“Ukraynada aparılan araşdırma nəticəsində ukraynalıların genetik rus olmadıqları müəyyənləşib. İndi Ukraynada ruslarla yaxın dildə danışdıqları, amma rus olmadıqları məsələsi gündəmə gətirilir. Bu da Rusiya ilə Ukrayna arasında olan bütün bağları qırır. Bunun əsas səbəbi isə Rusiyanın öz imperiya ambissiyasından əl çəkməməsidir. Elə buna görə də hazırda Ukraynanın bütün diqqəti və hədəfi NATO-ya köklənib. Rusiya da öz bildiyini etmək istəyir. Bu səbəbdən də Moskva-Kiyev münasibətlərindəki gərginlik aradan qalxmır”.
Bunu Reyting.az-a Ukrayna ilə Rusiya arasında yenidən artan gərginliyin səbəblərini şərh edərkən politoloq Cümşüd Nuriyev deyib.
C. Nuriyev xatırladıb ki, artıq Rusiyanın istəyi ilə Belarus da Ukraynaya qarşı müəyyən addımlar atmağa başlayıb: “Faktiki sərhədlər bağlanıb. Əslində Ukraynaya qarşı Moskva tərəfindən növbəti “səlib yürüşü” təşkil olunub. Qara dənizdə Ukraynaya dəstək verən ölkələrin böyük hərbi təlimlər keçirməsi də Rusiyaya mesajdır. Ancaq iş ondadır ki, Qərb ölkələri sözünü birmənalı deyə bilmir, sanki Rusiyadan qorxurlar. Qərb ortaya konkret şərt qoymur. Son 50-60 ildəki tarixi analiz etdikdə aydın olur ki, qarşıdurma zamanı Qərb Rusiyaya qarşı asatagəl mövqedən çıxış edib”.
C. NURİYEV
Politoloq diqqətə çatdırıb ki, Rusiyanın Moldova ilə bağlı da problemləri var: “Eyni zamanda Kiyevlə faktiki düşmən münasibətləri yaranıb. Üstəlik, Rusiyanın Qafqazın üç respublikası ilə mübasibətlərinin gərgin olmasına baxmayaraq, indi də Qazaxıstandan ərazi istəyir. Çin və Yaponiya ilə problemləri mövcuddur. Hələlik Rusiya gərginliyi artırmaqda davam edir və bunun nə vaxta qədər davam edəcəyi bəlli deyil”.
C. Nuriyev əlavə edib ki, münasibətlərin pisləşməsində Rusiyanın imperiya ambissiyaları əsas rol oynayır: “Ona görə də ruslarla ukraynalılar arasında münasibətlər yenidən kəskinləşib. Bəli, münasibətlərin müharbə fazasına keçəcəyi inandırıcı deyil. Ukraynanın və Rusiyanın hərbi qüdrəti fərqlidir. İndi Ukraynaya müharibə lazım deyil. Ukraynaya hərbi müdaxilə olmayacaq. Ukrayna da ərazi bütövlüyünü tələb edir. Düşünürəm ki, Ukrayna üçün president də var. Rusiyanın dəstəyi ilə Ermənistan ərazilərimizi 30 il işğal altında saxlasa da, həmin əraziləri azad etdik. Ukrayna da belə bir fürsət gözləyir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.