diplomatiyada, qlobal məsələlərdə mühüm fəaliyyəti var və regionda ciddi proseslər gedir, Azərbaycan bu mübarizədən yenə uğurlu çıxmaq istəyir. Belə məqamda hər bir məmur yerində olmalı, işini görməli, vətəndaşın problemini həll etməklə dövlətə dəstəyini verməli, hökumətin işini asanlaşdırmalı, cəmiyyətin, xalqın hakimiyyətdən narazılığının dərəcəsini azaltmalıdır. Ancaq biz nə görürük? Görürük ki, Göygölün bir kəndində çirkab suların axıdılması məsələsinə də prezident gərək diqqət ayırsın, təlimat versin. Axı belə olmaz.
Niyə qurğunun rəisi Azər Almədədov, Mollacəlilli kənd bələdiyyə sədri Ramiz Tağıyev, icra nümayəndəsi Məmməd Məmmədov və Göygöl rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynov yerində deyillər?
Nə üçün insanları incidirlər? Hazırda rayona icra başçısı təyin olunmadığı üçün tamamilə özbaşınalığa yol verirlər. Bəs başçının I müavini postunda olan Turani Əliyev, müavin Kəmalə İbrahimova hara baxırlar? Eyni zamanda, Göygöl İH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Vüqar İsayev nə işlərlə məşğuldur? Prezident onlara etibar edib, rayonun idarəçiliyi bu şəxslərdədir, onlar isə əhalini ayağa qaldırır, narazı salırlar.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.