serdarcc.jpg

“Seçkinin faktiki nəticələrinə görə İlham Əliyevdən sonra ikinciyəm”

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin növbəti ilkin nəticələri açıqlandı.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 11-də keçirilən prezident seçkiləriində 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsinin hamısından nəticələrin daxil olduğunu bildirib. O qeyd edib ki, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.

“İlham Əliyev seçkiyə gələnlərin böyük əksəriyyətinin səsini toplayıb”

Seçkilərin nəticləri ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu “Hurriyyet.org”-a bildirdi ki, seçkinin bir faktiki, bir də formal nəticəsi var: “Təbii ki, formal nəticəsi məni qane etmədi. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəqəmlər faktiki rəqəmlərdən çox fərqlidir, amma faktiki nəticələr məni qane etdi. Etiraf etməliyəm ki, İlham Əliyev seçkiyə gələnlərin böyük əksəriyyətinin səsini toplayıb. Mən bu məsələdə heç bir irad bildirə bilmərəm. Əvvəla, mənim seçkiqabağı təbliğat imkanlarım çox az oldu, maddi resurslarım və vaxt çox az idi. Belə bir az maddi resursla, az vaxtla mən bütün narazı elektoratı seçkiyə cəlb edə bilmədim. Birinci səbəb budur, amma İlham Əliyevin böyük bir imkanları vardır.

İkincisi, narazı elektoratın özündə də ənənəvi olaraq bir tənbəllik, seçkiyə getmək inamsızlığı vardır.

Üçüncüsü də revanşist qüvvələr açıq-açığına bu seçkidə İlham Əliyevdən çox mənim əleyimə iş apardılar. Milli Şuraya daxil olan qüvvələr gücə-gündüz mənim əleyimə işlədilər. Bu da ciddi təsir göstərdi. Ona görə də mən seçkilərin formal nəticəsini yox, faktiki nəticəsini qəbul edirəm və hesab edirəm ki, bu seçkilərin faktiki nəticəsinə görə mən hakimiyyətin nəticəsinə uduzmuşam. Bu da normal bir şeydir. Çünki biz uzun müddət xalqla təmasa buraxılmamışıq, təşklatı cəhətdən lazım olan işi görməmişik, maliyyə resurslarımız kifayət qədər aşaığıdır. Amma özümüzün bu seçkidə əldə etdiyimiz nailiyyət baxımından mənə elə gəlir ki, gözləntilərimzidən artıq nəticələr əldə etmişik. Mən açığını deyim, gözləmirdim ki, mənim çıxışlarım, ideyalarım bu qədər xalqın ürəyinə yatsın, reaksiya versin və bundan çox sevincliyəm, məmuniyyət duyuram. Elə bilirəm ki, mənim qədər az resursla Azərbaycanda heç kəs bu qədər nailiyyət əldə edə bilməz, bunu mən özümün qələbəm hesab edirəm”.

“Seçkilər gerçəklikləri əks etdirdi”

“Təbii ki, seçkiyə çox saylı müdaxilələr oldu. Azərbaycanda bir seçki ənənəsi var, o seçki ənənəsi bu seçkilərdə də davam etdirildi. Dediyim kimi, formal nəticələri ədəl etmək üçün müdaxilələr oldu, amma faktiki götürsək, seçkilər gerçəklikləri əks etdirdi”,- dedi ADP sədri.

“İlham Əliyev istisna olmaqla, yerdə qalan bütün namizədlərin topladığı səsdən çox səs topladığımı bilirəm”

