araz.az dogruxeber.az-a istinadən xəbər verir: – İkinci vətən müharibəsi bizə çox böyük acılar yaşatdı. Neçə-neçə igidlərimiz torpaq uğrunda canını verib, şəhidlik zirvəsinə ucaldı, sağ qalanları isə kimisi yarı canından olub “qazi” adı qazandı, kimisi də gördüklərinin, yaşadıqlarının təsiri ilə psixoloji travma aldı, sağlamlığından oldu.
Bütün bunlar sözügedən igidlərimizin nəyinki yaxınları, ümumiyyətlə bütövlükdə Azərbaycan xalqı üçün çox üzücü idi. Həmin igidlərimiz isə öz qanları, canları bahasına qələbə sevincini bizə yaşatdılar.
Minlərlə qəhrəman oğullarımızın bəziləri öz ata-anasını, bacı-qardaşını, bəziləri ailəsini, övladlarını uğrunda öldüyü xalqına əmanət edib getdi.
Bəli, dəyərli xalqımız, bir ömür ata yolu gözləyəcək, atasını gözləyərək böyüyəcək bütün şəhid övladları, oğul “dağı” ilə qalan ömrünü əridəcək şəhid valideynləri, yar həsrəti ilə ömrünü yaşayıb, başa vuracaq şəhid xanımları onların bizə əmanətidir. Əmanətə sahib çıxmaq isə nəyinki, fərd olaraq hər birimizin, ümumiyyətlə xalq olaraq hamımızın borcudur.
Eyni zamanda düşmən tapdağı altında çirklənmiş torpaqlarımızı, müqəddəs qanları ilə yuyub, paklaşdıran Şəhidlərimizin adlarını yaşatmaq, daim başımız üstünə uca tutmaq da müqəddəs borcumuzdur.
Yeri gəlmişkən adını daim yaşatmaq, gələcəyimiz olan övladlarımıza tanıtmaq, həmişə xatırlatmaq üçün
01.07.2021-ci il tarixində Qaradağ rayon Müşfiqabad qəsəbəsində Akademik Mehdi Mehdizadə adına tam orta məktəbinin həyətində Şəhid Elsevər Paşayevin şərəfinə ucaldılmış abidə kompleksinin açılışı olub.
Əslən Cəbrayıl rayonundan olan şəhid Elsevər Paşayevin adına abidə kompleksinin inşası sözügedən məktəbin direktoru Şəlalə xanım Qasımlının, həmçinin Qəsəbədə yaşayan Cəbrayıl rayon sakinlərinin təşəbbüsü və dəstəyi ilə baş tutub.
Abidənin açılışında Cəbrayıl rayon İcra başçısının müavini Arif Fərzəliyev və Cəbrayıl rayonunu Milli Məclisdə təmsil edən Millət vəkili Ceyhun Məmmədov da iştirak ediblər.
1 saat davam edən tədbirdə məktəbin şagirdləri şeir və mahnılarla çıxış ediblər. Eləcə də tədbirdə iştirak edən Sözügedən məktəbin direktoru, müəllimləri, şəhidin komandirləri, döyüş yoldaşları da iştirak edib, Elsevər Paşayev haqqında xatirələrini və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, Elsevər Paşayev bir neçə xarici dil biliyi olan, savadlı, ali təhsilli, eyni zamanda bir neçə hərbi kurs keçmiş hərbçi idi. Onun həm ali savadına, həm hərbidə göstərdiyi aktiv fəaliyyətinə, şücaətlərinə görə ona “Mayor” rütbəsi verilmişdi.
Ailəli idi. Bizlərə əmanət İki qız övladı var.
Ruhunu hörmətlə anırıq.
Allah rəhmət eləsin!
DogruXeber.az
araz.az xəbər portalı.