Moskva bizi məyus etmir, əksinə – gümanlarımızı təsdiqləmək üçün əlindən gələni edir
Heç olmasa, özümüzə qarşı dürüst olaq və hər şeyi öz adı ilə çağırmağa başlayaq. Dağlıq Qarabağda atəşkəs bəyannaməsini imzaladığı andan bəri Rusiyanın Azərbaycanın bu bölgəsini böyük bir hərbi bazaya çevirməyi planlaşdırdığı barədə yazdığımızı təkrar xatırladıram.
Rus qoşunlarının Qarabağın dağlıq hissəsində əbədi qalmağı planlaşdırdığına şübhə edən varmı? Bu ərazilər indi nə bizimdir, nə də ermənilərin – ərazidə ruslar oturub. Hər halda, yaxın perspektivdə belə də qalacaq. Rusiyada Kermlin “hərbi qülləsi” iqtidarda olduğu müddətcə, bu ölkənin rəhbərliyi sosial-iqtisadi siyasətindəki uğursuzluqları yeni fəthlər şəklində xarici siyasət uğurları ilə örtmək istədiyi müddətcə, Rusiya hakimiyyəti imperiya ambisiyalarından əl çəkməyincə və rejim dəyişikliyi baş verənə qədər Rusiya qoşunlarının Qarabağdan gedəcəyini gözləmək sadəlövhlükdür.
Təbii ki, ölkəmizin rəhbərliyi rusların Qarabağda nəyi hazırladıqlarını, hansı planları qurduqlarını yaxşı bilir. Bunun üzərində kəşfiyyat xidmətləri, analitik mərkəzlər, ekspert xidmətləri işləyir – özü də təkcə Azərbaycanın yox. Əlbəttə, Türkiyə ilə və hətta Avropa və Amerika ilə müttəfiqlik şəklində bir növ əks-tədbirlər hazırlanır. Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) keçən həftə üç ölkənin – Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirlərini Cənubi Qafqaz bölgəsinə göndərdi və ən diqqətçəkən bəyanat Avstriya xarici işlər naziri Aleksander Şallenberqin dilindən səsləndi: “Bu bölgədə gedən proseslərdə iştirak etməliyik, burada maraqlarımız var. Cənubi Qafqazı başqa aktorların öhdəsinə buraxa bilmərik və bunu etməməliyik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, Şuşa Bəyannaməsinin imzalanması, Şuşada ehtimal olunan bir hərbi bazanın yaradılması ilə bağlı açıqlamaları, Baydenlə görüşündə Qarabağ məsələsinin müzakirəsi, yüksək çinli avropalıların səfər və açıqlamaları Azərbaycan və Ermənistan uğrunda hələ ciddi bir mübarizə gedəcəyinə ümid verir. Kremlin planlarının gerçəkləşəcəyi də dəqiq deyil.
Ancaq bu günə qədər olan fakt budur ki, Rusiya Azərbaycana gəldi və heç bir halda sülhməramlı kimi deyil – baxmayaraq ki, ədalətli olsaq, atəşkəs əsasən təmin edilir. Bəs nə üçün? Ermənilər və azərbaycanlıların dinc yanaşı yaşaması naminəmi? Aydındır ki, maraqları naminə.
Razılaşaq ki, Rusiya dünyada hələ 19-cu əsrin imperiya siyasətinin paradiqmasında qalan yeganə ölkədir. İngilis imperiyası müstəmləkələrindən könüllü olaraq imtina etdi, Osmanlı, Avstriya-Macarıstan və Almaniya imperiyaları çökdü. Yalnız Rusiya hər hansı bir hökumətin – çar, kommunist, yalançı demokratlar dövründə olduğu kimi bütün xarici ətrafı boyunca işğallar planlaşdırmağa davam edir: həm Yekaterina dövründə, həm də Lenin, Stalin, Brejnev, hətta Yeltsin və daha çox Putin dövründə.
Və belə bir siyasət sayəsində, əslində Rusiya yenidən Azərbaycanı itirir: 1990-cı il yanvarın 20-də günahsız insanların öldürülməsindən və Moskvanın da əli olduğu Xocalı qətliamından sonra olduğu kimi. Ancaq buna baxmayaraq, Azərbaycan heç olmasa, indi Rusiyanın imperiya ambisiyalarından və Azərbaycanı özünə tabe etmək istəyindən vaz keçəcəyi ümidi ilə şimal qonşusu ilə əməkdaşlığı və dostluq münasibətlərini davam etdirdi.
