Ermənistanda parlament seçkisində inamlı qələbə qazanan Paşinyan hökuməti təkbaşına, yəni, heç bir koalisiyaya girmədən formalaşdıracaq.
Təbii ki, Rusiya meylli revanşist qüvvələr Koçaryan və Sarkisyanın seçkisonrası Məhkəmə perspektivində belə uğursuzluğa uğradı. Məhkəmə Koçaryan və Sarkisyanın şikayətlərini icraata belə qəbul etməkdən imtina etdi. Həm seçkidə, həm də seçkidən sonrakı proseslərdə erməni cəmiyyəti rus fiqurlarını rədd etdi. Hətta İrəvandakı rus fiqurları — Koçaryan və Sarkisyan seçkinin nəticələrinə qarşı mitinq keçirməyə insan toplaya bilmədiklərindən, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Xankəndi şəhərində hay-küydən başqa heç bir effektə nail ola bilmədilər.
Ermənistanda seçkinin, ümumən götürdükdə, siyasi proseslərin məntiqi onu göstərir ki, erməni cəmiyyəti Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyə son vermək istəyir və Paşinyanın qələbəsinin kökündə məhz bu faktor durur. Ancaq birmənalı demək olar ki, Rusiya erməni — azərbaycanlı və türk qarşıdurmasının davamında olduqca maraqlıdır. Və Rusiyanın bu siyasəti 1724-cü ildən bu yana dəyişməz olaraq qalır. Ermənistanın sonuncu — Tovuz təxribatında da, məhz rusların əli var. Hansı ki, indi baş verənlər də, ruslara sadiqliyini davam etdirir deyən erməni hərbçilərinin “xidməti”dir. Təbii ki, Paşinyan hakimiyyəti indiki durumda Azərbaycanla hərbi qarşıdurmada maraqlı ola bilməz. Növbəti Tovuz təxribatı ancaq ruslara və onların Koçaryan, Sarkisyan kimi ifaçılarına müəyyən şanslar yarada bilər.
Diqqətimizdən yayınan əsas məqam isə, təxribatın məhz Tovuz istiqamətində baş verməsidir ki, bu da, Rusiyaya alternativ Azərbaycandan dünya bazarına enerji (neft, qaz) daşıyıcıları, məhz Tovuz rayonu ərazisindən ixrac edilir. Rusiya, ümumən götürdükdə, Cənubi Qafqazda qalmaq üçün müxtəlif variantlara və planlara malikdir. İlk növbədə, Rusiyaya da bəllidir ki, Ermənistanda mövqeyi əsaslı şəkildə sarsılıb. 44 günlük müharibədə Azərbaycana məğlub olan Paşinyan hakimiyyətinin Ermənistandakı növbədənkənar seçkidə inamlı qələbə əldə etməsi də buna sübutdur. Məhz buna görə də, sülhməramlı adı ilə Qarabağa girən Rusiya, burada, ilk növbədə, separatçı rejimə “stavka” etdi. Konkret desək, Rusiyanın Qarabağda “rus dili və rus vətəndaşlığı” oyunu, rus sülhməramlılarının mandatından kənar fəaliyyəti və digər fəaliyyətlərlə bağlı informasiya senzurası Qarabağda separatçı rejimə “stavka”nın tərkib hissəsi idi. Ancaq Rusiya anladı ki, Qarabağdakı rejimə ümidlər də, heç bir effekt verməyəcək — elə ona görə ki, quldurbaşı Araikin belə dilindən bəlli olmuşdu ki, Qarabağda ermənilərin sayı, ruslar dediyi kimi, 90 min yox, 35 mindən çox deyil. Və o ermənilər də, Qarabağı tərk edirlər. Ermənilərin Qarabağdan miqrasiyası 15 iyun Azərbaycan — Türkiyə arasında müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonra, daha da sürətlənib. Xankəndində satışa çıxarılan mənzillərin sayının xeyli artması, mənzil qiymətinin kəskin düşməsi və nəhayət, Xankəndi avtovağzalında Ermənistana gedənlərin sıxlığı qeyd edilənlərə daha bir real sübut, rusların Qarabağdakı rejimə ümidlərinin puça çıxdığına isə, inkarolunmaz dəlildir.
Rusiya isə, hər vəchlə həm Ermənistana, həm də Azərbaycana qarşı müəyyən yeni təsir imkanlarını əldə etmək istəyir. Ümumən götürdükdə, Ermənistan — Azərbaycan sərhədindəki mövcud gərginlik, eləcə də, növbəti Tovuz istiqamətində törədilən təxribat belə ona işarədir ki, Rusiya, artıq, regionda öz mövcudluğu üçün son çarpışmasını aparır. Bu mövzuda apardığım dərin araşdırmaların son nəticəsi isə, tam əminliklə onu deməyə əsas verir ki, Rusiyanın bu növbəti iyrənc əməli də, tezliklə fiaskoya uğrayacaq.
Vüqar DADAŞOV, hüquqşünas, Qarabağ qazisi.
araz.az xəbər portalı.