photo_25497.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına,
Şamaxı rayonu,Babək küçəsi ev 12-də yaşayan, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qafqaz Media İctimai Birliyinin (Q.M.İ.B) təsis etdiyi “Qələm” Fəxri Fərmanı və Mükafatı laureatı Heydər Ələddinoğlu tərəfindən

AÇIQ MƏKTUB:

Hörmətli Cənab Prezident,mən ailə vəziyyətimlə əlaqədar olaraq,(yaşlı və xəstə valideynlərimlə bir yerdə yaşadığım üçün onları tək qoya bilmirəm) rayonda yaşayıb-yaradan gənc bir yazaram.

2017-ci ilin dekabr ayında ədəbi fəaliyyətimin 20 ili tamam oldu. Bu müddət ərzində bir çox ədəbi uğurlara imza atmışam.Onlarla görkəmli şair,yazıçı və ədəbi tənqidçilər haqqımda yazılar və məqalələrlə çıxış etmişlər.Sözlərimə yazılmış onlarla mahnıları populyar müğənnilərimiz ifa etmiş və hal-hazırda da efirlərdə ifa etməkdədirlər. Ən böyük ədəbi uğurlarım -Ümummilli liderimizə həsr etdiyim “Vətən oğlu” poeması rayon və respublika səviyyəsində böyük rezonansa səbəb olmuş, “Heydər Baba Şirvanda” şerim aşıq və el sənətkarları tərəfindən məşhurlaşmış, “Heydər-İlham-Azərbaycan” şeirimə bəstələnmiş himn-mahnı rayonda keçirilən tədbirlərin açılışında bir neçə il bundan qabaq Zati-Alilərinizin rayonumuza səfəri zamanı həmin mahnı səsləndirilmişdir.(Bu siyahını çox uzatmaqla vaxtınızı almaq istəmirəm).

Hörmətli Cənab Prezident, artıq 6-7 illik müraciətimə baxmayaraq,(bu müddət ərzində respublikamızın ən ali qurumlarına yüzə yaxın məktub və elektron üsulla müraciət etmişəm)hələ də,yazıçılıqla bağlı hüquqlarımın təmin edilməsinə nail ola bilməmişəm.Bu hüquqlarla bağlı ən böyük arzum Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” çıxarılmış fərmandan mənim də yararlanmaq istəyimdir.Əgər bu fərmandan mən də yararlana bilsəydim,heç olmazsa, bir illik müddətində alacağım 300(üç yüz) manat təqaüdlə müəyyən qədər problemlərimi həll etmiş olardım.

Hörmətli Cənab Prezident,nəzərinizə çatdırmaq istəyirəm ki,ailə üzvlərimdən birinin bir ildə iki dəfə cərrahiyyə əməliyyatatına məruz qalması və müxtəlif xəstəliklərdən əziyyət çəkən iki evladımın hər üç aydan bir tibbi müayinə və müalicə kurslarına məruz qalaraq,xərclənən vəsait maddi durumumla heç uyuşmadığı üçün, maddi sosial durumum dözülməz bir həddə gəlib çıxmışdır.Əgər əvvəllər yaradıcılığla baglı istəklərimi xırda-xırda yığdığım vəsait hesabına həll edə bilirdimsə,(3 kitabım,sözlərimə bəstələnmiş mahnılardan ibarət bir kassetim,və bir CD diskim işıq üzü görüb) indi bu barədə heç fikirləşməyi də mənasız sanıram.

Hörmətli Cənab Prezident,bütün bu uğurlarıma və zəhmətimə baxmayaraq,bu günkü günə qədər “biganəlik xəstəliyi”ndən əziyyət çəkirəm.Bir neçə dəfə Şamaxı rayon İH-nə ali təhsilli olduğumu,bir neçə xarici dil bildiyimi və bu dövlətə potensiallı bir gənc kimi demək olar ki,işsiz qaldığımı (acından ölməməkçin utana-utana da olsa, günlük ticarətlə məşqul oluram) bildirmişəm.Hazırda Şamaxı Rayon İcra Hakimiyyətində bir neçə boş yer olduğunu bilirəm.

Əgər həmin yerlərdən birinə təyin olunaramsa,o halda xalqım naminə,dövlətim naminə, prezidentim naminə vicdanla işləyərəm. Hörmətli Cənab Prezident,ümid edirəm ki,istəklərimlə bağlı müraciətimə yaxın günlərdə reaksiya veriləcəkdir.

Heydər ƏLƏDDİNOĞLU

araz.az xəbər portalı.