Dünya tarixi də açıq-aydın göstərir ki, müharibələrdən möhtəşəm qələbələrlə çıxan ölkələr, əksər hallarda, növbəti il üçün hərbi xərclərini azaltdığı halda, 44 günlük Vətən Müharibəsində şanlı qələbəsini qazanan Azərbaycan, növbəti il üçün, hərbi büdcəsini xeyli artırdı. Ardınca bütün Azərbaycanın gözlədiyi qardaş Türkiyə ilə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları, öz Sərəncamı ilə, hərbçilərin maaşlarını 50 faizə qədər artırdı. Hətta ölkə başçısı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi münasibəti ilə keçirilən tədbirdəki çıxışında bildirdi ki, Silahlı Qüvvələrin say tərkibi də xeyli artırılacaq.
Yuxarıda sadaladığım proseslərin qısa zaman müddətində, yəni, Azərbaycan Ordusunun 44 günlük müharibə qələbəsindən sonra baş tutması, təbii ki, Azərbaycan dövlətinin, xalqının daha böyük hədəflərə kökləndiyini də göstərir. Son vaxtlar Azərbaycanın xarici dövlətlərdə öz hərbi bazalarını yaratması imkanlarının müzakirəsi də, dövlətimizin regional güc mərkəzi kimi, artıq dünya dövlətləri tərəfindən qəbul edilməsinin sübutudur. Dünyanın nəhəng dövlətlərinin və siyasi liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dünya liderləri sırasında ən nüfuzlu lider kimi qəbul etməsi, qardaş ölkənin maraqları ilə birmənalı hesablaşması, etnik və dini baxımdan ən yaxın Azərbaycan dövləti ilə müttəfiqlik münasibətləri haqqında sənədlər imzalanması tarixi türk əzəmətini əks etdirən yeni dövrün başlandığı deməkdir.
Əksər yazılarımda, hətta 2019-cu ildə işıq üzü görən “Mənim düşüncəm” adlı kitabımda hərb xalqına və dövlətinə çevrilməyimizin tarixi zərurət olduğu haqqında yazmışam. Görünür ki, artıq biz belə bir dövrə qədəm qoymuşuq və məqsədlərimiz çoxlarına gün kimi aydındır. İran, Rusiya, Fransa və sair bu kimi düşmən dövlətlər əhatəsində olan Azərbaycanın öz istəyinə nail olması və möhtəşəm qələbə qazanması, təbii ki, yüksək siyasi və diplomatik bacarığının nəticəsində, qəhrəman hərbçilərinin şücaəti sayəsində baş tutdu. Nəzərə alsaq ki, Rusiya və Fransa Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvlərindən ikisidir, o halda, müharibənin gedişində belə düşmən mövqeli dövlətlərin basqılarının neytrallaşması hansı siyasi və diplomatik səylərin miqyası nəticəsində mümkün olduğunu anlamaq o qədər də çətin deyil. Dünya liderləri Putin, Bayden, Nazarbayev, Lukaşenko, Saakaşvili və sair nüfuzlu siyasətçilərin Azərbaycan Prezidenti İlham Əliyev cənabları haqqında olduqca yüksək müsbət fikirləri, onun, beynəlxalq miqyaslı lider və siyasətçi olduğu reallığını bir daha əks etdirir. Bu baxımdan, Ərdoğan və İlham Əliyev tandemi ilə, Türk Dünyasının imkanlarını daha da genişləndirir və hədəfləri mümkün reallığa çevirir. 1813 — 1828-ci illərdən bu yana Azərbaycan xalqı və dövləti tarixinin ən əzəmətli, möhtəşəm ilk intibah dövrünü yaşayır. İmkanlarımız artır, böyük hədəflərimiz yaxınlaşır. Bu əzəmətli dövr hər birimizdən isə, dərin dövlət psixologiyası ilə düşünməyi, ali məqsəd və amallara xidmət etməyi tələb edir.
Bu yerdə bir məqamı da xatırlatmaq istərdim: Azərbaycan 2-ci Qarabağ Savaşında öz möhtəşəm qələbəsi ilə, suverenliyimizi, ərazi bütövlüyümüzü, qürurumuzu bərpa etməklə yanaşı, iqtisadi və sosial təminat imkanlarımızı əsaslı şəkildə genişləndirdi. Dünyanı cənginə alan qlobal istiləşmə prosesində ölkəmizin su ehtiyaclarının ödənilməsi üçün, vacib böyük su mənbə və ehtiyatlarını nəzarətimizə qaytarmağımız təbiətin sınağına belə tab gətirməyə imkan verir. 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəmizin masştabının sözlə ifadəsi o qədər də asan deyil. Elə, möhtəşəm, əzəmətli, tarixi, qururverici və sair bu kimi ifadələr belə, keçirdiyimiz hissləri tam ifadə edə bilməz.
Vüqar DADAŞOV,
hüquqşünas, Qarabağ qazisi, MCP Siyasi Şurasının üzvü.
araz.az xəbər portalı.