Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli ABŞ prezidenti Co Baydenə məktub ünvanlayıb.
Məktubda deyilir:
Zati aliləri! Azərbaycan Yüksəliş Partiyası olaraq, ABŞ dövlətinin və xalqının müqəddəs bayramı-Müstəqillik günü münasibəti ilə şəxsən sizi və sizin simanızda amerika xalqını təbrik edirik.
Sonradan ABŞ-ın üçüncü prezidenti olan Tomas Ceffersonun müəllifliyi ilə Britaniyadan azadlıq deklarasiyasının 1776-cı ilin 4 iyul tarixində qəbul olunması, azadlıq və demokratiya epopeyasının başlanğıcı oldu. Amerika xalqının müstəqilliyə və demokratiyaya qovuşmaq yolunda göstərdiyi əzmkarlıq, dünya xalqları üçün də presedent və təkanverici amil oldu. Xalqınızın Amerika qitəsində ilk demokratik dövlət qurması, 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün də bir örnək oldu.
Dünya xalqlarının azad yaşama hüquqları və müstəqillik hüquqlarının təsbit olunmasında, insanların söz azadlığı, fikir azadlığı və sərbəst toplaşma azadlığı kimi demokratik dəyərlərin, eləcə də seçmək, seçilmək, təhsil və sosial hüquqların müdafiə olunmasında ABŞ dövlətinin beynəlxalq arenada göstərdiyi xidmətlər danılmazdır.
Dəyərli tarixi olan Amerika-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edən, müasir dövrdə həyata keçirilən enerji və sənaye sahələrindəki sıx əməkdaşlıq, xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı etimadın göstəricisidir.
ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi də yüksək qiymətləndiririk.
Cənab prezident! 245-ci Müstəqillik gününüz mübarək olsun.Yaşasın Demokratiya! Yaşasın ABŞ-Azərbaycan dostluğu!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.