S.Cəlaloğlu dedi ki, o, seçkidə yeddinin birə nisbətində mübarizə aparıb: “Hamıya məlumdur ki, bu seçkidə 8 namizəd var idi, 7-si bir qüvvəni təmsil edirdi, təkcə mən müxalifəti təmsil edirdim. Faktiki olaraq biz 7-nin 1-ə nisbətində mübarizə aparırdıq. İlham Əliyev istisna olmaqla, yerdə qalan bütün namizədlərin topladığı səsdən çox səs topladığımı bilirəm. Seçkiyə adam gətirmək baxımından, tam əminəm ki, seçkiyə onların 6-nın seçkyə gətirdiyi adamdan çox mənə görə adam gəlib. Bu baxımdan da mən faktiki nəticələrə görə İlham Əliyevdən sonra ikinciyəm. Amma bu siyasi konyukturadır, bu seçkini təşkil edənlər, seçki texnologiyası ilə məşğul olan adamlar bu seçkidəki rəqəmlərlə dünyaya, cəmiyyətə bir mesaj vermək istəyirlər. Bu mesajların biri budur ki, Sərdar Cəlaloğlunun bu seçkilərdə qaldırıdığı ideyalar xalq tərəfindən dəstəklənmir və yaxud reallıqları əks etdirmir, əksinə, guya məndən qabaq olan Zahid Orucun mesajları cəmiyyət tərəfindən dəstəklənir, ona görə seçkilərə gəlib onlara səs veriblər. Hərçənd ki, mən onun nə mesaj verdiyini özüm üçün də müəyyən edə bilmədim. Hesab edirəm ki, bu seçkilərin faktiki nəticələrinə görə mən ikinciyəm. Əgər onlar özlərinin keçirdiyi rəy sorğularına əsaslanırlarsa, bizim partiyanın özünün də rəy sorğusu var, o rəy sorğumuza görə də biz burada ikinciyik. Bizim əlavə olaraq maliyyə resurslarımız və vaxtımız çox olsaydı, bəlkə də bu seçkidə ən azı seçkilərin ikinci tura keçirilməsinə səbəb olacaq bir nəticələr əldə edə bilərdik. Amma bu seçkilərdə o qədər məhdud resurslarımız oldu ki, demək olar, indiki nəticələri ancaq əldə edə bildik. Məsələn, Azərbaycanda bütün rayonlarda seçki məntəqələrini əhatə edə bilmədik, cəmi üç görüş keçirdik. Halbuki, 30-40 görüş keçirə bilərdik. Əldə etdiymiz nəticə ilə resurslarımızı müqayisə etsəniz görəcəksiniz ki, burada böyük fədakarlıqdan söhbət gedir. Yəni insanlarımız “boş ələ” bu nəticəni əldə ediblər. Təbii ki, seçkilərə Qüdrət Həsənquliyevin qoyduğu pula baxın, mənim qoyduğum pula baxın, onun əldə etdyi nəticəyə baxın, mənim əldə etdiym nəticəyə baxın. Yəni seçkidə 1 manatın xərclənməsi neçə seçici gətirməsini hesablayanda mənm 1 manatım 10 seçici gətirib, onun 1 manata 1 seçici gətirib. Söhbət bundan gedir. Bu da çox böyük bir dəyərdir, nəticədir. Dünyada hamı bilir ki, səsi pul da verib almaq mümkündür. Get, adamın birinə 20 və yaxud 50 manatdan payla, gəlsin, səsini sənə versin. Yəni seçkiyə qoyulan xərclər və yaxud dəstək əsasdır.

Zahid Orucun, Qüdrət Həsənquliyevin kimin təmsilçisi olduqları məlumdur. O qüvvələr də onlara dəstək verib. Bilirsiniz ki, namizədlərin 4-ü deputat olub. Məsələn, Fərəc Quliyev 3 dəfə deputat olub və yaxud Araz Əlizadə, Zahid Oruc, Qüdrət Həsənquliyev neçə dəfə deputat olub, bunların həm də deputat olduqlarını nəzərə alsaq, hər gün televiziyada xalqla təmasdadırlar. Ancaq mən xalqla təmasda olmamışam, 5 il ardıcıl olaraq televiziyada xalq məni görməyib. Biri var, 5 ildə cəmi məni xalq 20 gün görsün, biri də var ki, hər gün onları görələr. Yəni bunları nəzərə alanda mən yüz faiz onlara qalib gəlmişəm. Mənim seçki dövründə cəmi 1 saat xalqa görünməyim, onların 5 il görünməyindən çox mənə nəticələr verib”.

