İyulun 5-də Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Mühittin Özdemirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş Prokurorluqdan mia.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət, həmçinin tarixi əhəmiyyətli Şuşa Bəyannaməsinin imzalanması nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Kamran Əliyev qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdiriblər. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsi iki ölkə arasında sıx bağların olmasının təzahürüdür.
Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Qonaqlara həmçinin, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının yaradılması, onun fəaliyyət istiqamətləri, tərkibi, eləcə də Şuranın nəzdində prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə Anti-korrupsiya Təlim Mərkəzinin təsis edilməsi barədə məlumat verilib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Mühittin Özdemir ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.
Mühittin Özdemir təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.
Görüş çərçivəsində ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumunun imzalanmasından sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.
Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş inzibati binasında yaradılmış şəraitlə tanış olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından maraqlanıb, həmçinin yeni inzibati binada yaradılmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət ediblər.
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Mühittin Özdemirin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
araz.az xəbər portalı.