Etiraf edirik ki, Rusiyanın vaxtaşırı uğurla istifadə etdiyi Azərbaycana təzyiq etmək üçün bir çox yolu var: miqrantları deportasiya etməklə təhdid edir, sonra pomidorlarımızın yolunu bağlayır, sonra ermənilərin əli ilə təxribatlar təşkil edir – əvvəllər cəbhə xəttində, indi sərhəddə. Hərbi üstünlük faktoru da daxil olmaqla, bu siyahını hələ çox uzatmaq olar.
“Sülhməramlı kontingent” bəhanəsi ilə qoşunların ölkəmizə gətirilməsi Moskvanın köhnə və “mavi arzusu” idi və ölkəmizin bütün düşünən başları bunun nəticələrini yaxşı təsəvvür edirdilər. Fürsət düşdü və buna görə də “Rusiya sülhməramlıları” guya ki, Azərbaycan və Ermənistan qoşunlarını ayırmaq, atəşkəsi təmin etmək, silahsızlanmağa kömək etmək və işğal altındakı ərazilərdən erməni birləşmələrini geri çəkmək, Azərbaycan və Ermənistan arasında gələcək sülh prosesinin davam etməsi üçün Dağlıq Qarabağda yerləşdilər.
Reallıqda nə görürük? Artıq dəfələrlə yazmışıq və bunu yalnız bir kar və kor bilməyə bilər – ruslar Qarabağda dərhal Rusiya vilayətlərindən birində olduğu kimi davranırdılar: kommunikasiyaların bərpasından başlayaraq, həm özləri, həm də Qarabağda yaşayan erməni əhalisi üçün mənzil tikintisinə qədər bütün işləri gördülər və görməkdə davam edirlər. Əlbəttə ki, əsas vəzifələrini – niyə buraya gəldiklərini unutmadılar – həm daxil olan silahlı qüvvələrin şəxsi heyətini, həm də ağır texnika daxil olmaqla maddi-texniki silahlanmasını fəal və açıq şəkildə gücləndirməyə başladılar. Təbii ki, hökumətimiz bunu yaxşı bilir və adi insanlar vaxtaşırı qoşun və texnikanın hərəkəti barədə sosial şəbəkələrdən məlumat alırlar.
Və bütün bunlar, əlbəttə ki, “sülhməramlılara” minnətdarlıq hissi oyada və Rusiya-Azərbaycan münasibətlərində möhkəmləndirici amil ola bilməz. Biz hələ işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsində separatçıların və rusların bayraqlarının hər yerdə asılmasını, rəhbərlərinin “sülhməramlıların” rəhbərliyi ilə yaxın olmasını, cinayətkar ünsürlərin, o cümlədən general Muradovun Gəncəni bombalayan Araikin Azərbaycana təhvil verilməsi barədə heç düşünməməsini, rus dilinin torpağımızda dövlət dili elan edilməsini və tanınmış rus siyasətçilərin, hətta partiyaların da açıq şəkildə Dağlıq Qarabağın Rusiya Federasiyasına birləşdirilməsinin vacibliyini bəyan etmələrini demirik… Bundan artıq nə olmalıdır ki, gözümüz açılsın?!
Əslində, bütün hərəkətləri ilə Rusiya bu gün ötən əsrin sonunda Gürcüstana qarşı etdiyi səhvi təkrarlayır: Abxaziyanı dəstəkləyərək Gürcüstandan qoparıb bir hissə qazandı, ancaq bütün Gürcüstanı birdəfəlik itirdi. Gürcüstan Rusiyanın orbitindən əbədi olaraq çıxdı, güclü imperiya zəncirlərini atdı və Avropaya inteqrasiya və NATO istiqamətində bir yola başladı. Rusiya Gürcüstanı və gürcüləri geridönməz şəkildə itirdi – baxmayaraq ki, onlar yaxşı qonşu olmaqdan vaz keçməyəcəklər, amma başları üzərində daim asılan yumruq altında “kiçik qardaşlar” olmayacaqlar!