“Müsavat-AXCP cütlüyndən bizim yolumuz ayrıldı”

“Yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik edəcəksinizmi” sualına S.Cəlaloğlu belə cavab verdi: “Biz indi seçki qərargahının iclasını çağıracağıq. Seçki qəraragahı hansı qərarı versə, o qərar uyğuna addım atacağıq. Mənim şəxsən öz fikrimi bilmək istəyirsinizsə, mən Azərbaycanda yeni bir siyasi ənənə yaradılmasını, yeni münasibətlər sistemini vacib hesab edirəm. Artıq biz bu seçkilərdə revanşist müxalifətlə bir daha yolumzun bir olmayacağı qəanətinə gəldik. Təsəvvür edin ki, Azərbaycan iqtidarını qoyub, gecə-gündüz mənim əleyhimə iş aparan bu adamlarla mən sabah necə bir yerdə ola bilərəm?! Müsavat-AXCP cütlüyndən mənə elə gəlir ki, bizim yolumuz ayrıldı. Ona görə də biz fərqli bir müxalifətçilk yolu tutmalıyıq, bu yolun istiqamətini müəyyənləşdirməliyik. Bunun üçün də iqtidarla düşmənçilik mövqeyinə, iqtidarla qeyri-siyasi konfrantasiyadan, iqtidarla qanundan kənar münasibətlər sisitemində deyil, iqtidarla qanun və əxlaq çərçivəsində müxalifətçilik müstəvisinə keçməyi planlaşdırırıq. Mən elə gəlir ki, iqtidarla söyüş, hədə-qorxu dili ilə danışmaq, iqtidarı dünyada biabır etmək dili ilə danışmaq Azərbaycanda dəyişilmələrə imkan verməyəcək”.

“AXCP və Müsavatın hakimiyyətə bəslədiyi hisslər məndə yoxdur”

“Seçkini nəticələrini tanıyacağıq. Hesab edirəm ki, İlham Əliyevi də prezdent vəzifəsinə başlaması münasibətilə təbrik etməliyik. Çünki İlham Əliyevin nə qədər seçkisi şübhəyə düşəcəksə, bu, ancaq Azərbaycan dövləti və xalqının maraqlarına zidd olacaq. Biz imkan verə bilmərik ki, ruspərəst qüvvələr İlham Əliyevi cəmiyyətə və dünyaya qeyri- legitim bir prezident kimi təqdim etsin və Qərblə Azərbaycan arasında müəyyən bir soyuqluq yaransın, Azərbyacan da zorən getsin Rusiyanın qoltuğunun altına girsin. Halbuki, bu gün bütün dünya Rusiya ilə müharibə aparır. Belə bir halda biz elə etməliyik ki, İlham Əliyev də bir müstəqil siyasət apara bislin, ən azı Qərbə inteqrasiya xətti tuta bilsin, xüsusilə Türkiyə ilə yaxınlaşmaq istiqamətində addımlar atsın. Baxın, ilk dəfə İlham Əliyevi kim təbrik etdi? Türkiyə. Mən türk konfederasiyası yaradılmasının tərəfdarıyam. Yəni Türkiyə tərəfi İlham Əliyevi birinci təbrik edib və seçkinin nəticələrini qəbul edibsə, türk konfederasiyasının yaradılmasını istəyən bir adam mən hansı mövqdə durmalyam? Təbii ki, Türkiyə hansı mövqedədirsə, o mövqedə durmalıyam, elə buna görə də İlham Əliyevi təbrik etməliyəm. Burada elə bir şey yoxdur. Düzdür, mənim bu təbrikim Azərbyacanın siyasi ənənələrinə uyğun olmaycaq. Çünki Azərbyacanda seçkilərdən sonra həmişə iqtidar-müxalifət arasında münasibətlər bir az da korlanıb, düşmənçilik artıbdır. Amma mən İlham Əliyevə faktiki olaraq uduzduğumu qəbul etdiymə görə, məndə bir kompleks yoxdur. İkincisi də mən revanşist bir siyasət aparmıram. Məni İlham Əliyev hakimiyyətdən yıxmayıb, əlimdən də hakimiyyətimi almayıb. Ona görə də mən də o hisslər yoxdur. Bu gün AXCP və Müsavatın hakimiyyətə bəslədiyi hisslər məndə yoxdur. Mən bütün bunları nəzərə alıb İlham Əlieyevi təbrik etməyin tərəfdarıyam, görək, yoldaşlarmız nə deyir, tək mənim fikirlərimdən hər şey asılı deyil”, – deyə ADP sədri əlavə etdi.

Şamo EMİN, Hurriyyet.org

araz.az xəbər portalı.