1625329213 terror 1

2001-ci ilin 11 sentyabrında ABŞ-da törədilmiş terrorun Səudiyyə Ərəbistanı ilə əlaqələrini özündə ehtiva edən kəşfiyyat məlumatları üzərindən məxfiliyin qaldırılması tələb olunur. Bir qrup senator 11 sentyabr terroru qurbanlarının ailələrinin bu məlumatlardan istifadəsi üçün ölkənin Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edib.

araz.az reyting.az-a istinadən xəbər verir ki, müraciəti Riçard Blumenthal, Kristen Gillibrand, Bob Menendez kimi məşhur senatorlar imzalayıblar.

Senatorlar FTB-yə etdiyi müraciətdə 11 sentyabr hadisəsi ilə əlaqəli məlumatlarla bağlı “məxfi məlumatlara dair dövlət məhdudiyyəti”nin götürülməsini istəyirlər.

ABŞ rəsmilərinə müraciət ünvanlayan və onlara iki həftə vaxt verən senatorlar bəyan ediblər ki, illərlə həyatda qalanlar və qurbanların ailə üzvləri Ədliyyə Nazirliyindən və xüsusilə milli təhlükəsizlik iddiası ilə məxfi saxlanılan məlumatları FTB-dən ala bilmirlər: “Təəssüf ki, potensial olaraq kritik dəlillərin gizlədilməsi davam edir, bunun səbəbləri inandırıcı və yetərli formada açıqlanmır”.

Senatorlar yazırlar ki, terror hücumundan xilas olanlar və həyatını itirənlərin ailə üzvləri Səudiyyə Ərəbsitanını terror hücumunun planlaşdırılmasında iştirakçı olduğu iddiası ilə məhkəməyə versələr də, Ədliyyə Nazirliyi və FTB “dövlət məlumatlarının məxfiliyini” bəhanə gətirərək iddianı sübut edəcək dəlilləri gizlədirlər.

Senatorlar bəyan edirlər ki, Ədliyyə Nazirliyi Səudiyyə Ərəbistanına qarşı məhkəmədə iddia qaldırlanlara əsassız maneə yaratmamalıdır. Onların sözlərinə görə, 11 sentyabr terrorundan iyirmi il sonra FTB-nin iddia ilə bağlı gerçəkləri və faktları məxfi saxlaması üçün əsas yoxdur. Bildirilir ki, əgər bu məlumatların məxfi saxlanılması üçün inandırıcı səbəb varsa, Amerika xalqı da bunu bilmək haqqına sahibdir.

ABŞ-ın Ədliyyə nazirini və FTB direktorunu informasiyaların məxfiliyi mövzusuna biganə qalmaqda ittiham edən senatorlar bildirir ki, terror hücumundan bu yana keçən uzun zaman ərzində faktların sistemli gizlədilməsi və saxlanılması məsələsi ortaya ciddi suallar ortaya çıxarıb.

Məlumat üçün qeyd edək ki, 2016-cı ildə qəbul edilən Terrorizmə Dəstək Verənlərə Qarşı Ədalət (JASTA) Qanunu 11 sentyabr 2001-ci il terror hücumu zamanı ziyan çəkənlərə Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmaq üçün yol açıb. Səudiyyə Ərəbistanı isə bu qanun layihəsinə qarşı çıxaraq məhkəmədə iddia qaldırsa da, Manhetten federal məhkəməsi 2018-ci ildə Səudiyyə Ərəbistanının tələblərini rədd edib. Bununla da 11 sentyabr terror hücumundan xilas olanlar və vəfat edənlərin yaxınlarına Səudiyyə Ərəbistanından təzminat almaq imkanı yaranıb.

Donald Trampdan fərqli olaraq Bayden administrasiyasının Səudiyyə Ərəbistanı ilə məsafəli davranması 11 sentyabrda zərərçəkənlərin məhkəməni udacaqlarına ümid yaradıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.