İndi də Rusiya öz səhvlərini təkrarlayır, onları qonaq kimi torpaqlarına buraxan azərbaycanlıların etibarını itirmək üçün hər şeyi edir. Əslində Rusiya Qarabağda özünü çini qablar dükanına girən fil kimi aparır. Axı Azərbaycan, bir daha təkrar edirəm, 11-ci ordunun işğalına, 20 yanvara, Xocalı soyqırımına baxmayaraq, Rusiyanın dostu olmağa davam etdi. Azərbaycanda hələ də rus məktəblərinin birinci siniflərində yerlər uğrunda əsl döyüş gedir. Çünki valideynlər övladlarının böyük rus klassiklərini orijinal dildə oxumalarını istəyirlər ki, Puşkinin nağılları və şeirləri, Tolstoy və Turgenevin romanları üzərində böyüsünlər, yalnız Nizami, Füzuli, Ömər Xəyyamın deyil, həm də Anna Axmatovanın və Marina Tsvetayevanın, Yesenin və Mandelştamın şeirlərini də sevsinlər.
Axı xatırlayırıq ki, Rusiyanın həqiqi motivlərini başa düşməsinə baxmayaraq, azərbaycanlılar təmkinin və müdrikliyin ən yüksəkliyini göstərdilər, atəşkəs razılaşması imzalandıqdan sonra hər hansı bir demarşa yol vermədilər, əksinə bəziləri, hətta Bakı küçələrinə Rusiya bayraqları ilə çıxdılar. Bu gənclərin müharibənin bitməsinə, qələbəyə, düşmənin təslim olmasına sevindikləri aydındır, çünki indiki nəslin böyük bir hissəsi siyasətdən kənardır və Rusiyanın böyük güc və imperiya iştahı ilə müşayiət olunan tarixi ilə az tanışdır.
Ancaq sözün əsl mənasında, Qarabağa gəldiyi ilk günlərdən etibarən Rusiya azərbaycanlıların ona etibar etməməsi üçün hər şeyi etdi. “Rus sülhməramlıları” və Rusiya dövləti hər gün bu barədə düşünmək üçün daha çox səbəb verir. Budur sonunculardan biri. Yerli medianın verdiyi məlumata görə, Bakıda keçirilən növbəti məhkəmə prosesində Azərbaycan ərazisində terror, təxribat və digər cinayətlər törətmiş 14 erməni silahlı birləşməsinin üzvü üzərində məhkəmədə, ittiham olunan Mkrtıç Minosyan ifadəsində əslən Gümrüdən olduğunu, 2016-2018-ci illərdə Xocalıda xidmət etdiyini və keçən ilin noyabrında hərbi komissarlığa çağrıldığını deyib.
“Gecə yarısı bizi avtobuslarla Laçına aparırdılar. Rus sülhməramlıları bizi yoxlamadı, bizə yol açdılar. Avtobus dağın ətəyində dayandı. Biz dəstələrə bölündük, bundan sonra dağa qalxdıq. On gün növbə çəkdik və bu müddət ərzində bir dənə də olsun atışma baş vermədi. 13 dekabrda dağdan enmə əmri aldıq. Sonra bizi Azərbaycan əsgərləri tutdular. Silahlarımızı yerə qoyub təslim olduq”, – deyə Minosyan bildirib.
Bu da sizə açıq bir işarə – təkrar edək: “Rus sülhməramlıları bizi yoxlamadılar, bizə yol açdılar”. Hansısa şərhə ehtiyac varmı?
Daha bir işarə: “Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasındakı sərhəddə dayanacaq, daha sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan sərhəd qoşunları sərhəddə dayanacaq”, – deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Ermənistan İctimai Televiziyasına verdiyi bir müsahibəsində bildirib.
O, əminliklə vurğulayıb ki, rus sülhməramlıları 4,5 ildən sonra Qarabağı tərk etməyəcək: “Buna məni rusiyalı həmkarlarım əmin ediblər”.
Bundan əvvəl “Azadlıq” radiosunun erməni redaksiyası rəsmi İrəvan və Moskvanın Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi üçün danışıqlar apardığını və mayın 27-də Ermənistan hökumətinin iclasında Rusiya FSB-nin Ermənistanda yerləşən sərhəd idarəsinə pulsuz istifadə hüququ ilə, Zəngəzur bölgəsində ümumi sahəsi 3,5 hektar olan bir torpaq sahəsi ayrılmasına qərar verildiyini bildirmişdi.
Elə burada da heç bir şərhə eytiyac qalmır. Rusiya bizi məyus etmir, əksinə, fərziyyələrimizi təsdiqləmək üçün əlindən gələni edir. Ancaq deyəsən, bir gün Rusiya ilə bağlı digər proqnozlarımız da təsdiqini tapacaq. Və Rusiyanı imperiya iştahı məhv edəcək…
araz.az xəbər portalı.