mina

44 günlük Vətən müharibəsi bitdikdən sonra gündəm mövzularından ən birincisi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir.

İlk başlarda Ermənistan mina xəritələrinin onlarda olmadığını desə də, sonradan minalanmış ərazilərin xəritələrini verməyə məcbur qaldı. 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində burada saxlanılan 15 erməni sərhəddə Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi.

Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edildi.

“Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”, – deyə XİN-in məlumatda bildirilirdi.

Daha sonra iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verdi.

Maraqlıdır, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə mina basdırıbmı? Bu xəritələri hələ də qalırmı? Xəritələr minatəmizləmə əməliyyatlarında istifadə edilirmi?

Cebhe.info-ya açıqlamasında Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa bildirib ki, Azərbaycan da düşmənlə təmas xəttində minalama işləri həyata keçirib:

“Minalanma təfsilatı qeyd olunmuş xəritə formulyar adlanır. Formulyarın bir surəti onu icra etmiş hərbi hissədə xüsusi məxfilik sərtləri ilə saxlanılır. Digər surəti isə daha yuxarı, hərbi hissənin bilavasitə tabe olduğu hərbi struktura verilir. Azərbaycan tərəfi də düşmənlə təmas xəttində, piyada və hərbi texnikanın ehtimal olunan hücum istiqamətlərində minalama işləri həyata keçirmişdi”.

A.Paşanın sözlərinə görə, düşmən üzərinə hücum etdikdə keçid açanda Azərbaycan əlindəki mina xəritələrindən istifadə edib:

“Minalanmış sahələrin bu qismi formulyarlar öz əlimizdə olduğu üçün ərazi azad edildikdə tamamilə minasızlaşdırlır, yaxud düşmən üzərinə hücum etdikdə “keçid – koridor” açılır. Düşmən tərəfindən minalanmış ərazinin minasızlaşdırılması isə iki yolla baş verir:

1) Əldə edilmiş formulyara uygun olaraq , uyğun hərbi- texniki vasitələrin köməyi ilə.

2) Formulyar olmadıqda müxtəlif tipli minaaxtaran cihazlar və hərbi texnika vasitəsilə.

Minaların piyada əleyhinə müxtəlif növlü və hərbi texnika əleyhinə müxtəlif növlü olmaqla çoxsaylı modifikasiyaları var. Piyada əleyhinə minaların həssaslığı bir neçə kiloqramdan, tank və zirehli texnika əleyhinə minaların həssaslığı isə 200-250 kiloqramdan başlayır”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.