ramil 1Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Vael Süleyman ondan gizli şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyəti qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla  evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Yekaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almari Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma…

Hər dəfə qızımı görmək üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim…

İş adamı  açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Ramil Həsənin öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almari Vael Süleyman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramil Həsən olduğunu deyib.

Almari Vael Süleymanın dediklərindən belə məlum olub ki, idman zalında resepşn işləyən Hasan (Lungu) Nicolai Yekaterina ilə 2012-ci ildə Moldovada tanış olub, iki ilə yaxın onunla faktiki nikahda yaşayıb. 2014-cü ildə qız övladı dünyaya gəlib. Əcnəbi biznesmen deyir: “Yekaterina ilə rəsmi nikahımız olmayıb. Uşaq doğulandan sonra ayrılmışıq. Ona demişdim ki, maddi təminatınızı hər zaman ödəyəcəyəm. Mən başqa qadınla rəsmi nikaha girmişəm, ailəliyəm. Yekaterina qızım Malikanı  mənə göstərmirdi. Malika mənim yeganə övladımdır,  ondan başqa övladım yoxdur. Ayrılsaq da, Yekaterinanın bütün maddi tələbatlarını ödəyirdim. Uşağımla parkda görüşürdüm. Buna baxmayaraq, hər dəfə qızımı görməyim üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim. Ona bahalı maşın almışdım, istirahət etmək üçün Türkiyəyə də göndərmişdim. Bir sözlə, bütün maddi ehtiyaclarını öz üzərimə götürmüşdüm”.

Övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər

İş adamı deyir ki,Yekaterina təxminən 2018-ci ildə Azərbaycan parlamentinin deputatı Ramil Həsənlə tanış olub. Bu barədə onun özü Almari Vael Süleymaniyə bildirib: “Yekaterinanın Ramillə olan münasibətinə qarşı çıxmadım. Amma onlar mənim övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Hər yerə şikayət etdim. Yekaterina hazırda İnterpolda axtarışdadır”.

Övladının gizli, qanunsuz şəkildə Moldovadan çıxarıldığını öyrənən ata yerli məhkəmələrə müraciət edib. Bununla bağlı tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olub. Moldova məhkəməsi uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarıb. Həmin məhkəmə qətnaməsində birbaşa göstərilib ki, Almari Malika atası Almari Vael Süleymanın himayəsində qalmalıdır. Qarşı tərəf məhkəmənin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, şikayətləri təmin olunmayıb.

Tam qanuni əsaslarla biznesmenin öz qızı ilə görüşməsi üçün yer kimi Bakının mərkəzində yerləşən “Four Seasons” oteli seçilib. Həmin görüş zamanı bu hadisədə heç bir prosessual tərəf sayılmayan Milli Məclisin deputatı Ramil Həsənlə iş adamının hüquqlarını müdafiə edən  Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında mübahisə yaşanıb. Mübahisə zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

İlk iş günündə qanun çərçivəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm…

Məsələ ilə bağlı açıqlama verən millət vəkili bildirib ki, bu cür addımlara görə Muxtar Mustafayev qanun çərçivəsində cavab verəcək. Çünki vətəndaşın icazəsi olmadan onun videogörüntüsü lentə alına bilməz:

“Gizli videoçəkiliş vətəndaşların hüqüq və azadlıqlarına qarşı sui-istifadə üçün bəzi şəxslərin əlində alətə çevrilib. Bundan başqa, burada məqsəd qanun çərçivəsində baş tutan görüşdə təxribat törətmək cəhdləri idi.

Görüntüyə baxsaz görərsiniz ki, mənim ifadə etdiyim hər bir fikir qanun çərçivəsində öz hüquqlarımı qorumaq üçün idi. Bu görüntülərin gizli şəkildə mediaya ötürülməsi də işin içində çirkli oyunların olmasını göstərir. Muxtar Mustafayevin mənə və ailəmə qarşı oynadığı bu iyrənc oyunlara görə mən ilk iş günündə qanun çərçivəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Əminəm ki, hüquq-mühafizə orqanları buna qarşı lazım olan addımları atacaq”.

Bu hadisənin dövlətlərarası münasibətlərə də təsiri var…

Oteldə yaşanan qalmaqala tam aydınlıq gətirmək üçün  vəkil Muxtar Mustafayevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mübahisəyə başlıca  səbəb İngiltərə vətəndaşı olan biznesmenin doğma övladı ilə tam qanuni əsaslarla ünsiyyət qurmaq istəməsi və buna millət vəkili Ramil Həsənin qanunsuz müdaxiləsi olub: “Həmin iş adamının Moldova əsilli bir xanımla birgə övladı var. Sonra həmin xanımla Ramil Həsən ailə qurub. Biz bu məslələrə qarışmırıq. Kimin kimlə ailə qurmasının bizə aidiyyəti yoxdur. Moldova Ali Məhkəməsinin qərarı var ki, uşaq atasının yanında qalsın. Sonradan uşağın anası Yekaterina Moldovada separatizm ərazisi olan Dnestryanıdan uşağı oğurlayaraq, qanunsuz yollarla keçirirlər Ukraynaya, ordan da gətirirlər Azərbaycana. Uşağın atası Almarinin dediyinə görə, uşaq Ramil Həsənin iştirakı ilə Azərbaycana gətirilib. Bu barədə məlumatı Almariyə Ukrayna Sərhəd Xidməti verib. Moldovanın Dnestryanısı bizim üçün uzun müddət işğalda olan Qarabağ anlamını daşıyır. Bununla bağlı uşağın anasının barəsində Moldovada cinayət işi başlanıb. Çarəsiz qalan ata uşağının üzünü görmək üçün Azərbaycana gəlir. Moldovadakı məhkəmənin qərarını tanınması üçün bizim məhkəmələrə təqdim edir. Bununla bağlı olduqca ziddiyyətli qərar qəbul edilir. Sonra əlavə iddia verir ki, uşaqla görüşü təmin edilsin. Məhkəmə qərar çıxarır ki, həftədə 8 saat uşaqla atanın görüşünə icazə verilsin. Qarşı tərəf şikayət verir və həmin görüş üçün zaman 2 saata endirilir. Qərarda qeyd edilir ki, görüş ananın iştirakı ilə olmalıdır. Bu qərar hələ ki, qanuni qüvvəyə minməyib. Görüş yeri kimi “Four Seasons” oteli seçilir. İki dəfə görüş olub. Təsəvvür edin ki, anası gəlir uşağı qucaqlayıb oturur, yanında da atası. Ondan xahiş edirlər ki, heç olmasa bir masa arxada otursun ki, ata normal şəkildə övladı ilə ünsiyyət qura bilsin. Bu görüş deyil, imitasiyadır. Son görüşdə icra məmuruna iradımı bildirdim ki, icranı olduğu kimi təmin etsinlər. Bu iradım Ramil Həsənin xoşuna gəlmir və videoda gördüyünüz hadisə baş verdi. Mən nə etməliydim?”

Vəkilin sözlərinə görə, bu hadisənin dövlətlərarası münasibətlərə də də ciddi təsiri var: “Almarinin indiki  qaynatası Moldovada ciddi nüfuz sahib olan şəxsdir. Həmin ölkənin parlamentinin spikeri olub, hazırda fraksiya rəhbəridir. Bizim jurnalistlərin Kəlbəcərdə minaya düşmələrilə bağlı həmin şəxs Moldova parlamentində ermənilərə etiraz bildirən çıxış edib. Bu hadisə, birbaşa olmasa da, dolayısı ilə iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər. Həmin ölkənin ən ali məhkəmə instansiyası qərar çıxarıb, Azərbaycana göndərib. Bizim ölkə həmin qərarı tanımalıdır. Mənim Ramil Həsənlə heç bir şəxsi ədavətim yoxdur. Yanında gətirdiyi idmançı görkəmli adamlarla mənə təzyiq edirdi. Mən ünvanıma işlədilən kobud ifadələrə cavab vermişəm. Ünvanıma xain ifadəsini işlədir. Adama bu sözü demək olarmı? “

Avtomobilin üzərində yazılan  “Malika” sözü diqqəti cəlb edir…

Biz bu məsələ ilə bağlı Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla əlaqə saxladıq. O, bu məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Daha maraqlı bir məqam hazırda Ramil Həsənin istifadəsində olan bahalı avtomobillə bağlıdır. “Jaguar” markalı həmin avtomobil Moldova nömrəsilə uzun müddətdir ki, Azərbaycanda sürülür. Avtomobilin üzərində yazılan “Malika” sözü diqqəti cəlb edir. Məlum olur ki, həmin avtomobili iş adamı öz adından qızına hədiyyə edib. Uşağın ölkəmizə qaçırılaraq gətirilməsinin də məhz həmin avtomobil vasitəsilə baş tutduğu iddia edilir. Maraqlı paradoks yaranır: əgər Ramil Həsən Almarini bəyənməyib, ona hətta öz övladı ilə görüşməyə şərait yaratmırsa, onda kişinin avtomobilindən niyə istifadə edir? Bir də, azərbaycanlı bir deputatın başqa bir ölkənin nömrə nişanlı avtomobilində gəzməsi nə dərəcədə vətənpərvərlik nümunəsi sayıla bilər?

İstərdik, bu məsələ ilə bağlı tarixi bir analogiya da aparaq.

Hadisə eramızdan əvvəl 1193-1183 -cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş verib. Yunan mifologiyasına əsasən, hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə, Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donanma ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Deputat Ramil Həsənin başına gələnlərlə bu hadisə arasında, az da olsa, bənzərlik nəzərə çarpır.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/7tsju-Qhyug’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.